Məhkəmə qərarları › İş №2-1(103)-1742/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1742/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1742/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-258/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-258/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 0,1044 ha olan 258e saylı bağ sahəsini sxematik xaritəyə uyğunlaşdırmaqla həmin bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı X2 inkişafı və istismarı birliyi tərəfindən 16 iyun 2006-cı ildə onunla bağlanmış 37753 nömrəli müqavilə ilə onun istifadəsinə verilmiş 258e nömrəli bağın plan və ölçülərinin tərtib edilməsi, sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılması, faktiki yerləşdiyi koordinatlara uyğunlaşdırılması, nömrə və dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 0,1044 ha olan 258e saylı bağ sahəsini sxematik xəritəyə uyğunlaşdırmaqla həmin bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Aparatının Bağlar təsərüffatının inkişafı və istismarı birliyi ilə 16 iyun 2006-cı ildə Goradil ərazisindəki 258e nömrəli bağın onun istifadəsinə verilməsi haqqında 37753 saylı müqavilə bağlamış və həmin müqavilə ilə Binəqədi rayonunun Goradil ərazisində 1200 kv/m torpaq sahəsi onun istifadəsinə verilmişdir. Həmin bağ sahəsini mişar daşı ilə hasarlayıb dəmir darvaza qoymuşdur. Torpaq bu günə qədər onun istifadəsində olmuşdur. Müqavilə məhkəmə qaydasında ləğv edilməmiş, etibarsız sayılmamış, hal-hazırda qüvvədədir. Son illərdə Novxanı, Pirşağı avtomobil yolunun çəkilişi ilə əlaqədar onun bağ sahəsinin 156 kv.m sahəsi yolun çəkilişi zamanı dövlət ehtiyacları üçün alındı və o, məhkəməyə müraciət edərək kompensasiya tələb etmiş, iddiası təmin edildi və Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən də qüvvədə saxlanıldı. O, bağ sahəsinin qalan hissəsinin dəqiqləşdirilməsi, bağ sahəsinə dair plan və ölçüsünün tərtib edilməsi, dövlət reyestirindən çıxarışın verilməsi ilə bağlı 20.07.2019-cu ildə 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Həmin İdarənin 21.08.2019-cu il tarixli ona ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, sorğu edilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, 258 nömrəsi ilə başlayan bağlar gösdərilən sahədən aralıda yerləşir, həm də ərazi idarəsinin məhkəməyə cəlb edilməməsi və məhkəmənin qanuni qüvvəyə minmiş son qərarının olmaması qeyd edilir. Halbuki son qərar Ali Məhkəmə tərəfindən onun xeyrinə qəbul edilmişdir. 1 saylı Bakı ərazi idarəsində qəbulda olarkən onun həmin bu bağ sənədlərinə baxılıb idarənin işçiləri tərəfindən müzakirə ediləndən sonra ona şifahi olaraq bildirildi ki, 258e nömrəli bağ xəritəyə əsasən 271v nömrəsinə düşür, buna görə də isdifadəsində olan bağ sahəsini mülkiyyətinə keçirə bilmir. 1 saylı Ərazi İdarəsindən sonuncu aldığı cavabda da uyğunsuzluğun aradan qaldırılmasının və çıxarışın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya .ikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı müvafiq ünvanda yerləşən bağ sahəsinə dair reyestrdən çıxarış və plan-ölçünün verilməsi ilə bağlı 20.07.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “258E” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur. Həmiçinin, 258 nömrəsi ilə başlayan bağlar naturada göstərilən ərazidən kənarda yerləşir. Belə ki, naturada 258e saylı bağ sahəsi kimi göstərilən ərazidə bağ nömrələri göstəriləməmişdir və sxematik xəritədə 258-in müxtəlif hərflərlə identifikasiya edilmiş bağları göstərilən sahədən təqribən 350-500 metr cənub hissədə yerləşir. Həmin ərazidə isə faktiki vəziyyətdə bağ sahələrinin hasarlanma işləri və istifadə vəziyyəti bağların bölgüsünə dair sxematik plana uyğun aparılmamışdır. Naturada göstərilən sahənin əvvəlki ölçüsü 1174,0 kv.m olmuşdur. Faktiki vəziyyətdə isə həmin sahənin 156,0 kv.m hissəsi yeni çəkilən Novxanı-Pirşağı avtomobil yolunun təmir-tikinti zonasına düşür. Qeyd olunan səbəblərə görə, iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış 37753 saylı, 16 iyun 2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 258e nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.08.2019-cu il tarixli **********64 saylı imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvanında yerləşən 258E saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, 20.07.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, 258E saylı bağ nömrəsi sxematik xəritədə yoxdur. Həmçinin 258 nömrəsi ilə başlayan bağlar göstərilən sahədən aralıda yerləşir. Bundan əlavə 1 saylı BİİM-nin 2-1(81)-565/2018 saylı inzibati işi üzrə İdarə tərəf kimi cəlb edilməmiş və həmin iş üzrə qanuni güvvəyə minmiş yekun məhkəmə qərarı barədə məlumat yoxdur. Qeyd edilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26.11.2019-cu il tarixli **********26 saylı məktubla məhkəməyə təqdim edilmiş sxematik xəritənin surətindən görünür ki, 258e saylı bağ sahəsi həmin sxematik xəritədə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.02.2020-ci il tarixli **********78 nömrəli məktubda qeyd olunur: Tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Göstərilən 950 kv.m sahənin sərhədlərinə 4-5 daş hündürlüyündə mişar daşı düzülərək şərti sərhədlənmişdir. 258e saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə 258e saylı bağın faktiki yerləşdiyi ərazidə bağ nömrələri göstərilməyib. Sxematik xəritədə 258-in müxtəlif hərflərlə identifikasiya edilmiş bağları göstərilən sahədən təqribən 350-500 metr cənub hissədə yerləşir. Bu ərazidə isə faktiki vəziyyətdə bağ sahələrinin hasarlanma işləri və istifadə vəziyyəti bağların bölgüsünə dair sxematik plana uyğun aparılmadığından vətəndaşın iddia etdiyi 258e saylı bağ sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan 2-1(81)-565/2018 saylı iş materiallarından çıxarışlardan görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31.05.2018-ci il tarixli 2-1(81)- 565/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti X2 inkişafı və istismarı birliyinin 16.06.2006-cı il tarixli, 37753 saylı müqaviləsi əsasında istifadəsində olan Binəqədi rayonu Goradil ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən tikinti altına düşən 156 kv.m sahənin hər bir kv.m-nə görə 40 (qırx) manat olmaqla, cəmi 6.240 (altı min iki yüz qırx) manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə (11.760 manatın ödənilməsi hissəsində) təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 04.09.2018-ci il tarixli 2-1(103)- 2116/2018 saylı qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilən apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31.05.2018-ci il tarixli 2-1(81)-565/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.12.2018-ci il tarixli 2-1(102)-2766/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 04.09.2018-ci il tarixli 2-1(103)-2116/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 25.12.2020-ci il tarixli 10/3169 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivindəki 258e saylı bağ kimi iddia etdiyi və naturada göstərdiyi 950,0 m2 torpaq sahəsinin sərhədlərinə 4-5 daş hündürlüyündə mişar daşı düzülərək şərti sərhədlənmişdir və sahədə tikili yoxdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 258e saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir: sxematik xəritədə 258e saylı bağın faktiki yerləşdiyi ərazidə bağ nömrələri göstərilməmişdir. Sxematik xəritədə 258-in müxtəlif hərflərlə identifikasiya edilmiş bağları göstərilən sahədən təqribən 350-500 metr cənub hissədə yerləşir. Bu ərazidə isə faktiki vəziyyətdə bağ sahələrinin hasarlanma işləri və istifadə vəziyyəti bağların bölgüsünə dair sxematik plana uyğun aparılmadığından vətəndaşın iddia etdiyi 258e saylı bağ sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış 37753 saylı, 16 iyun 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 258e nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 21.08.2019-cu il tarixli imtina məktubunda cavabdeh 258e saylı bağ mövrəsinin sxematik xəritədə olmamasını bildirsə də, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 26.11.2019-cu il tarixli **********26 saylı məktubla məhkəməyə təqdim edilmiş sxematik xəritənin surətindən görünür ki, 258e saylı bağ sahəsi həmin sxematik xəritədə göstərilmişdir. Hazırda cavabdeh 258e saylı bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil etdiyini bildirir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Bundan başqa, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31.05.2018-ci il tarixli 2-1(81)-565/2018 saylı qərarı ilə qeyd olunan torpaq sahəsinin iddiaçının istifadəsində olması müəyyən edilmiş və həmin torpaq sahəsindən tikinti altına düşən 156 kv.m sahənin hər bir kv.m-nə görə 40 (qırx) manat olmaqla, cəmi 6.240 (altı min iki yüz qırx) manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilməsi qərara alınmış və həmin qərar qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçı istifadəsində olan həmin torpaq sahəsinə görə kompensasiya məbləği də almışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(112)-258/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar