Məhkəmə qərarları › İş №2-1(103)-1740/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1740/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1740/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “artıq silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cari hesablarından artıq silinmiş xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının cari bank hesabından silinmişdir. Qeyd edilən silinmələrin qanunsuz olması ilə bağlı iddiaçı tərəfindən cavabdehə məktub göndərilmişdir. Cavabdeh orqan cavab məktubunda bildirmişdir ki, silinən məbləğlər xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məktub göndərilmiş və cavab alınmışdır. Cavabda qeyd edilmişdir ki, Şirkət tərəfindən xx.xx.2007-ci il tarixində 50660,60 manat və xx.xx.2007-ci il tarixində 49919,60 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fodnunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İddiaçı tərəfindən şirkətin yarandığı tarixdən bütün dövrdə, o cümlədən 2007-ci ildə bütün məcburi dövlət sosial sığorta haqları vaxtlı-vaxtında ödənilmişdir. Bu günə qədər Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya heç bir maliyyə sanksiyası tətbiq edilməmişdir və heç bir zaman vəsaitlərin silinməsi haqqında sərəncam qoyulmamışdır. Bu da onu göstərir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ilə bağlı heç bir borcu olmamışdır. Bütün məcburi dövlət sosial sığorta ödənişləri iddiaçı tərəfindən bəyan olunduğu kimi vaxtlı-vaxtında ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun cavabdehə cavab məktubunda qeyd olunduğu kimi iddiaçının məcburi dövlət sosial sığorta haqları borcu olsa idi, onda sual yaranır, niyə 11 il ərzində Dövlət Sosial Müdafiə Fondu sərəncam tətbiq etməklə qeyd edilən borcları şirkətin hesabından silməmişdir? Heç vaxt hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçının borca görə tutulma ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə müraciət olmamışdır. Bu da onu göstərir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənişləri vaxtlı-vaxtında ödənilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə şəxsi hesab vərəqədə 603347,73 manat borcu olmuşdur. Yaranmış borcun alınması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bank hesablarına sərəncamlar göndərilmiş və ümumilikdə 137.119,39 manat borc məbləği silinmişdir. İddiaçı xx.xx.2019cu il tarixdə vergi orqanına müraciət etmiş, məcburi dövlət sosial sığorta haqları (MDSS) üzrə dövlət büdcəsinə borcu olmadığını bildirmişdir. Məktubda qeyd olunan qalıq xx.xx.2019-cu il tarixədək olan dövrə aid olduğu üçün, yaranmış halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktuba əsasən iddiaçı tərəfindən 2007-ci il üzrə 100.580,76 manat məbləğin X5 idarəsinin xəzinə hesabına ödənilməsi müəyyən edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı iddiaçıya xx.xx.2008-ci il və xx.xx.2019-cu il tarixli məktublar göndərildiyi bildirilmiş, həmçinin MDSS üzrə hər bir dövr üzrə hesablamalar və ödəmələri əks etdirən məlumat cədvəli təqdim edilmişdir. İddiaçı şəxsi hesab vərəqəsindən 137.119,39 manat məbləğin silinməsinin əsassız olduğunu iddia etsə də, bununla bağlı heç bir dəlilə əsaslanmamışdır. Əsassız olduğu iddia edilən məbləğin ödənilməsi və dövlət büdcəsinə daxil olması ilə bağlı heç bir mötəbər dəlil təqdim edilməmişdir. İddiaçının həm iddia ərizəsində, həm də vergi orqanına etdiyi əvvəlki müraciətindən aydın görünür ki, 2007-ci il üzrə MDSS üzrə heç bir borcunun olmaması barədə iddiası özlüyündə ziddiyyətlidir. Belə ki, iddiaçı borcun 2007-ci ildən bəri mövcud olması barədə tam məlumatlı olmasına baxmayaraq, həmin müddət ərzində borcun səbəblərini araşdırılması ilə bağlı heç bir tədbir görməmiş, mübahisələndirməmişdir. Həmin borcun üzərindən uzun müddət keçdiyindən silinməli olması barədə səhv qənaətə gəlmişdir. Borcla bağlı dövlət orqanı tərəfindən məcburedici hərəkətlərin edilməməsini borcun olmaması hesab etmişdir. Məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənildiyini qeyd etsə də, müvafiq səlahiyyətli orqanın təqdim etdiyi sənədlərdə bu ödənişlər öz əksini tapmamışdır. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi məlumatlarda 2007-ci il üzrə ümumilikdə 100.580,76 manat borcunun olduğu müəyyən edilir. İddiaçı isə 2007-ci il üzrə 137.119,39 manat məbləğin əsassız silindiyini mübahisələndirir. İddiaçı iddia ərizəsində məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcunun olmadığını və buna görə sərəncam əsasında məbləğlərin tutulmasının əsassız olduğunu qeyd edir. İddiaçı vergi orqanı tərəfindən bank hesabına qoyulmuş sərəncamlar əsasında silinən vəsaitlərin əsassız olmasını və artıq silinməsini təsdiq edən heç bir dəlilə əsaslanmır. İddiaçı 2007-ci ildə bütün MDSS vaxtında ödədiyini iddia etsə də, təsdiqedici sənədlər əlavə edilməmişdir. Həmçinin, məbləğlərin dövlət xəzinə hesabına daxil olması halı sübuta yetirilmir. İddiaçı borcun mövcudluğu barədə hər rüb üzrə hesabat təqdim etdikdə hesabatın “Dövrün əvvəlinə borc məbləği” qrafasında borc məbləğinin silinmədiyini və qalmaqda davam etdiyini görsə də, 2007-ci ildən bəri bu barədə heç bir qanunamüvafiq tədbir görməmiş, borcun silinməməsi səbəblərini araşdırmamış və mübahisələndirməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cari hesablarından artıq silinmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayətləri verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdilər. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddianın məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, iddia məbləğinin 137.119,39 manat olmasına baxmayaraq, məhkəmə yalnız 50660,60 manat və 49919,6 manat olmaqla ümumilikdə 100.580,2 manat məbləğin ödənilməsi halını araşdırmaqla kifayətlənmiş, yerdə qalan 36539,19 manatın borca hesablanmış faiz məbləği olubolmamasına və qeyd olunan məbləğin ümumilikdə haradan yaranması və nə səbəbdən qaytarılmalı olmasına münasibət bildirməmişdir. Məhkəmə mübahisəsi üzrə artıq silindiyi və şəxsi hesab vərəqəsində bərpa edilməsi tələb olunan məbləğlər 2007-ci ilə aid məcburi dövlət sosial sığorta haqları üzrə məbləğlərdir. Həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra DSMF) iddiaçının borcunun olduğunu təsdiq etmiş, borcun yaranması, məbləği və tarixi ilə bağlı əlavə sənədlər təqdim etmişdir. Həmçinin, DSMF iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş və nümayəndəsinin şifahi çıxışı ilə də borc barədə cavabdeh vergi orqanı tərəfindən istinad edilən halları bir daha təsdiqləmişdir. Lakin, iddia məbləğinin 137.119,39 manat məbləğin şəxsi hesab vərəqəsində bərpa edilməsi tələbini müəyyən etməsinə baxmayaraq, həm qərarda, həm şifahi məhkəmə araşdırmasında yalnız 100.580,2 manat (50660,60 manat +49919,6 manat) hissədə araşdırma aparmış 36539,19 manat hissədə heç bir araşdırma aparmamış və hüquqi qiymət verməmişdir. 36539,19 manat haradan yaranması müəyyən edilməmişdir. Bu hissədə cavabdeh tərəfindən təqdim olunan dəlillərə ümumiyyətlə münasibət bildirilməmişdir. Belə ki, DSMFdən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2019-cu il tarixə faiz borcu müəyyən edilməmişdir. Faiz borcunun müəyyən edilmədiyi halda 36539,19 manat məbləğin faiz borcu adı altında geri qaytarılmasının tələb edilməsi tamamilə qanunaziddir. Digər tərəfdən, məhkəmə vergi orqanının hərəkətlərində heç bir qanunauyğunsuzluq müəyyən etmədiyi halda işə birtərəfli qiymət verərək ziddiyyətli qərar qəbul etmiş və məsuliyyəti əsassız olaraq vergi orqanının üzərinə qoymuşdur. İş üzrə vəsaitlərin büdcədən yayındırılmasında və məbləğlərin borc olaraq mövcud olmasında vergi orqanının məsuliyyəti müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ödənildiyi iddia edilən məbləğlərin DSMF-nin xəzinə hesab kitablarına işlənilmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halı Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli MİHO1.1.2- 22021-496 nömrəli məktubla təsdiq edilmiş və beləliklə cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab olunmasının heç bir əsası müəyyən edilməmişdir. Göründüyü kimi, pul məbləğlərinin dövlət büdcəsinə daxil olmamasında cavabdeh vergi orqanının heç bir hərəkət və hərəkətsizliyinin olmadığını müəyyən edən məhkəmə ziddiyyətli halda silinmiş məbləğlərin bərpa edilməsi öhdəliyini məhz vergi orqanı üçün öhdəlik müəyyən etmişdir. İş üzrə iddia tələbi və cavabdeh düzgün müəyyən edilməmişdir. Belə ki, iddia tələbi vergi orqanına qarşı qoyulmaqla vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsindən vəsaitlərin silinməsi mübahisələndirilir. Halbuki, işin mübahisəsiz halıdır ki, iddiaçı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən borc mövcud olmuşdur. İşin mübahisəsiz halıdır ki, vergi orqanı mövcud borc üzrə qanunla müəyyən edilmiş hüquqlarını icra etmişdir. İş üzrə təsdiq olunmuş haldır ki, məbləğlərin şəxsi hesab vərəqəsində borc olaraq əks olunması vergi orqanı ilə əlaqəli olmayan haldır. İş üzrə təsdiq olunmuş haldır ki, vəsaitlərin büdəcəyə daxil olmaması Maliyyə Nazirliyi ilə əlaqəli olmuşdur. İddia tələbi dövlət büdcəsinə daxil olmuş vəsaitləri ilə bağlı vergi orqanının öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı deyildir. Ödənilməmiş və dövlət xəzinəsinə daxil olunan ana qədərki mərhələdə mənimsənildiyi iddia olunan məbləğlərin muzdlu işçilərin sosial sığorta haqqı kimi qəbul edilməsi qanunda nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunan hallar iddia tələbinin düzgün müəyyən edilmədiyini göstərir. İddiaçı vəsaitlərin dövlət büdcəsinə daxil olmamasında müvafiq şəxslərə qarşı mülki iddiaçı qismində tanınmaqla deyil, vergi orqanını cavabdeh qismində seçməkdə haqlı olmamış, məhkəmə isə düzgün hüquqi tənzimləmə aparmamışdır. Məhkəmə vergi orqanı tərəfindən bank hesabına qoyulmuş sərəncamlar əsasında silinən vəsaitlərin əsassız olmasını və artıq silinməsini təsdiq edən heç bir dəlilə əsaslanmır. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə şəxsi hesab vərəqədə” 603347,73 manat borcu olmuşdur. İddiaçı "xxxx" Şirkətinin Filialı xx.xx.2019-cu il tarixdə vergi orqanına müraciət etmiş, məcburi dövlət sosial sığorta haqları (MDSS) üzrə dövlət büdcəsinə borcu olmadığını bildirmişdir. Məktubda qeyd olunan qalıq xx.xx.2019-cu il tarixədək olan dövrə aid olduğu üçün, yaranmış halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktuba əsasən "xxxx" Şirkətinin Filialı tərəfindən 2007-ci il üzrə 100.580,76 manat məbləğin Bakı şəhəri üzrə X5 idarəsinin xəzinə hesabına ödənilməsi müəyyən edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı iddiaçıya xx.xx.2008-ci il və xx.xx.2019-cu il tarixli məktublar göndərildiyi bildirilmiş, həmçinin, MDSS üzrə hər bir dövr üzrə hesablamalar və ödəmələri əks etdirən məlumat cədvəli təqdim edilmişdir. Məhkəmə qərarına əsasən iddianın əsaslı hesab edilməsi onunla bağlıdır ki, iddiaçı tərəfindən vəsaitlər ödənilmişdir və vəsaitlərin xəzinə hesabına işlənilməməsi üçün heç bir cavabdehlik daşımır. Göründüyü kimi, məhkəmə işə yalnız birtərəfli yanaşaraq vəsaitlərin büdcəyə daxil olmamasında iddiaçının cavabdehlik daşımamasını müəyyən etməklə yanaşı, məbləğlərin büdcədən yayındırılmasında vergi orqanının hərəkət və hərəkətsizliyinin olmamasını da müəyyən edir. Belə ki, vəsaitlər Maliyyə Nazirliyində yayındırıldığı halda, büdcəyə daxil olmamış vəsaitlərlə bağlı qanunla müəyyən edilmiş səlahiyyətlərini icra edən vergi orqanını cavabdeh kimi müəyyən edir. Həmçinin, borc məbləği 2007-ci ilə aid olmaqla iddiaçı hesablanmış borc məbləğinin ləğv edilməsi məsələsini uzun müddət ərzində qaldırmamış, həmin müddət ərzində rəsmi sənədlərdə borc olaraq qalmış məbləğ barədə inzibati orqan qanunla nəzərdə tutulmuş hüququnu həyata keçirdikdə, borcun ləğv edilməsi deyil, mövcud borc üzrə tutulmuş vəsaitlərin artıq silinmiş vəsait kimi qaytarılması məsələsini qaldırmışdır. Göründüyü kimi, rəsmi sənədlərdə mövcud və mübahisələndirilməmiş borc olaraq qalmış məbləğlər barədə inzibati orqanın qanunla nəzərdə tutulmuş hüququnun icrasının qanunsuz sayılması həm inzibati, həm də vergi qanunvericiliyinin pozulması deməkdir. Cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş hüquqlarının icra edilməməsi üçün heç bir əsas mövcud olmamışdır. Qeyd olunan ziddiyyətli məqamlar iddia predmetinin düzgün müəyyən edilmədiyi, inzibati orqanın hansı hərəkət və hərəkətsizliyinin əsassız olmasının əsaslanıdırıla bilməməsi ilə əlaqədardır. Borc məbləğinin şəxsi hesab vərəqəsində qaldığı və borc məbləğinin silinmədiyi həm dövlət orqanları tərəfindən təqdim olunan sənədlərlə təsdiqlənməklə yanaşı iddiaçının özünün də bildiyi, məlumatlı olduğu və məhkəmə işində bildiyini etiraf etməsi işin faktiki hallarıdır. Silinməyən borc üzrə bank hesablarından tutulmanın həyata keçirilməsi heç bir halda mövcud borc üzrə tutulmuş vəsaitlərin geri qaytarılması tələbinə əsas vermir. Məhkəmə mübahisəsi üzrə artıq silindiyi və geri qaytarılması tələb olunan məbləğ 2007-ci ilə aid məcburi dövlət sosial sığorta haqları üzrə məbləğlərdir. Həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iddiaçının borcunun olduğunu bir daha təsdiq etmiş, borcun yaranması, məbləği və tarixi ilə bağlı əlavə sənədlər təqdim etmişdir. Həmçinin, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş və nümayəndəsinin şifahi çıxışı ilə də borc barədə cavabdeh vergi orqanı tərəfindən istinad edilən halları bir daha təsdiqləmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təqdim edilmiş ödəniş tapşırığı üzrə sənədlərin ödənişin aparıldığı bank tərəfindən təsdiqlənməsi mümkün olmamışdır. Belə ki, "xxxx" ASC tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba əsasən 5 ildən artıq müddət keçdiyi üçün sənədlər arxivə təhvil verilərək məhv edildiyindən müvafiq məlumatlar məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məcburi dövlət sosial sığorta ödənişlərinin mahiyyəti həmin vəsaitlərin mütləq şəkildə təyinatı üzrə büdcəyə daxil olmasını tələb edir. Qeyd olunan vəsaitlər işçilərin gələcək sosial təminatı ilə bağlıdır. Dövlət büdcəsinə daxil olmamış həmin vəsaitlər üzrə müvafiq işçilərin gələcək sosial təminatı sual altındadır. Belə ki, dövlət büdcəsinə təyinatı üzrə daxil olmayan, bu sahədə büdcəyə nəzarəti həyata keçirən dövlət orqanı həm DSMF, həm vergi orqanı vəsaitlərin daxil olmadığı barədə şifahi və yazılı əsaslarla sübut etdiyi halda borcun ödənilmiş kimi qəbul edilməsi yolverilməzdir. Bir daha qeyd olunur ki, ayrı-ayrı şəxslər tərəfindən mənimsənildiyi iddia edilən məbləğlər barədə nə cinayət işinin olması, nə də ki, mülki iddiaçı qismində tanınma barədə heç bir dəlil təqdim edilməmişdir. Bütün bunlar 10 ildən çox müddət ərzində borcun 2007-ci ildən bəri mövcud olması barədə tam məlumatlı olmasına baxmayaraq, həmin müddət ərzində borcun səbəblərini araşdırılması ilə bağlı heç bir tədbir görməmiş, mübahisələndirməmiş iddiaçının tam məlumatlı olmasına baxmayaraq, dövlət büdcəsinə daxil olmayan vəsaitlərin araşdırılması ilə bağlı heç bir hüquqi vasitədən istifadə etməmiş və uzun müddət keçdiyindən borcun silinəcəyi barədə səhv qənaətə gəldiyini göstərir. Mənimsənildiyi iddia olunan, cinayət işi aparılmayan vəsaitlərin cavabdeh vergi orqanı tərəfindən ödənilmiş vəsaitlər kimi qəbul edilməsi və işçinin gələlcək sosial təminatına yönəlmiş vəsaitlərin iddiaçı vergi ödəyicisinə geri qaytarılması həm vergi, həm də sosial sığorta haqqında qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində əhəmiyyətli səhvlərə yol vermiş, gəldiyi nəticə üçün həlledici əhəmiyyət kəsb edən bütün hüquqi və faktiki halları aydınlaşdırmadan qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 1200PX********** - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019- cu il tarixli 1200PX**********#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 1200PX**********#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 1200PX********** - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 1200PX********** - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının cari bank hesabından silinmişdir. Silinən məbləğlər xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna məktub göndərilmişdir. Cavabda qeyd edilmişdir ki, Şirkət tərəfindən xx.xx.2007-ci il tarixində 50660,60 manat və xx.xx.2007-ci il tarixində 49919,60 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fodnunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İddiaçı cavabdehin müxtəlif sərəncamları əsasında silinmiş vəsaitləri qanunsuz hesab edərək cavabdehə müraciət etmişdir. Sonuncu isə bundan sonra “İşəgötürənlər muzdlu işləyənləri əmək müqaviləsi üzrə işəgötürən hüquqi şəxslər” (0111 kodu) üzrə şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixə mövcud olmuş 603.347,73 manat borc məbləğinin yaranma səbəbi, o cümlədən 2007-ci ilin may və iyun aylarında ödənilmiş müvafiq olaraq 50.660,00 və 49.919,60 manat vəsaitlərin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində nəzərə alınıb-alınmaması barədə Fonda məktub ünvanlamışdır. Fond tərəfindən təqdim edilmiş cavab məktubunda "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 2007-ci ilin 25 may tarixdə 50660,90 manat və 2007-ci ilin 28 avqust tarixdə 49919,86 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Fondun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsinin xəzinə hesabına daxil olmadığı bildirilmişdir. Sözügedən məsələ ilə əlaqədar olaraq 11 yanvar 2008-ci il tarixdə Fondun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsi tərəfindən və 28 may 2019-cu il tarixli Fondun Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına məktublar göndərilmişdir. İddiaçı məhkəməyə bank ödəniş sənədləri təqdim edərək borcun 2007-ci ildə ödənildiyini və bu səbəbdən dövlət büdcəsinə borcunun olmadığını iddia edir. Digər tərəfdən, təqdim edilmiş ödəniş sənədlərinin həmin ödənişi aparan bank tərəfindən təsdiqlənməsi mümkün olmamışdır. Belə ki, iş materiallarında olan "xxxx" tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarda “Hallibörton Yeureyja Limited" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 2007-ci ilin 25 may tarixdə 50.660,90 manat və 2007-ci ilin 28 avqust tarixdə ödənilmiş 49.919,86 manat məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş sənədlərinin üstündən beş ildən artıq müddət keçdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatı”na müvafiq olaraq arxivə təhvil verilərək məhv edilməsi səbəbindən həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuş, yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər müvafiq qaydada tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “artıq silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” barədə iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının iddia tələbi təmin olunmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh və üçüncü şəxs tərəfindən tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: “Cavabdeh tərəfindən Sizin məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcun araşdırılması haqqında müraciətinizə baxılmışdır. Məktubunuzda qeyd olunan qalıq xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2019-cu il tarixli sorğu məktubu göndərilmiş və həmin məktuba xx.xx.2020-ci il cavab alınmışdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: "xxxx" Şirkətinin Filialı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. Qeyd edilən məsələ ilə əlaqədar olaraq 2008-ci il 11 yanvar tarixində Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsi tərəfindən və 2019-cu il 28 may tarixli Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Şirkətinə məktub göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: "xxxx" şirkətinin filialı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqları Fondun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. Qaldırılan məsələ ilə bağlı 2008-ci il 11 yanvar tarixli Fondun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsi tərəfindən, 2019-cu il 28 may tarixində isə Fondun Bakı şəhər İdarəsi tərəfindən "xxxx" şirkətinə və Fondun Aparatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2019-cu il 30 dekabr tarixində müvafiq məktublar göndərilmişdir. - xx.xx.2007-ci il tarixli 591 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" şirkəti tərəfindən 50.660,90 manat ödənilmişdir. Alan bank - ABB-nin Nəsimi filialı. Ödənişin təyinatı və əsas – 2007-ci ilin may ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 44.581,59 manat, 3% - 6.079,31 manat). - xx.xx.2007-ci il tarixli 915 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" şirkəti tərəfindən 49.919,86 manat ödənilmişdir. Alan bank - ABB-nin Nəsimi filialı. Ödənişin təyinatı və əsas – 2007-ci ilin avqust ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 43.929,48 manat, 3% - 5.990,38 manat). - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarda qeyd edilir: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 2007-ci ilin 25 may tarixində 50.660,90 manat və 2007-ci ilin 28 avqust tarixində ödənilmiş 49.919,86 manat məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş sənədləri üstündən beş ildən artıq müddət keçdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatı”na müvafiq olaraq arxivə təhvil verilərək məhv edilməsi səbəbindən həmin sənədləri Məhkəməyə təqdim edə bilmirik. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sorğuya qoşma kimi əlavə edilən 2 ədəd ödəniş tapşırığında ödəyən və alan təşkilatın bankı eyni olduğundan ödənişlər həmin bankın daxili informasiya sistemi ilə həyata keçirilmişdir. Bu səbəbdən bilavasitə "xxxx"na müraciət olunmalıdır. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, məktubunuza əlavə edilmiş ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuş, yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər müvafiq qaydada tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi sosial sığortanın prinsiplərindən biridir. Qeyd olunan Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. xx.xx.2018-ci ildə qəbul edilmiş və xx.xx.2019-cu ildən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2-ci maddəsinə əsasən fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması; 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. 3-cü maddəsinə əsasən fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir: 3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; 3.0.2. hər bir sığortaolunanın fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında özü barəsində olan məlumatları əldə etməsi; 3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması; 3.0.4. fərdi uçotun informasiya bazasından bu uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan digər məqsədlər üçün istifadəsinin yolverilməz olması; 3.0.5. sığortaolunanın bütün əmək fəaliyyəti dövründə fərdi uçotun həyata keçirilməsi. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixli 591 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı "xxxx" şirkəti tərəfindən 50.660,90 manat ödənilmişdir, alan bank - ABB-nin Nəsimi filialı, ödənişin təyinatı və əsas – 2007-ci ilin may ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 44.581,59 manat, 3% - 6.079,31 manat). Həmçinin, xx.xx.2007-ci il tarixli 915 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 49.919,86 manat ödənilmişdir, alan bank - ABB-nin Nəsimi filialı, ödənişin təyinatı və əsas – 2007-ci ilin avqust ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 43.929,48 manat, 3% - 5.990,38 manat). Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda "xxxx" Şirkətinin Filialı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X5 İdarəsinin xəzinə hesabına daxil olmadığı qeyd olunmuşdur. Bundan sonra, cavabdehin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının bank hesabından silinmişdir. Lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, qeyd olunan ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan məcburi dövlət sosial sığorta haqları ödənilmişdir, həmin vəsaitlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənməməsi və həmin vəsaitlərin təyinatından yayındırılması hallarına görə isə iddiaçı cavabdehlik daşımır. İddiaçı tərəfindən həmin vəsaitlər təyinatı üzrə ödənilmişdir və xəzinədarlıq orqanına daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayətlər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar