Məhkəmə qərarları › İş №2-1(103)-1740/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1740/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1740/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3660/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına xx.xx.2020-ci tarixdə Milli Aviasiya Universitetinin Uçuş Akademiyası tərəfindən “Menecement” ixtisası üzrə verilmiş B20 seriyalı 271513 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ukraynada Milli Aviasiya Universitetinin Uçus Akademiyasında təhsil almış və ona verilən bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xarici dövlətin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyin (nostrifikasiyasının) müəyyən edilməsi barədə 16 iyun 2023-cü il tarixli NA00012248 nömrəli Qərarı ilə xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamış və ekivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəçinin ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Hesab edir ki, verilmiş imtina qanunsuz və əsassızdır. Belə ki, 11 illik orta təhsili bitirdikdən sonra o, Azərbaycan Maliyyə İqtisad Kollecinə daxil olmuşdur. 23 iyun 2006-cı il tarixli qeydiyyat nömrəsi 4946 olan BB-İİ seriyalı 015268 nömrəli fərqlənmə diplomundan görünür ki, o, 2003-cü ildə Azərbaycan Maliyyə İqtisad Kollecinə daxil olmuş və 27 fevral 2006-cı ildə oranı “kredit müəssisələrində uçotu ixtisası üzrə tam kursu bitirmişdir. Ukrayna Təhsil və Elm Nazirliyi onun fərlənmə diplomunu tanımış və aldığı təhsili Ukrayna təhsil sisteminin ibtidai ali təhsil dərəcəsi/kiçik baklavr dərəcəsinə bərabər olması və həmin diplomun Ukrayna ərazisində qüvvədə olan qanunvericiliyə əsasən işə düzəlmək və təhsilini davam etdirmək hüququnun verilməsi barədə şəhadətnamə vermişdir. Aldığı ibtidai ali təhsil dərəcəsi ona 2018-ci ildə Ukraynanın Kirovoqrad şəhərində yerləşən Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında “Menecement” fakültəsinin üçüncü kursuna qiyabi təhsil formasında daxil olmağına əsas olmuşdur. 2020-ci ildə Milli Aviasiya Universitetinin Uçuş Akademiyasındakı təhsil üzrə tam kursu bitirmişdir və ona “Menecement” Beynəlxalq hava daşımalarının idarə olunması ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir və buna əsasən ona B20 seriyalı 271513 nömrəli baklavr diplomu verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işlədiyi üçün qiyabi təhsil aldığı Akademiyadan SOCAR-ın rəhbərliyinə oxuduğu müddət ərzində sessiyalarda iştirak etmək üçün çağırışlar verilmişdir, Akademiyanın 91, 27 və 91 saylı arayış-çağırışları mövcuddur. Həmçinin, göstərilən çağırışlar əsasında Akademiya ona iş yerinə təqdim etmək üçün qiyabi təhsil alan tələbənin labarator imtahan sessiyalarında xx.xx.2018-ci il tarixdən - xx.xx.20218-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixədəkiştirakını təsdiq edilməsi barədə arayışlar verilmişdir. Təhsil aldığı müddətdə dünyada yaranan pandemiya səbəbi ilə əlaqədar 12 mart 2020-ci il tarixindən Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında qiyabi təhsil formasında təhsil alan tələbələr üçün təhsil prosesinin məsafəli rejimi tətbiq edilmişdir. Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında “Azərbaycan Respublikasının qiyabi təhsil şöbəsinin tələbələri üçün səyyar sessiyasının keçirilməsi barədə” xx.xx.2019-cu il tarixli 185 nömrəli əmrinə əsasən 08 may 2019-cu ildən 12 may 2019-cu ilədək səyyar məqbul-imtahan sessiyasının keçirilməsi üçün akademiyanın müəllimləri Azərbaycan Respublikasına ezam edilmişdir, bununla bağlı əmr mövcuddur. Yəni artıq təhsil sessiyasının keçirilməsi üçün Ukraynaya getməyinə ehtiyac qalmamışdır. Bununla əlaqədar işlədiyi “SOCAR” şirkəti tərəfindən labarator-imtahan sessiyasında iştirak etmək üçün xx.xx.2019-xx.xx.2019-cu il tarixləri üçün əlavə ödənişli məzuniyyət verilmişdir. Habelə, Aviasiya Akademiyasının xx.xx.2021-ci il tarixli 01-08/644 nömrəli arayışından görünür ki, COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar 12 mart 2020-ci il tarixindən Milli Aviasiya Universitetinin Aviasiya Akademiyasında qiyabi təhsil formasında təhsil alan tələbələr üçün təhsil prosesinin məsafəli rejimi tətbiq edilmişdir. Təhsilini başa çatdırdıqdan sonra ona bakalavr dərəcəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3660/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, təhsil aldığı müddətdə dünyada yaranan pandemiya səbəbi ilə əlaqədar 12 mart 2020-ci il tarixindən Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında qiyabi təhsil formasında təhsil alan tələbələr üçün təhsil prosesinin məsafəli rejimi tətbiq edilmişdir. Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında “Azərbaycan Respublikasının qiyabi təhsil şöbəsinin tələbələri üçün səyyar sessiyasının keçirilməsi barədə” xx.xx.2019- cu il tarixli 185 nömrəli Əmrinə əsasən 08 may 2019-cu ildən 12 may 2019-cu ilədək səyyar məqbulimtahan sessiyasının keçirilməsi üçün akademiyanın müəllimləri Azərbaycan Respublikasına ezam edilmişdir, bununla bağlı əmr mövcuddur. Yəni artıq təhsil sessiyamın keçirilməsi üçün mənim Ukraynaya getməyimə ehtiyac qalmamışdır. Bununla əlaqədar işlədiyi “SOCAR” şirkəti tərəfindən labarator-imtahan sessiyasında iştirak etmək üçün xx.xx.2019-xx.xx.2019-cu il tarixləri üçün əlavə ödənişli məzuniyyət verilmişdir. Habelə, Aviasiya Akademiyasının xx.xx.2021-ci il tarixli 01-08/644 nömrəli arayışından görünür ki, COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar 12 mart 2020-ci il tarixindən Milli Aviasiya Universitetinin Aviasiya Akademiyasında qiyabi təhsil formasında təhsil alan tələbələr üçün təhsil prosesinin məsafəli rejimi tətbiq edilmişdir. Təhsilimi başa çatdırdıqdan sonra ona bakalavr dərəcəsi verilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət edərək, onun adına xx.xx.2020-ci il tarixdə Milli Aviasiya Universitetinin Uçuş Akademiyası tərəfindən “Menecement” ixtisası üzrə verilmiş B20 seriyalı 271513 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən onun təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması əsası ilə ərizəsi təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair öz mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının hansı müddət ərzində dərslərdə iştirakını müəyyənləşdirmək üçün ilk növbədə onun Ukrayna Respublikasında olduğu müddəti bilmək lazımdır ki, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçı xx.xx.2018-xx.xx.2020-ci il müddətində 2018/2019-cu tədris ili üzrə - getməmişdir, 2019/2020-ci tədris ili üzrə - 14 gün (İ semestr) Ukrayna Respublikasında olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakı əsaslara görə razılaşmır: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı “Menecement” ixtisası üzrə bakalavr dərəcəsinə layiq görülmüşdür. Milli Aviasiya Universitetinin Uçuş Akademiyası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2018-xx.xx.2020-ci il müddətində təhsil almışdır və tədris forması qiyabi olmuşdur. Diploma əlavə xx.xx.2021-cü ildə A-17971-21 nömrə ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində bakalavr pilləsi üzrə proqramın mənimsənilməsi qeyrimümkündür. Kollegiya bildirir ki, bu o halda mümkünsüz hesab oluna bilərdiki, iddiaçı əyani formada təhsil alsın. Lakin işin mübahisəsiz halıdır ki, iddiaçı təhsilini qiyabi formada almışdır. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işlədiyi üçün qiyabi təhsil aldığı Akademiyadan SOCAR-ın rəhbərliyinə oxuduğu müddət ərzində sessiyalarda iştirak etmək üçün çağırışlar verilmişdir. Həmçinin, göstərilən çağırışlar əsasında Akademiya ona iş yerinə təqdim etmək üçün qiyabi təhsil alan tələbənin labarator imtahan sessiyalarında xx.xx.2018-ci il tarixdən xx.xx.20218-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixədək iştirakını təsdiq edilməsi barədə arayışlar verilmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında “Azərbaycan Respublikasının qiyabi təhsil şöbəsinin tələbələri üçün səyyar sessiyasının keçirilməsi barədə” xx.xx.2019-cu il tarixli 185 nömrəli Əmrinə əsasən 08 may 2019-cu ildən 12 may 2019-cu ilədək səyyar məqbul-imtahan sessiyasının keçirilməsi üçün akademiyanın müəllimləri Azərbaycan Respublikasına ezam edilmişdir. İş materiallarında olan Aviasiya Akademiyasının xx.xx.2021-ci il tarixli 01-08/644 nömrəli arayışından görünür ki, COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar 12 mart 2020-ci il tarixindən Milli Aviasiya Universitetinin Aviasiya Akademiyasında qiyabi təhsil formasında təhsil alan tələbələr üçün təhsil prosesinin məsafəli rejimi tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NKnin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edildin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3660/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı adına xx.xx.2020-ci tarixdə Milli Aviasiya Universitetinin Uçuş Akademiyası tərəfindən “Menecement” ixtisası üzrə verilmiş B20 seriyalı 271513 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar