Məhkəmə qərarları › İş №2-1(103)-1740/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1740/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1740/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıt Birliyinin Cavabdeh Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 17 saylı xx.xx.2005-ci il tarixli qərarının etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçıt Birliyinin cavabdeh Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 17 saylı xx.xx.2005-ci il tarixli qərarının etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3210/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçıt Birliyi tərəfindən verilmiş şikayətə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı SOCAR-ın İddiaçıt Birliyi cavabdeh Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “müəyyənetmə və tanınma haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 17 saylı xx.xx.2005-ci il tarixli qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi - Bakı şəhəri, Sabunçu rayonu, Buzovna Maştağa magistral yolunun sol tərəfi, H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39T0417560; ******* koordinatlarda) yerləşən mədən ərazisinin bir hissəsində Maştağa Bələdiyyəsinin 17 saylı xx.xx.2005-ci il tarixli qərarı əsasında X10 verilmişdir. İlqar Əliyev xx.xx.2020-ci il tarixli etibarnamə ilə sözügedən torpaq sahəsini X5 vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik plandan göründüyü kimi, ərazi SOCAR-ın balansındadır və mübahisəli torpaq sahəsi ayrılarkən Sabunçu rayon, Maştağa Bələdiyyəsi tərəfindən qanun pozuntusuna yol verilmişdir. Belə ki, ayrılan torpaq sahəsi SOCAR-ın “Azneft" İstehsalat Birliyinin (İB) H.Z.Tağıyev adına NQÇİ-nin neft-qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. Sabunçu rayon, Maştağa Bələdiyyəsi özünə məxsus olmayan sənaye təyinatlı torpaq sahəsinə dair qanunsuz sərəncam vermişdir. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində SOCAR-ın “Azneft" İB-nin H.Z.Tağıyev adına NQÇİ-si istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft" İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən, Maştağa Bələdiyyəsinin sözügedən sərəncamı Qanunun tələbinə görə qüvvədən düşmüş və heç bir hüquqi qüvvəyə malik deyildir, etibarsızdır. Lakin vətəndaş həmin bu hüquqi qüvvəsini itirmiş qərara əsaslanaraq torpaq sahəsindən istifadə etməklə “Azneft" İB-nin neft-qaz əməliyyatları aparmasına ciddi maneçilik törətdiklərindən və hüquqlarını kobud şəkildə pozduqlarından, hüquqi qüvvəsini itirdiyi üçün sərəncamın etibarsızlığı məhkəmə qaydasında tanınmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3210/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçıt Birliyi tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qərardada əsasən “xx xxxxxxxx 2004-cü il tarixdə "Azərbaycan Respublikasında Bınəqədı, Qırmakı, Çaxnaqlar, Sulutəpə. Masazır, Fətmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və xxxxx-nın Ortaq Şirkəti arasında Saziş imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusu almışdır. Məhkəmə mübahisə edilən Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 17 saylı 04 04.2005-cı il tarixli qərarının artıq qüvvədən düşmüş və bununla da sözügedən qərar qüvvədən düşdüyündən inzibatı mübahisənin də mövcud olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə iddianın mümkün sayılmaması üçün düzgün əsas götürməmiş, çünki mubahisələndirilən torpaq sahəsinin sözügedən Qanunda qeyd olunan əraziyə aidiyyəti yoxdur. Həmin qərar ilə Sabunçu rayonu Maştağa Bələdiyyəsi ona aid olmayan bir hüquq üzərində, yəni neft və qaz əməliyyatları aparılması üçün SOCAR-ın daimi istifadəsinə verilmiş dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpağa aid mülkiyyət və istifadə hüququ üzərində sərəncam vermişdir. Belə bir səlahiyyət heç bır dövrdə bələdiyyələrə verilməmişdir. Sözügedən qərarla Sabunçu rayonu Maştağa Bələdiyyəsi həm dövlət mülkiyyətində olan torpağı səlahiyyəti olmadığı halda özgənin istifadəsinə vermiş, həm də ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətində olan bir məsələ barəsində qərar vermiş, sənaye təyinatlı torpağı yaşayış evi tikintisi uçün ayırmışdır. Sabunçu rayonu Maştağa Bələdiyyəsi mubahisələndirilən qərarla tamamilə öz səlahiyyət dairəsi xaricinə çıxmış, ona aid olmayan bır huquq üzərində sərəncam vermişdir. Həmin sərəncam yararsızdır (əhəmiyyətsizdir) və huquqi müstəvidə “yox" mahiyyətindədir. Belə olan halda İnzibatı Məhkəmə bunları nəzərə alaraq mübahisələndirilən qərarı etibarsız olduğuna görə ləğv etməli və ya etibarsız elan etməli olduğu halda, iddianın mümkünsüzlüyü haqqında qərardad qəbul etmişdir. Tərəflərin izahatları Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs X6 iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icratının iştirakçıları hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi ona istinad etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Buzovna Maştağa magistral yolunun sol tərəfi, H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində yerləşən mədən ərazisinin bir hissəsi Maştağa Bələdiyyəsinin 17 saylı xx.xx.2005-ci il tarixli qərarı əsasında X10 verilmiş, o isə müvafiq etibarnamə əsasında həmin torpaq sahəsini X5 vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik plana əsasən həmin ərazi SOCAR-ın balansındadır və mübahisəli torpaq sahəsi ayrılarkən Sabunçu rayon Maştağa bələdiyyəsi tərəfindən qanun pozuntusuna yol verilmişdir. Belə ki, ayrılan torpaq sahəsi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin neft-qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasını qeyri-mümkün sayaraq bu barədə qərardadını onunla əsaslandırmışdı ki, xx xxxxxxxx 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxxx"), X15 Bi.Vi. və xxxxx-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Odur ki, məhkəmə hazırki iddia ilə mübahisə edilən Sabunçu rayon Maştağa bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli 17 nömrəli qərarının da bu qaydada artıq qüvvədən düşdüyünə istinad edərək inzibati mübahisənin mövcud olmadığı əsası ilə iddianı qeyri-mümkün saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının hazırki iş üzrə mübahisələndirdiyi torpaq sahəsinin yuxarıda adı çəkilən xx xxxxxxxx 2004-cü il tarixdə imzalanmış və Qanun statusunu almış Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması üçün Sazişin pay iştirakçılarına təhkim olunmuş torpaq sahələrinə heç bir aidiyyatı yoxdur. Yəni, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Sabunçu rayon ərazisində yerləşdiyi halda, sözügedən Sazişlə verilən torpaq sahələri isə Binəqədi rayonunun inzibati ərazisinə aiddir. İddiaçı mübahisələndirdiyi torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olduğunu və həmin torpaq sahəsi üzərində Sabunçu rayon Maştağa bələdiyyəsinin torpaq sahəsi ayırmaq səlahiyyətinin olmadığını bildirir və buna görə də həmin bələdiyyənin qeyd olunan ərazidən torpaq sahəsinin ayrılması ilə bağlı qəbul etdiyi qərarın etibarsızlığının tanınmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Hazırki işdə birinci instansiya məhkəməsi iddianı qeyri-mümkün sayarkən Maştağa Bələdiyyəsinin 17 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin iddiaçının qeyd etdiyi kimi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın balansında olubolmadığı məsələsini araşdırmaq əvəzinə, səhvən həmin torpaq sahəsinin yuxarıda adı çəkilən Sazişlə Binəqədi rayonunun inzibati ərazi vahidinə aid olan Sazişin pay iştirakçılarına təhkim olunmuş torpaqlara aid olduğu qənaətinə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırki iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən, Azərbaycan Respublikası İPMnin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıt Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3210/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar