Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-174/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(112)-5934/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1998-ci il 12 may tarixli Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 430 saylı Sərəncama əsasən ayrılmış 600.0 km torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu torpaq sahəsi hazırda Neft Şirkətinə məxsus deyil və həmin ərazidə böyük yaşayış məntəqəsi salınmışdır. Həmin torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evləri üçün ayrılmış torpaq sahəsinə aiddir (Əsas: Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Memarlıq Baş İdarəsinin rəisi E.Qasımzadənin xx.xx.1996-cı il tarixli məktubu). Onun müraciəti əsasında SOCAR rəhbərliyi tərəfindən aldığı cavab məktubunda bildirilir: kənar fiziki və hüquqi şəxslərə aid torpaq sahələrinin SOCAR-ın daimi istifadəsində, eləcə də şirkətə məxsus sənaye obyektlərinin mühafizə zonasında yerləşməsindən asılıdır. Ona ayrılmış torpaq sahəsinin heç bir mühafizə zonasına aidiyyəti yoxdur. O zamankı AZNEFT Dövlət Konserni və AZNEFT X1 Neft-in rəhbərliyi tərəfindən xx.xx.1998-ci il tarixli məktubunda bildirilir: ayrılmış həmin torpaq sahəsində gələcəkdə neft quyularının qazılması planlaşdırılmır. Ona ayrılmış torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı bildirir ki, həmin ərazi rayon memarının çəkdiyi cizgidən 25 metr uzaqda yerləşir. Həmin torpaq sahəsi yerləşən ərazidə yeni qəsəbə - Xocasən İcra Nümayəndəliyi, bələdiyyəsi, polis bölməsi, məktəblər və poliklinikalar tikilərək əhalinin istifadəsinə verilmişdir. Həmin ərazidə Neft Şirkətinin fəaliyyətdə olan sənaye obyekti və mühafizə zonası yerləşmir. Ayrılmış torpaq sahəsi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş ərazidir və həmin yerdə ev tikmiş, ailəsi ilə pasport qeydiyyatına alınmaqla orada yaşayır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, göstərilən sahənin 128 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m göstərilsə də, faktiki olaraq isə 623 kv.m təşkil edir.
4. Etirazın dəlilləri imtina məktubu ilə eyni məzmunludur.
5. Üçüncü şəxs ARDNŞ iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində koordinatlarda olan 600 kv.m torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 162071 saylı ləğv olunmuş neft-qaz quyusunun 34 metrlik, 162106 saylı ləğv olunmuş neft-qaz quyusunun 58 metrlik, 162210 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 60 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin daş hasarının 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-57 mm-lik yerüstü aşağı təzyiqli qaz kəməri keçir.
7. Bakı İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(112)-5934/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi yerləşən ərazidə yeni qəsəbə - Xocasən İcra Nümayəndəliyi, Bələdiyyəsi, Polis bölməsi, Məktəblər və Poliklinikalar tikilərək əhalinin istifadəsinə verilmişdir. Həmin ərazidə Neft Şirkətinin fəaliyyətdə olan Sənaye obyekti və mühafizə zonası yerləşmir. Ayrılmış torpaq sahəsi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş ərazidir və həmin yerdə iddiaçı ev tikmiş, ailəsi ilə pasport qeydiyyatına alınmaqla orada yaşayır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 430 №-li, 12 may 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/143 saylı, 22.02.96-cı il tarixli məktubunun icrasını nəzərə alaraq “Yeni Azərbaycan” qəzetinin xüsusi müxbiri İddiaçı fərdi yaşayış evi tikintisi məqsədi ilə rayonun Sulu-Təpə yaşayış massivində 600.0 kv.m torpaq sahəsi ayrılmışdır.
13. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
14. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasəgöstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülərində və konfiqurasiyasında fərq mövcuddur.
15. ARDNŞ tərəfindən məhkəməyə təqdim edilmiş 23 fevral 2024–cü il tarixli məktubda qeyd edilmişdir ki, UTM WGS 84 koordinat sistemində koordinatlarda olan 600 kv.m torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 162071 saylı ləğv olunmuş neft-qaz quyusunun 34 metrlik, 162106 saylı ləğv olunmuş neft-qaz quyusunun 58 metrlik, 162210 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 60 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin daş hasarının 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-57 mm-lik yerüstü aşağı təzyiqli qaz kəməri keçir. Həmin məktuba ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL ƏŞ”-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsi, həmçinin torpaq sahəsinin və ətrafındakı neft quyularının ortofoto görüntüsü əlavə edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10 avqust 2024-cü il tarixli, 3-21-3- 30/2-32906/2024-**********06 saylı məktubu ilə təqdim edilmiş müayinə aktından görünür ki, faktiki olaraq göstərilən torpaq sahəsi, bir tərəfdən mişar daş hasarla, iki tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə, bir tərəfdən isə taxta çəpərlə sərhədlənib. Faktiki olaraq göstərilən torpaq sahəsi üzərində bir ədəd 1 mərtəbəli/kürsülü yaşayış evi, su hovuzu (basenası) və kombi otağı mövcuddur. Torpaq sahəsinin bir tərəfindən 2.0m-8.0m məsafədən 6-10KV-lıq YGE hava xətti keçir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə olunmuşdur.
17. Apellyasiya baxışı zamanı 09 iyul 2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2024-cü il tarixli 10/5755 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 623.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahənin bir tərəfindən 2.0-8.0 metr məsafədən yüksək gərginlikli (6-10 kVt-lıq) elektrik hava xətti keçir. Faktiki olaraq göstərilən 623.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahə yaxınlığında ləğv edilmiş neft quyusu məlumatı var. Göstərilən 623.0 kv.m sahəsinin 128.0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir.
18. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 28 fevral 2025-ci il tarixli, 3-21-3-30/2- 8035/2025 saylı məktubu ilə iddiaçıya Sulu-Təpə yaşayış massivindən ayrılmış 600.0 kv.m olan torpaq sahəsinin ətraf ərazilərinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və çıxarışların verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 10.1, 10.2 və 11.1-ci maddələrinə əsasən müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmçinin hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
22. Göründüyü kimi kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
23. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 430 №-li, 12 may 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/143 saylı, xx.xx.1996-cı il tarixli məktubunun icrasını nəzərə alaraq “Yeni Azərbaycan” qəzetinin xüsusi müxbiri İddiaçı fərdi yaşayış evi tikintisi məqsədi ilə rayonun Sulu-Təpə yaşayış massivində 600.0 kv.m torpaq sahəsi ayrılmışdır.
24. Beləliklə, adıçəkilən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 430 №-li, 12 may 1998-ci il tarixli sərəncamı Bakı şəhəri, Sulu-Təpə yaşayış massivində 600.0 kv.m sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
25. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. ...
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə 58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vardır. Odur ki, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
30. Cavabdeh inzibati orqanın imtina dəlillərini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan 600 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması barədə inzibati akt, yəni Binəqədi rayon İHB-nın sərəncamı hazırkı vaxtadək mübahisələndirilməməklə qüvvədədir, mötəbərliyi (qanuna uyğunluğu) ilə bağlı mübahisə yoxdur. Mübahisə predmeti olan torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin iddiaçıya ayrılması qanunvericiliklə müəyyən edilmiş qaydada öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılan zaman həmin torpaq sahələri üzərində sərəncam vermək hüququ icra hakimiyyəti orqanına məxsus olmuş, başqa sözlə, icra hakimiyyəti həmin torpaq sahəsinin vətəndaşlara ayrılması barədə sərəncam vermək üçün səlahiyyətli olmaqla, iddiaçının hazırda tələbinin əsası kimi istinad etdiyi sərəncamı vermişdir (istinad olunmuşdur AR Ali Məhkəməsinin İK-nın iş № 2-1(102)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarına). Bundan əlavə, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına (2000, 2005-ci illərdə verilmiş) əsasən ayrılmış və həmin torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. 31.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
32. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsi mövcud vəziyyətdə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir, həmçinin yaxınlıqda yerləşən neft quyusu ləğv olunmuş vəziyyətdədir. O da qeyd olunmalıdır ki, “Binəqədineft” NQÇİ-nin Binəqədi RİH-nə ünvanladığı xx.xx.1998-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsinin İddiaçı ayrılmasına etiraz etmədiyi və göstərilən ərazidə gələcəkdə quyuların qazılmasının planlaşdırılmaması bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, quyunun ləğvi - qazmanın və ya istismarın geoloji və ya texniki səbəbdən davam etdirilməsi üçün quyunun istifadəsinin qeyri-mümkünlüyü nəticəsində hesabdan silinməsi kimi başa düşülür.
34. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdehin dəlilləri ilə baglı məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 36.Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(112)-5934/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(112)-5934/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 430 saylı xx.xx.1998-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov