Məhkəmə qərarları › İş №2-1(103)-1741/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1741/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1741/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan-ünvan 2spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası) “əlilliyin səbəbinin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-952/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 14.05.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1990-92-ci illərdə erməni işğalçıları tərəfindən torpaqlara basqın zamanı bir Əfqanıstan müharibəsi döyüşçüsü kimi Naxçıvan MR-nın torpaqlarının müdafiəsində döyüşərək iki dəfə ağır xəsarət almışdır. İlk dəfə 03.02.1992- 06.06.1992-ci ildə Babək rayonu, Buzqov kəndində erməni quldurlarına qarşı gedən döyüşlərdə xəsarət almış və müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır. İkinci dəfə 10.07.1992 - 13.11.1992-ci ildə Sədərək kəndi uğrunda gedən döyüşdə mina partlaması nəticəsində kəllə beyin silkələnməsi, həmdə qəlpə yaraları ilə yaralanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək müalicə olunmuşdur. Bu barədə Naxçıvan MR, Səhiyyə Nazirliyi, Babək rayon xəstəxanası tərəfindən torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə xəsarət almasını təsdiq edən çıxarışlar mövcuddur. Əlavə olaraq döyüşlərdə xəsarət aldığını təsdiq edən Babək Rayonu İcra Hakimiyyəti başçısının 11 noyabr tarixli, 1/75-6 saylı arayışı, Babək rayonu Hərbi Komisarlığının 15 aprel 1997-ci il tarixli arayışı, əlavə olaraq hərbi biletində qeyd edilmə, Babək rayonu, Buzqov kənd icra nümayəndəliyinin 10 aprel 1997-ci il tarixli, 46 saylı arayışı mövcuddur. 1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyası tərəfindən ona əlillik qrupu müəyyən edən zaman torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə xəsarət almağını təsdiq edilən faktlara, sənədlərə məhəl qoyulmadan, hərbi əməliyyatlar gedən zonada olmaqla əlillik qrupu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25.06.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-952/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar baş verməsi” kimi dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-952/2021 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının vəziyyətinə münasibətdə qanunda nəzərdə tutulmayan bir öhdəlik inzibati orqanın üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: - Babək Rayon İcra Hakimiyyəti başçısının 11.11.2002-ci il tarixli Arayışına əsasən İddiaçı 1990-1992-ci illərdə Babək rayonunun Ermənistanla həmsərhəd kəndi olan Aşağı Buzqov kəndinə erməni millətçi quldur dəstələri hücum edərkən gedən müdafiə döyüşlərində fəal iştirak etmişdir. - Çalxanqala kənd xəstəxanasının tibbi kartasından çıxarışa əsasən İddiaçı 10.07.1992-ci il tarixdən 13.11.1992-ci il tarixədək Sədərək kəndində gedən döyüşlərdə mina partlayışı zamanı aldığı qəlpə yaralanması və qapalı kəlləbeyin travması diaqnozu ilə müalicə almışdır. - 18.03.1999-cu il tarixdə tərtib edilmiş “Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında” Akta əsasən İddiaçı 01.02.1992-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədə (postravmatik epilepsiya tutmaları) almışdır və müalicədədir. - Babək Rayon İcra Hakimiyyəti A.Buzqov kəndinin İcra Nümayəndəliyinin 46 nömrəli 10.04.1997-ci il tarixli Arayışına əsasən və həmin Arayış əsasında Babək Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 15.04.1997-ci il tarixli Arayışına əsasən İddiaçı 1989- 1992-ci illərdə erməni daşnaqlarının hücumu vaxtı Babək rayonunun A.Buzqov kəndinin düşmənlərdən müdafiəsində iştirak edərək şəxsi fədakarlıqlar və qəhrəmanlıqlar göstərmiş və döyüş vaxtı müxtəlif xəsarətlər almışdır. - NT- ******* nömrəli Hərbi biletində (dublikat qeydi ilə 30 aprel 1985-ci il doldurulmuşdur) İddiaçı 1989-1992-ci illərdə erməni daşnaqlarının hücumu vaxtı Babək rayonunun A.Buzqov kəndinin düşmənlərdən müdafiəsində iştirak etməsi və döyüş vaxtı müxtəlif xəsarətlər alması qeyd edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 097061 nömrəli arayışına əsasən İddiaçı müddətsiz “hərbi əməliyyatlar aparılan zonada olmaqla əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə daxil olmuş **********0 nömrəli, 18.10.2021-ci il tarixli cavab məktubuna əsasən qeyd edilmişdir ki, İddiaçı barəsində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat yoxdur. Altsistemi 2015-ci ildən tətbiq edildiyindən şəxsin əvvəlki illərdən (barəsində müraciət olubsa) qeydə alınmış məlumatları sistemə işlənməmiş ola bilər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə daxil olmuş 1730 nömrəli, 27.10.2021-ci il tarixli cavab məktubuna əsasən qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivinin kompyuter bazasında vətəndaş İddiaçı xəsarətinin səbəb əlaqəsi barəsində qərar və ya xəstəlik haqqında şəhadətnamə müəyyən edilməmişdir. Vətəndaş aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi ilə bağlı komissiyaya müraciət etməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaq qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini “iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının göstərilən iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciəti, həmçinin bu müraciətə cavabdeh tərəfindən hər hansı imtina məktubunun verilməsi iş materialları ilə müəyyən edilmir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında - “15.09.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi oxunması qərara alınmışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır” göstərilmişdir. Lakin işin birinci instansiya icraatı materiallarında olan 15.09.2020-ci il tarixli məhkəmə iclas protokolunda cavabdehin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi oxunması deyil, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi qeyd edilmişdir. Həmçinin iş materiallarından iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim etməsi və məhkəmənin iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardad qəbul etməsi müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nə ilkin - “iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”, nə də birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmiş - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə “Əlillik altsistemi” üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik səbəbi müvafiq Hərbi Həkim Komissiyasının qərarı (və ya xəstəlik haqqında şəhadətnaməsi) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının travmasının səbəb əlaqəsini müəyyən edən Hərbi Həkim Komissiyasının qərarı mövcud deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsi Hərbi Həkim Komissiyasının qərarının mövcud olub-olmamasını araşdırmadan, cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində iddiaçının hansı hüquqlarının pozulmasını müəyyən etmədən, əsassız olaraq iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-952/2021 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-952/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar