Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1743/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (adi cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs "xxxx" firması və zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs "xxxx" ASC) “arayışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2808/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Firması arasında 13 dekabr 2010-cu il tarixli ƏSR/13-10 saylı Müqavilə bağlanmışdır. Yuxarıda qeyd olunan müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir. Sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi (bundan sonra “Cavabdeh”) tərəfindən ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) verilmişdir. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16.100.5 kv.m. sahəsi olan qeyriyaşayış binası və 0.2704 ha torpaq sahəsi ASC “Xalq” Bankının xeyrinə 09.07.2015-ci il tarixində yüklü edilmişdir. Hesab edir ki, Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu barədə iddiaçıya **********87 saylı, 16.09.2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 2i-yaşayış binasına dair Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, 09.07.2008-ci il tarixli sərəncam və müvafiq torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış - hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarəyə ünvanladığı (Mərkəzi bankda ipotekada qalmaq şərtilə həmin torpaq üzərində yerləşən tikilinin qabaqcadan qeydiyyatına etiraz edilməməsi barədə) 15.12.2010-cu il tarixli, 05/04- 719 nömrəli məktubu nəzərə alınmaqla, Mars-M firmasının adına ********** qeydiyyat nömrəli 24.12.2010-cu il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Daha sonra sözügedən qeyri-yaşayış binasına dair 26.12.2019-cu il tarixli, 67/01 nömrəli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolu əsasında ASC "xxxx"ın adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Həmçinin, sözügedən əmlakla bağlı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1247/2019 saylı bildirişləri İdarəyə daxil olmuş, lakin müvafiq məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Cavabdeh göstərilənlənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2808/2022 saylı, 24 fevral 2022-ci il nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bütövlükdə qərarda işin halları, iddiaçının arqumentləri, hətta qabaqcadan qeydiyyatın əsası olmuş sənədlərin mövcudluğu araşdırılmamışdır. Belə ki, cavabdeh ondan dəfələrlə tələb edildiyindən sonra nəhayət ki, sözügedən daşınmaz əmlakla bağlı sənədlər qovluğunu məhkəməyə təqdim etdi. Həmin qovluğun araşdırılması zamanı aşağıdakılar məlum olmuşdur. Qovluqda “Mars M" firmasının rəhbəri X3 tərəfindən qabaqcadan qeydiyyatın həyata keçirilməsi ilə bağlı 04.12.2010-cu il tarixdə' əl ilə şirkət blankında yazdığı ərizə var. Bəşirov digər məhkəmə proseslərində iddia edir ki, belə bir ərizə göndərməyib və ümumiyyətlə həmin dövrdə Azərbaycanda olmayıb. Buna görə də onun izahat verməsi barədə vəsatət vermişdik, lakin Məhkəmə təmin edilmədi. Halbuki, həbsdə olsa da, onu aidiyyəti məhkəmə proseslərinə çağırıb şahid kimi dindirirlər. Qovluqda 25.12.2010-cu il tarixli ödəniş qəbzinin surəti var. Halbuki daşınmaz əmlakın dövlət reyestrindən Arayışdan görünür ki, qeydiyyat nömrəsi 1 ********* olan qabaqcadan qeydiyyatın tarixi 24.12.2010-cu ildir. Yəni qeydiyyat dövlət rüsumu ödənilmədən aparılmışdır. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində isə deyilir: “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.” Yəni qeydiyyat anında hüquq əmələ gəlirsə, dövlət rüsumu hansı əsasla ondan sonra ödənilib. Başqa sözlə, qeydiyyat qanunsuz aparılıb. Sərəncamın 4-cü bəndində “Mars M” firmasına tövsiyə edilmişdir ki, “bərpa işləri başa çatdıqdan sonra obyektin texniki pasportunun və digər müvafiq sənədlərin tərtib olunması məqsədilə “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə" müraciət etsin. Cavabdeh işlər bitməmiş qabaqcadan qeydiyyatı həyata keçiribdir. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayıbdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına, iddiaya etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçının vəkili tərəfindən onun elektron şəxsi kabineti vasitəsilə təqdim edilmiş ərizə ilə onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, ünvan 4 ünvanda 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 120 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmış, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmiş, "xxxx" firması tərəfindən həmin bina sökülmüş, əvəzində inşa ediləcək tikili üzərində qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 5 mərtəbə və zirzəmindən ibarət 16.100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvandakı daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdır. ”Mars-M” firması ilə bağlanmış müqavilələrə əsasən iddiaçı satın aldığı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması həmin qabaqcadan qeydiyyatla bağlı mümkün olmadığı üçün daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi barədə cavabdehə müraciət etmiş, müraciəti təmin edilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışlar ki, tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün ərizə (hüquqi şəxsin ərizəsi rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir), dövlət rüsumunun ödənilməsi haqqında sənəd, plancizgi, tikintiyə icazə sənədləri tələb olunur ki, həmin sənədlər qeydiyyat aparılan zaman mövcud olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan ƏSR/13-12 nömrəli, 13.12.2010-cu il tarixli müqavilə və ƏSR/13-10 nömrəli 13.12.2010-cu il tarixli arayışlara əsasən, iddiaçı ünvan 6 ünvanda binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m olan 13 №-li mağazanı almışdır. İddiaçının cavabdehə ünvanlanmış 10.08.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri S.Vurğun küçəsində 0,19426 ha torpaq sahəsində yerləşən 120 nömrəli binada 1627,3 kv metr ümumi, 374,4 kv metr əsas, 1252,9 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanda 0,2704 ha torpaq sahəsi 16.06.2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 327 nömrəli 09.07.2008-ci il tarixli sərəncamına əsasən ünvan 4 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyriyaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. Cavabdeh tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən hüquq sahibi "xxxx" firmasının adına qabaqcadan qeydiyyat kimi 5 mərtəbə və zirzəmindən ibarət 16.100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ 24.12.2010-cu ildə qabaqcadan qeydiyyata alınmışdır. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. 17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. 17.3. Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. 17.4. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. 17.5. bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında təlimat”ın 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir (2 nömrəli əlavə). Həmin Təlimatın 1.4-cü bəndinə əsasən, bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə qabaqcadan dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə). “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Frespublikası Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşin faktiki hallarından göründüyü kimi, hazırkı mübahisədə iddiaçının hüquqi marağı daşınmaz əmlak üzərində hüququn "xxxx" firmasının adına qabaqcadan qeydə alınması barədə cavabdeh tərəfindən verilmiş arayışın ləğvinə nail olmaqdan ibarətdir. İddiaçının ləğv edilməsini tələb etdikləri arayışın verilməsi üçün hüquq sahibi kimi qeyd edilmiş "xxxx" firması tərəfindən ərizə ilə cavabdehə müraciət edilmişdir, həmin ərizə hüquqi şəxsin blankında yazılmış və "xxxx" firmasının möhürü ilə təsdiq edilmişdir, belə bir ərizənin mütləq qaydada çap edilmiş şəkildə olması qanunvericilikdə nəzərdə tutulmamışdır, hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsas – torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış, habelə tikintiyə icazə verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 09.07.2008-ci il tarixli, 327 nömrəli sərəncamı hüququn qabaqcadan qeydiyyatı zamanı tikintiyə icazə sənədi kimi təqdim edilmişdir. Bundan əlavə, iddiaçının mübahisələndirilən qabaqcadan hüququn dövlət qeydiyyatı haqqında arayışda qeyd edilən əmlakdakı qeyri-yaşayış sahələsini satın almasına dair müqavilə bağlamasına və həmin qeyri-yaşayış sahəsi üzərində hüquq əldə etməsinə gəldikdə isə Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" firmasının cavabdeh ASC "xxxx"ına qarşı aralarında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası və cavabdeh ASC “Xalq” Bankın iddiaçı “MarsM” firmasına qarşı 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətt müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17000000 ABŞ dolları məbləğində əsas borcun, 2388957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində cərimə faizlərinin, cəmi 19400119,08 ABŞ dolları və 26.05.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 26000000 manat məbləğində təyin olunması barədə qarşılıqlı iddia tələbinə və müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-zadə Afət Rəşid qızının və X2 cavabdehlər "xxxx" firmasına və "xxxx" ASC-yə qarşı həmin qurumlar arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli “Sonrakı ipoteka müqaviləsi”nin ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv metr olan 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin Ağa-zadə Afət Rəşid qızına məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv metr sahəsi olan 1 №li mağazanın, həmin mərtəbədə yerləşən 30,2 kv metr qeyriyaşayış sahəsinin, X4 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 25,6 kv metr 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi tələbinə dair işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasında 17.07.2019-cu il tarixdə 2-2(102)-285/2019 №li işə baxılan zaman və həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarından "xxxx" ASC-nin şikayəti əsasında Ali Məhkəmənin həmin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində yoxlanılması zamanı baxılan zaman iddiaçının iddia ərizələrində istinad etdiyi müqavilə nəzərdən keçirilməklə müvafiq qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, “əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182ci maddəsinə əsasən əşyanın özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən məlumatsız olduğu hallarda da əldə edən mülkiyyətçi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişsə və ya bilməli idisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları pozulmur”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən qabaqcadan dövlət qeydiyyatı haqqında arayışın ləğv edilməsinə dair iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdehin haqlı sayılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, apellyasiya şikayətində istinad edilən dəlillər hazırkı mübahisəyə münasibətdə mülkiyyət və digər əşya hüquqlarının qabaqcadan qeydiyyata alınması hüququnu istisna edən hal kimi qiymətləndirilə və qabaqcadan dövlət qeydiyyatı haqqında arayışın ləğv edilməsinə səbəb ola bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2808/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1743/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1743/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver