Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1742/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4717/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-74/1 saylı xx xxxxx 2020-ci tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsini, İddiaçı xx.xx.2020-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya “qaçqın” statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2020-ci il tarixdə sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 18-2020 saylı iş nömrəsi ilə qeydiyyata almış, iddiaçı ilə müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı bildirmişdir ki, Əfqanıstanda anadan olmuş, milliyyətçə puştu, dini etiqadına görə müsəlmandır (sunni). Taliblər onun övladlarının dövlət orqanlarında işlədiklərinə, iki oğlunun talibanın sıralarına qoşulmaq təkliflərini rədd etdikləri üçün təhdid edərək ölümlə hədələnmişlər. Ona görə də oğlu və qızı ilə birlikdə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gələrək bir daha Əfqanıstatana qayıtmaq istəmirlər. xx.xx.2020-ci ildə Dövlət Miqrasiya Xidməti İQ-74/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Dövlət Miqrasiya Xidmətinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizədə 125 saylı, xx.xx.2020-ci il tarixli və İQ-74/1 nömrəli, xx.xx.2020-ci il tarixli qərarların qanunsuz hesab edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4717/2020 nömrəli qərarı ilə (hakim-P.Hüseynov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixində apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4717/2020 nömrəli qərarının ləğv edilməsini, cavabdehin xx.xx.2020-ci il tarixli, İQ-74/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə dair etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyərək apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı– iddia tələbinin cavabdeh orqanın İQ-74/1 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli İQ-74/1 saylı qərarının surətindən görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 125 saylı qərarının surətindən görünür ki, qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli İQ- 74/1 saylı qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan “Qaçqın statusunun verilməsi haqqında” vəsatətə (ərizəanket) əsasən adı- Kobra, atasının adı-Abdul Ghafur (pasportda qeyd edilməyib), soyadı Mohammadi, xx.xx.1972-ci il təvəllüdlü, 48 yaşı var, milliyyəti-puştudur, İrana sığınacaq üçün köç etmiş, Pakistana müalicə üçün getmiş, Hindistana müalicə üçün getmiş, amma 7-8 ay bundan qabaq orada sığınacaq üçün müraciət etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 18-2020 saylı vəsatətin (ərizə-anket) 1 №-li əlavəsinə (müsahibəyə) əsasən iddiaçı pasportunu almamışdan öncə İranda və Pakistanda bir dəfə müalicə məqsədilə olduğunu, o zamanlar həmin ölkələrə gediş-gəliş üçün viza və ya pasport tələb olunmadığını, bu pasportu xəstə olduğu üçün müalicə məqsədilə Hindistana getmək üçün aldığını, onlara Azərbaycana gəlməyi heç kəsin tövsiyyə etmədiyini,özlərinin qərar verdiklərini, həmvətənlərinin gediş-gəlişi olmayan bir ölkəyə getmək istədiklərini, ona görə Azərbaycanı seçdiklərini, hal-hazırda ünvan 1 ünvanında yaşadıqlarını, yaxın qohumlarının nə vaxtsa hər hansı bir siyasi partiyanın üzvü olmadıqlarını, qohumlarının nə vaxtsa həbs olunmadıqlarını , məhkum olunmadığını, öz ölkəsində hökümət tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 18-2020 saylı vəsatətin (ərizə-anket) 2 №-li əlavəsinə (müsahibəyə) əsasən iddiaçı Hindistana Ramazan ayında getdiklərini, təqribən 20 gün sonra, Ramazan ayından sonra Hindistanda aviakassa açdıqlarını, Hindistanda bütün işlərin Azərbaycan Respublikasında olduğu kimi qanuni yollarla həll olunmadığını, onlardan heç kimin nəsə soruşmadığını, sadəcə olaraq daha əvvəl aviakassa olaraq fəaliyyət göstərən bir otağı icarəyə götürüb öz aviakassalarını açdıqlarını, qızının şirkətinin logistika ilə məşğul olduğunu,dövlətin, NATO-nun sifarışlərini alıb çatdırdığını, NATO-nun idman malları sifariş etdiyini, dövlətin müqavilədə qeyd olunan hər bir şeyi sifariş etdiyini və onların alıb-çatdırdığını, şirkətin adının “Nayrika” olduğunu bildirdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Taliblərin onun övladlarının dövlət orqanlarında işlədiklərinə, iki oğlunun talibanın sıralarına qoşulmaq təkliflərini rədd etdikləri üçün təhdid edərək ölümlə hədələndikləri üçün öz ölkəsinə geri qayıtmaq istəmədiyini bildirmiş, ona görə də cavabdehin qərarı ilə razılaşmayaraq qərarların qanunsuz hesab edilməsini və ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı hər iki oğlunun taliblər tərəfindən təhdid edildiklərini, taliblərin onları öz sıralarına cəlb etməyə çalışdığını desə də, iddiaçının hazırda bir oğlu Əfqanıstanda yaşayır və ölkəni tərk etməmişdir. Bundan başqa onun söylədiklərindən oğlu və qızı ilə birlikdə Azərbaycan Respublikasına gəlməmişdən əvvəl Hindistana getdikləri, təxminən 7-8 ay orada yaşadıqları, həmin müddət ərzində qaçqın statusu almaq məqsədilə X1 Qaçqınlar üzrə Ali Komissarlığının yerli nümayəndəliyinə müraciət etdikləri, lakin müraciətin cavabını gözləmədən Əfqanıstana qayıtdıqları, daha sonra Pakistan İslam Respublikasına gedərək bir müddət orada qaldıqları və sonradan Əfqanıstana qayıdaraq Azərbaycan Respublikasına gəldikləri məlum olmuşdur. İnzibati icraat materiallarından həmçinin aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçı ümumi təhlükəsizlik səbəbindən ölkəsində qala bilmədiyini, təqibə məruz qaldığını və bu səbəbdən də ölkəsini tərk etdiyini bildirsə də, iddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd edir : “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. İş materiallarından müəyyən edilir ki, iddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2020ci il tarixli, İQ-74/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 125 saylı, xx.xx.2020-ci il tarixli və İQ-74/1 nömrəli, xx.xx.2020-ci il tarixli qərarların qanunsuz hesab edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və məhkəmə qeyd edilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq, iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1742/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdehin 125 saylı, xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməsi hissəsində mümkün sayılmamışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq belə qərara gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı - cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-74/1 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4717/2020 nömrəli qərarı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-74/1 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1742/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1742/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver