Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1740/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X8 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (üçüncü şəxs: AR Təhsil Nazirliyi) qarşı diplomun tanınması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1660/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1660/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (üçüncü şəxs: AR Təhsil Nazirliyi) qarşı diplomun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o 2014-cü il tarixdə Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin “Turizm” fakültəsinə daxil olaraq, 2019-cu il tarixdə təhsilini başa vurmuşdur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün 07.11.2019-cu il tarixdə sənədləri elektron variantda təqdim etmiş, müsabiqədən keçmişdir. Diplomunun tanınmasından imtina barədə məktubu 08.09.2020-ci il tarixdə elektron variantda əldə edib. İmtinanın əsası kimi tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin mümkün olmadığı, həmçinin müsahibə zamanı ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli Qanunu ilə "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 1, 5, 6-cı bəndlərinə, AR Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydalarının 1, 3-cü bəndlərinə əsasən Bakı İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(103)-1660/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahis edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən 30.06.2019-cu ildə verilmiş B19 № 139321 saylı nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin tam kursunu bitirmiş və turizm ixtisası üzrə bakalvr dərəcəsinə layiq görülmüşdür. Sözügedən bakalavr diplomu rektor Ponomarenko V.S və Ukrayna Təhsil və Elm Nazirliyinin Departament direktoru Kotova O.Q tərəfindən apostil ilə 24.07.2019-cu il tarixdə təsdiq olunmuşdur. B19 No-139321 saylı diploma əlavədən görünür ki, İddiaçı turizm ixtisası üzrə şəxsi xidmətlər sahəsində bakalavr dərəcəsini ukrayna dilində və əyani oxuyaraq təhsilini almışdır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sisteminə 07.11.2019-cu il tarixdə edilmiş müraciətin surətindən görünür ki, iddiaçıya cavab verilərək bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 adına Xarkov Milli İqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olması, eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6350/2020 saylı, 28.10.2020 tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(112)-1660/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı üçüncü şəxs: AR Təhsil Naziriyi olmaqla, Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş 30 iyun 2019-cu il tarixli B19 seriyalı 139321 nömrəli diplom üzrə ali təhsil sahəsində iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, “İş materiallarına əlavə edilmiş cavabdeh Nazirliyin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aİdığı müddət ərzində ölkə sərhəddini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Ukraynada) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Belə ki, həmin ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xarkov Milli İqtisadiyyat Universitetinin Turizm fakültəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş Ukrayna Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin bazasında 2014-2019-cu illər haqqındakı qeydlərə - Sərhədkeçmə Məlumatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, 1-ci kurs tələbəsi olarkən -15 gün; 2-ci kursda-5 gün; 3-cü kursda-12 gün; 4-cü kursda 10 gün; 5-ci kursda 24 gün Ukrayna ölkəsində olmuşdur. Göründüyü kimi, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır, bundan əlavə Ukrayna Respublikasında aldığı təhsil Azərbaycan Respublikasının təhsilə olan dövlət standartlarının qeyd olunan tələblərinə uyğun gəlmir əhəmiyyətli dərəcədə ondan fərqlənir. Vətəndaşın ixtisas üzrə aldığı təhsilin mənimsənilməsinin ən mühüm şərtlərindən biri dil bazasının kifayət qədər zəngin olmasıdır. İş üzrə araşdırma zamanı cavabdeh tərəfindən təqdim edilmiş müsahibənin disk materiallarından aydın görünür ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi»nin 2.2.2-ci, bəndinə görə Agentlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə qanunvericilik sisteminin tərkib hissəsi kimi tanınan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsində qeyd edilir ki, ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır.” d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır.” Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Göstərilir ki, “bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarınm tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.” Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Həmin Konvensiyanın 7-ci maddəsinə görə, ali təhsil müəssisəsinə qəbul edilmə müraciətçinin təhsil müəssisəsində tədris olunan dil və yaxud dillərin kifayət qədər bilik nümayiş etdirilməsindən asılı ola bilər. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmçinin, iddiaçının apelyasiya şikayətini əsaslandırdığı 18.07.2000-ci il tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5-ci maddəsində də göstərilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Yuxarıda sadalanan normaların göstərişlərindən bu nəticəyə gəlinir ki, iddiaçıya Ukrayna ali təhsil müəssisəsi tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomun tanınması üçün onun aldığı təhsil hər bir halda Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respublikasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları aşağıdakı kimidir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6.3cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə, eləcə də, 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin “Nümunəvi Nizamnaməsi”nin” 1.28-ci bəndinə müvafiq olaraq bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 ildir, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Hazırki iş üzrə qanunvericiliyin tələblərinə əsasən iddiaçının təqdiq edilməsini tələb etdiyi diplom üzrə aldığı təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirməsi üçün səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmış, ekspert qrupu təşkil edilərək, iddiaçının tanınmasını tələb etdiyi diplom üzrə ixtisasa uyğun aldığı təhsilin Azərbaycan Respublikasının təhsil standartlarına uyğunluğu yoxlanılmışdır. Yuxarıda sadalanan AR NK qərarlarından da göründüyü kimi, Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi formada bakalavriat təhsili üçün ümumi normativ müddət ən azı 5 il ( hər tədris ili üçün 32 həftə müəyyənləşdirilməklə ) müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ukrayna Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin bazasında 2014-2019-cu illər haqqındakı qeydlərə -Sərhədkeçmə Məlumatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, 1-ci kurs tələbəsi olarkən -15 gün; 2-ci kursda-5 gün; 3-cü kursda-12 gün; 4-cü kursda 10 gün; 5-ci kursda 24 gün Ukrayna ölkəsində olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı aldığı bakalavr təhsilinin mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən olunduğundan, həmçinin onun diploma əlavədə qeyd edilən 4 il 10 ay tədris müddətinə baxmayaraq, cəmi 56 gün Ukrayna ölkəsində olması faktı sübuta yetirildiyindən bütün tədris proqramına cəlb edilmiş olması, diploma əlavədə qeyd olunmuş fənləri mənimsəməsi, təcrübə keçməsi, yekun dövlət imtahanından keçməsi və ya diplom işi yazaraq müdafiə etməsinin mümkünlüyü qeyrirealdır. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı oduğundan və apelyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təsdiq edilmədiyindən iddiaçının apelyasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1160/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1740/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1740/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver