Məhkəmə qərarları › İş №2-1(103)-1740/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1740/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1740/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsinə qarşı (3-cü şəxs: Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “qərarın ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X4 vergi ödəyicisi İddiaçı barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə **********168200 № li qəran qəbul etmişdir. Həmin qərara əsasən, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), X3, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. xx.xx.2023-cü tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum çınqıl karxanasına baxış keçirilmiş, elektron qarmə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilir. Həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunur. Vergi orqanının gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, müəssisənin icarə müqaviləsi əsasında istifadəsində qum çınqıl karxanası vardır ki, həmin karxanada 800 836 kub metr istehsal həcmindən artıq qum çınqıl mövcud olmuşdur. Bunu təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edirik. Hesab edirik ki, vergi orqanının vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********168200 № li xx.xx.2023-cü il tarixli qəran ləğv olunmalı və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxanlmalıdır . İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə təqdim edilmişdir. Belə ki, müəssisənin riskli vergi ödəyicisi hesab edilməsilə bağlı Qərar 22 may 2023-cü il tarixdə qəbul edilərək müəssisənin elektron kabinetinə göndərilmişdir və vergi ödəyicisi tərəfindən elektron kabinetdə xx.xx.2023-ci il, saat 10:29:15-də oxunmuşdur (Oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilir). Aydın olur ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsinə diqqət yetirdikdə iddiaçı tərəfindən Qərarın hansı səbəbə ləğv edilməli olduğu barədə əsaslandırmanın, Qərarın qəbul edilməsi ilə ona hansısa məhdudiyyətlərin gətirilib-gətirilməməsinin qeyd edilməməsini görürük. Bu isə, iddianın mümkünlüyünə zidd bir haldır. İddiaçı MMC xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi və xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı zaman əsas fəaliyyət növü kimi inşaat materiallarının topdan satışı (Fəaliyyət kodu-4673013) qeyd edilmişdir. Sonrakı tarixlərdə (xx.xx.2022, xx.xx.2023) ərizə ilə müraciət edilərək, cəmiyyətin əsas fəaliyyət növü kimi sənaye və tikinti üçün qum və çınqıl hasilatı (Fəaliyyət kodu-0812101), əlavə fəaliyyət növü kimi şüşənin topdan satışı (Fəaliyyət kodu-4673008), inşaat materiallarının topdan satışı (Fəaliyyət kodu-4673013), qum və çınqılın topdan satışı (Fəaliyyət kodu4673005), malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət (Fəaliyyət kodu5210101) qeyd edilmişdir. İddiaçı hüquqi şəxsin fəaliyyət göstərdiyi bütün dövr ərzində biri anbar, digər üçü isə karxana olmaqla 4 obyekti olmuşdur. xx.xx.2022-ci il tarixdə Quba rayonu, Vəl-Vələ ünvanında yerləşən obyekt qum-çınqıl karxanası kimi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən obyekt anbar kimi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə Quba rayonu, 2 Nügədi ünvanında yerləşən obyekt qum-çınqıl karxanası Qaraçay adı ilə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, 10.01,2023-cü il tarixdə Quba rayonu, Əlməmmədova ünvanında yerləşən obyekt qumçınqıl karxanası kimi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə isə qeydiyyatdan çıxarılmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, vergi borcu 2.935.959,60 manat təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” təsdiq edilmişdir. Meyarların 2.1.2-ci yarımbəndinə uyğun olaraq "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə görə, vergidən yayınma sxemi dedikdə, vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Vergi ödəyicisi tərəfindən ƏDV depozit hesabı üzrə riskli əməliyyatların aparılması, əldə edilmiş vəsaitin digər vergi ödəyicilərinə köçürülməklə, dolayı yolla gömrük orqanlarına köçürərək idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd olunan əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara (o cümlədən əmtəəsiz əməliyyatlara) uyğun olduğunu nəzərə alaraq, Cəmiyyətin 10 yanvar - 02 mart 2023-cü il tarixləri aralığında Quba rayonu, Əlməmmədova kəndində qeydiyyatda olmuş təsərrüfat subyektinin (obyektinin) aktiv fəaliyyətinin mövcud olubolmamasını müəyyən etmək, istehsal həcminin dəqiqləşdirilməsi məqsədilə aparılmış əməliyyatların təhlil edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2,-ci meyarına əsasən qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum-çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı, işləmək görüntüsü yaratmaqla karxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilmişdir. Obyektin fotoşəkilləri çəkilmiş, səlahiyyətli nümayəndəsinin izahatı alınmış və araşdırmanın nəticəsi barədə akt tərtib olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunmuşdur. Vergi ödəyicisi iddia ərizəsində qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilən qərar əsassızdır. Cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı qərarın yuxarıda da qeyd edildiyi kimi hansı səbəblərdən qəbul edildiyi əsaslandırılmışdır. Eyni zamanda qərarda qeyd edilir ki, vergi ödəyicisində ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Qərarın qəbul edilməsi üçün əsas olmuş hallar böyük həcmdə cədvəlləri ehtiva edən sənədlər olduğundan qərarda qeyd edilməsi qeyri-mümkündür. “Hesabataxtarış” informasiya sistemində aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixləri aralığında digər şəxslərə e-qaimə faktura üzrə “avtomobil ehtiyat hissələri, kosmetik (gözəllik) vasitələri, karxana məmulatları, şüşələr, güzgülər, radiatorlar, market üçün vitrin aksesuarları, müxtəlif mətbəx ləvazimatları, çay məhsulları” və s. bu kimi bir-biri ilə uyğunluq təşkil etməyən mallar təqdim edilmiş, bir sıra ödəyicilər tərəfindən alınmış malların dəyəri (o cümlədən ƏDV) Cəmiyyətə ödənilməmişdir, hansı ki, sadalanan malların əksər hissəsi vergi ödəyicisinin fəaliyyət növünə uyğun olmayan malları təşkil edir. (Sənədlər qoşmaya əlavə edilir) Yuxarıda qeyd edildiyi kimi, iddiaçı vergi ödəyicisi aktiv qalan ən son obyektinin xx.xx.2023-cü il tarixdə qeydiyyatını ləğv etdirsə də, aparılmış araşdırma zamanı müəyyən olmuşdur ki, bu tarixdən sonra külli miqdarda, fəaliyyət növünə uyğun olmayan fərqli çeşid və növlərdə (geyim əşyaları, avtomobil ehtiyat hissələri, sabunlar, ətirlər, şampunlar, kosmetik vasitələr, mətbəx əşyaları və s.) mal alışı həyata keçirmişdir. Həmin dövrdə aydındır ki, müəssisənin fəaliyyət göstərən heç bir obyekti olmamış, alınan malların hansı məkana yerləşdirilməsi isə sual doğuran məqam olaraq qalmışdır. Bu hal isə, cəmiyyət tərəfindən əməliyyatların heç bir mal olmadan əmtəəsiz şəkildə həyata keçirildiyini sübut edir. Məhkəmənin diqqətinə çatdırırıq ki, yuxarıda qeyd edilən anbar kimi qeydiyyata salınan obyektin ölçüsü 100 kv.metr olmuşdur. Fəaliyyət növü inşaat materiallarının topdan satışı olan cəmiyyətin bu dərəcədə kiçik sahəsi olan obyekti idxal etdiyi, obyektin sahəsi ilə müqayisə oluna bilməyəcək dərəcədə iri həcmli inşaat materiallarını yerləşdirməsi üçün istifadə etməsi isə məntiqdən kənar bir hal kimi dəyərləndirilməlidir. Həmçinin, xx.xx.2022-ci il tarixdə həmin anbarda keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş DVX №008236 Aktda anbarda heç bir mal qalığının aşkar olunmaması qeyd olunmuşdur ki, bu da ödəyicinin vergidən yayındığına və sənəd satışı ilə məşğul olduğuna əsas verir. Eyni zamanda, bildiririk ki, Quba rayonu, Əlməmmədova ünvanında yerləşən karxanaya xx.xx.2023-cü il tarixdə baxış keçirilməsi nəticəsində vergi ödəyicisinin səlahiyyətli nümayəndəsindən izahat alınmış, lakin nümayəndəyə verilən etibarnamənin xx.xx.2023-cü il tarixdə verildiyi məlum olmuşdur. Belə ki, izahatda nümayəndənin cəmiyyətin fəaliyyəti haqqında tamamilə məlumatsız olmasını qeyd etməsi vergi ödəyicisinin sualların cavablandırılmasından qəsdən yayınmasına dəlalət edir. Vergi ödəyicisinin riskli hesab edilməsi haqqında qərarda qeyd olunan risk meyarını təşkil edən hallar iddiaçının riskli fəaliyyətinin yalnızca cüzi hissəsini təşkil edir və vergidən yayınma hallarına gətirib çıxaran riskli əməliyyatların hansı yollarla həyata keçirilməsi barədə daha geniş formada cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı məlumat veriləcəkdir. Göründüyü kimi, vergi orqanı tərəfindən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsaslı olmuşdur. İddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması ehtimalı onun tərəfindən yol verilən vergidən yayınma hallarına qəsdən şərait yaradılması anlamına gələcəkdir. Bildiririk ki, prosessual qanunvericiliyə uyğun olaraq, məhkəmə iddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərək məhkəmə araşdırması həyata keçirməlidir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********168200 nömrəli qərar ləğv edilsin. İddiaçı MMC-nin riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qeyd edilməlidir ki, riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qərarın ləğv edilməsi ilə bağlı mübahisələndirmə növündə hazırkı iddia üzrə AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Adıçəkilən mübahisələndirilən inzibati aktın mahiyyətindən isə aydın olur ki, inzibati akt şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədədir. Həmin aktdan da göründüyü kimi cavabdeh iddiaçı tərəfindən aparılan satışları əmtəəsiz əməliyyatlara aid edərkən onun 800.836 kub metr həcmdə istehsal həcminin olmadığına, eyni zamanda təsərrüfat subyektlərinə malik olmaması ilə əlaqələndirmişdir. Baxmayaraq ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması məhz yuxarıda göstərilən hallar əsasında həyata keçirilsə də, cavabdeh inzibati orqan məhkəmə icraatı zamanı iddia tələbinə münasibətdə yazılı etirazda yeni dəlillər gətirərək, öz fəaliyyət növünə uyğun olmayan fərqli çeşid və növlərdə mal alışının həyata keçirildiyinə istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən qərarın əsaslı olubolmaması istiqamətində qiymətləndirmənin aparılması cavabdeh inzibati orqanın məhkəmə icraatı zamanı təqdim etdiyi yeni dəlillər əsasında deyil, məhz ilkin inzibati icraat zamanı aparılan araşdırmanın nəticəsi olan arayışda göstərilən əsaslara uyğun olaraq həyata keçirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda adıçəkilən Qanunun giriş hissəsində müvafiq müddəalar sadalanmazdən əvvəl mütərəqqi olaraq qeyd edilmişdir ki, Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Aparılmış inzibati icraat nəticəsində inzibati orqan tərəfindən inzibati akt qebul edildiyi zaman həmin akt yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi inzibati orqanların inzibati fəaliyyətini və inzibati icraat qaydalarını tənzimləyən qanunvericilik inzibati aktın yalnız inzibati icraat zaman tədqiq olunmuş faktlar və sübutlar ilə əsaslandırılmalı olmasını təsbit etmişdir. Məhkəmə qeyd edir ki, necə ki inzibati orqan inzibati aktı yalnız inzibati icraat qaydasında müəyyən olunan əsaslar ilə əsaslandırılmalı olduğu halda, eləcə də məhkəmə tərəfindən həmin inzibati aktın əsaslı olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması da məhz inzibati aktın qəbul edilməsinə əsas olar hallar əsasında aparılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaya münasibətdə təqdim etdiyi yazılı etirazda iddiaçının riskli vergi ödəyicisi hesab olunmasını yeni dəlillər ilə əsaslandırsa da, nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar həmin dəlillərlə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas fəaliyyət növü “Sənaye və tikinti üçün qum və çınqıl hasilatı” ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçı öz fəaliyyətinə uyğun olmayan “avtomobil ehtiyat hissələri, kosmetik (gözəllik) vasitələri, karxana məlumatları, şüşələr, güzgülər, radiatorlar, market üçün vitrin aksesuarları, müxtəlif mətbəx ləvazimətləri, çay məhsulları” kimi malları digər şəxslərə təqdim etsə də, bu hal vəziyyəti məhkəmə hesab edir ki, onun ziyanına dəyişmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin Əlavə 2-də lisensiya tələb olunan fəaliyyət növlərinin adları və dövlət rüsumunun məbləği müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi yuxarıda adıçəkilən həmin mallar lisenziya tələb olunan fəaliyyət növlərinin əhatə dairəsinə daxil olmamışdır. Başqa sözlə desək yuxarıda adı çəkilən mallar xüsusi lisenziya tələb olunan fəaliyyət növlərinə aid olmadığından, həmin malların satışı belə iddiaçının riskli vergi ödəciyisi hesab olunması üçün əsas deyil. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun: Maddə 1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 4. Sahibkarlığın formaları

1. Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

2. Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər. Göründüyü kimi iddiaçının qeyd olunan alqı-satqı əməliyyatlarının aparılmasına dair sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına hər hansı qadağa mövcud olmamış, eyni zamanda həmin fəaliyyətlə bağlı əldə etdiyi gəlirlərlə əlaqədar vergi orqanlarına rəsmi vergi ödənişləri həyata keçirilmişdir ki, cavabdeh tərəfindən həmin əməliyyatların olmamasına istinad edilməsi, şəxsin vergi ödənişlərinə cəlb edilməsi, əməliyyatların aparılması faktının mövcudluğu nəzərə alındığından məhkəmə əsassız hesab edir. İddiaçının 800.836 kub metr həcmdə istehsal həcminin olmaması ilə bağlı cavabdehin dəlilinı münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktdan da göründüyü kimi cavabdeh iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu hesab edərkən onun ümumiyyətlə 800.836 kub metr həcmdə istehsal həcminin olmadığına əsaslanmışdır. Halbuki, İddiaçı MMC üzrə kameral vergi yoxlaması zamanı DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırma aparılmışdır ki, bu araşdırma nəticəsində vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2022 dövrü ərzində ümumilikdə 45.848 kub metr həcmdə çınqıl xammalı, 22.970 kub metr həcmdə tikinti qumu hasilatının olduğunu, eyni zamanda müəyyən etmişdir. Göründüyü kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan iki qurum, yəni DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsi iddiaçının istehsal həcmi ilə bağlı bir birinə zidd olan mövqeyilər irəli sürmüşdürlər. Halbuki, hər iki qurum Dövlət Vergi Xidmətinin struktur bölməsinə aid olan qurumlar olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Başqa sözlə desək hər iki qurum Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Dövlət Vergi Xidmətinin qolları olmaqla həmin Xidmətin strukturuna daxildirlər. Bu isə ona dəlalət edir ki, bir Xidmətin strukturuna daxil olan iki ayrı qurum tərəfindən vergi ödəyicisinin eyni dövrü üzrə fərqli və bir-birinə zidd mülahizələr irəli sürməsi qanunaziddir. Məhkəmə kollegiyası DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yoxsa Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsinin gəldiyi nəticənin əsaslı olması ilə bağlı bildirir ki, hər iki qurumun əsas məqsədi vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi ödənişlərinin vaxtında ödənilməsinə nəzarət etməkdən ibarətdir. İşin faktiki hallarından da göründüyü kimi həm DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həm də Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsi iddiaçını əlavə vergi məsuliyyətini cəlb etmişdirlər ki, iddiaçının özü də məhkəmə icraatı zamanı DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nəticəsini, yəni dövlət büdcəsinə olan vergi borcunun olduğunu mübahisələndirməmiş, əksinə Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsinin nəticəsi ilə razılaşmayaraq onun riskli vergi ödəyicisi olması barədə qərarı mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə əlavə araşdırmanın aparılması üçün ekspertizanın təyininə zərurət olmamışdır. Göründüyü kimi Lokal Gəlirlər Baş İdarəsinin verginin hesablanması barədə qərarları ilə cavabdehin istinad etdiyi istehsal həcminin olmaması barədə mövqeyinin əssasız olmağı müəyyən edilmiş, istehsal həcmi nəzərə alınmaqla iddiaçıya vergi hesablanmışdır ki, işin faktiki halları ilə də müəyyən edildiyi kimi bir vergi orqanı inzibati akt qəbul etməklə qum-çınqılın olmadığına istinad etmiş, digər vergi orqanı isə həmin qum-çınqılın mövcudluğuna istinad edərək vergi məsuliyyətinə cəlb etmə barədə qərar qəbul etmişdir ki, iki vergi orqanının qərarlarının düzgünlüyünün müəyyən edilməsi faktiki olaraq məhkəmə hesab edir ki, mümkün ola bilməz. Vergi orqanlarında bir inzibati aktında əmlakın olmadığına istinad edib, digər qərarında həmin əmlakın mövcud olmadığını qeyd etmişdir ki, bu səbəbdən iddiaçıya məhkəmə tərəfindən hansı vergi orqanının qərarlarının mübahisələndirilməsi soruşulmuş, iddiaçı vergi hesablamaları barədə qərarların mübahisə edilmədiyini, həmin qərarlarda nəzərdə tutulan faktiki hallar, yəni istehsal həcmi nəzərə alınmaqla cavabdehin qərarının ləğv edilməli olmasını xahiş etmişdir. Beləliklə vergi hesablamaları barədə inzibati aktlar qüvvədədir, ləğv edilməmiş, dəyişdirilməmişdir və hüquqi nəticəsi mövcuddur. Burada hüquqi nəticə isə odur ki, iddiaçının istehsal həcmi olmuş, lakin istehsal həcminə uyğun vergiləri ödəmədiyindən əlavə vergilər hesablanmalı olmuşdur ki, qeyd olunan hal mübahisələndirilən qərarın qanunsuz və əsassız olmasına dəlalət edir. Məhkəmə kollegiyası iddiaçının təsərrüfat subyektlərinin olmaması ilə bağlı cavabdehin irəli sürdüyü mülahizələr ilə də razılaşmır. Belə ki, cavabdeh hesab edir ki vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürlməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmaması nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunmuşdur. Halbuki, məhkəmə araşdırılması zamanı yuxarıda qeyd olunan istiqamət üzrə araşdırma aparılmış və müəyyən olunmuşdur ki, DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi araşdırma zamanı iddiaçının təsərrüfat subyektinin (obyektinin) fiziki şəxslərdən icarəyə götürülməsinə baxmayaraq 2023-cü ilin 1-ci rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim edilmədiyini müəyyən etmişdir. Göründüyü kimi DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırki cavabdehin irəli sürdüyü dəlillərin tam əksini, yəni iddiaçının icarəsində obyektinin olduğuna istinad etmişdir ki, bu hal eyni ilə istehsalat həcmi kimi Dövlət Vergi Xidmətinin tabeliyində olan iki qurum arasında ziddiyyətli halların göstəricisidir. Göstərilən bütün halları məcmu şəkildə qiymətləndirərək Məhkəmə hesab edir ki, iddiaçı öz fəaliyyətində qadağa olunmuş və ya lisenziya tələb olunan malların satışı ilə məşğul olmadığından, eyni zamanda onun göstərdiyi hər hansı bir əməliyyat Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda riskli vergi ödəyicisi hesab olunması üçün səciyyələnmiş halların əhatə dairəsinə düşmədiyindən, o, riskli vergi ödəyicisi hesab olunmur. Odur ki, onun riskli vergi ödəyicisi hesab olunması barədə qərar ləğv olunması və iddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılmalıdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar