Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1743/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X23 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 42.000 (qırx iki min) manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədi ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2764 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış massivi, Yeni Günəşli qəsəbəsi, “Günəşli” şadlıq evində xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı, 005293 nömrəli aktla rəsmiləşdirlmişdir. Həmin akt əsas götürülərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2764 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçı 21 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2.000 (iki min) manat olmaqla, ümumilikdə 42.000 (qırx iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki 21 nəfər fiziki şəxslə vasitəçilik xidmətinin göstərilməsi məqsədilə 2021- ci ilin oktyabr ayından Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada xidmət müqaviləsi bağlanılmışdır. Buna baxmayaraq, şəxslərdən təzyiq altında izahat alaraq, onlara izahatlarında iddiaçı ilə onlar arasında xidmət müqavilələrinin bağlanıİmadığını qeyd etməyə məcbur etmişlər. Cavabdeh orqanın iddiaya yazılı etirazları onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X36 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8937 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi) ünvanında yerləşən “Günəşli” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 20 (iyirmi) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 1 (bir) nəfərin “Sadələşdirimiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005293 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 21 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Həmçinin iddiaçı verdiyi izahatında da həmin şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2764 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 42.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərarı (hakim: S.Salahova) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən, vergi orqanlarının yoxlamaların keçirilməsi zamanı yalnız yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ olduğu halda, bu normanın tələbləri pozularaq, vergi ödəyicisi ilə xidmət müqaviləsi əsasında münasibətləri formalaşan şəxslərdən hüquqlarından sui-istifadə edərək alınmış izahatlar etibarsız olduğu halda məhkəmə izahatları sübut kimi qəbul etmişdir. Məhkəmə “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi” Qaydalarını qanundan, yəni Vergi Məcəlləsindən üstün tutmuşdur. Həmçinin Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi üçün vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar əsasdır. Lakin həmin məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir. Yoxlama qərarının olmadığı halda, məhkəmə həmin qərarı əsaslı hesab etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman 20 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə 005293 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2764 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 42000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, operativ vergi nəzarəti vergi ödəyicisinə məxsus Günəşli şadlıq evi adlı obyektdə keçirilmiş və maliyyə sanksiyası məhz vergi ödəyicisi barəsində qəbul edilmişdir. Cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı inzibati aktı məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. - 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. - 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. - 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. - 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. - 10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Sadalanan qanunvericilik normalarının təhlilindən görünür ki, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyası vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçının 20 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 1 nəfər fiziki şəxsi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən ona məxsus obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş 21 nəfərin izahatlardan aydın göründüyü kimi, hər biri öz izahatında Günəşli şadlıq sarayında işlədiyini bildirmiş, həmçinin gündəlik əmək haqqı almaları barədə, iş saatları barədə məlumat vermişlər. Həmçinin, izahatların hər birinin sonluğunda özləri tərəfindən yazıldığı imzaları ilə təsdiq edilmişdir. Beləliklə, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 20 nəfər fiziki şəxsin və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfər fiziki şəxsdən (X24, X25, X10, X1, X6, X26, X7, X14, X29, X15, X27, X16, X28, X35, X17, X11, X18, X8, X30, X19 və X31) alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar) ilə, eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının xx.xx.2022-ci il tarixdə X26 və X14 ilə, cinayət işinin istintaqı zamanı 16 nəfər ilə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, həmçinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il Qərardan göründüyü kimi ümumilikdə 20 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilməkdən yayındırılmış 655,72 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların DSMF-da, 50,44 manat icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesablarına köçürülməsi və işin digər faktiki halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilməlidir ki, izahatı alınan fiziki şəxslər izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, bir çox izahatda restoranda izahat verən şəxslə birlikdə çalışan digər şəxslərin adlarını göstərmişlər. Bu hal iddiaçının izahatı ilə də öz təsdiqini tapmışdır. Kollegiya həmçinin qeyd edir ki, vergi ödəyicisi tərəfindən ərizə ilə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsinə müraciət edilərək, işçilərlə əmək münasibətlərini rəsmiləşdirdiyini, habelə işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyini nəzərə alaraq, onun barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Müvafiq qərara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 20 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində cinayət işinin başlanması, bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək münasibətlərini rəsmiləşdirməsi, ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyi üçün cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. xx.xx.1963-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı izahatında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini bildirərək, adları aktda qeyd olunan 20 (iyirmi) nəfərdən 16 (on altı) nəfər ilə əmək müqaviləsi bağlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirildiyini, 4 (dörd) nəfər isə işdən könüllü çıxdıqlarına görə onların əvəzinə 4 nəfər digər şəxslərlə yəni, X2, X20, X3 və X4 ilə əmək müqavilələri bağlandığını və müvafiq qaydada qeydiyyatdan keçirildiyini göstərərək, bunu təsdiq edən bildirişləri araşdırmaya təqdim etmişdir. Araşdırma ilə fərdi sahibkar İddiaçı 20 nəfərlə əmək münasibətlərini rəsmiləşdirməsi təsdiqlənmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati xəta məsuliyyəti müəyyən edilmişdir. AR Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Göründüyü kimi, istər inzibati xəta, istər cinayət, istərsə də vergi qanunvericiliyi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edən normaları özündə ehtiva edir ki, burada qorunması nəzərdə tutulan hüquq və mənafelər təkcə dövlətin hüquq və mənafeləri olmayıb, həmçinin işçilərin də hüquq və mənafelərinin qorunmasına xidmət edir. Belə ki, əmək müqaviləsi işçi üçün əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlar müəyyən edir ki, həmin müqavilələrin mövcudluğu faktiki olaraq iş və ya xidmət göstərən şəxslərin işəgötürən qarşısında hüquqlarının müdafiəsini imkanlarının müəyyən edilməsinə xidmət edir. Həmçinin iddiaçı apellyasiya şikayətində qeyd edir ki, VM-nin 50.2.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata keçrilməsi üçün vergi orqanları tərəfindən hansı mənbədən və şəxslərdən məlmatın əldə olunması ilə bağlı hər hansı bir sənəd mövcud deyildir. Qeyd edilən dəlilə münasibətdə iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqanın nümayəndəsi bildirdi ki, elektron sistem vasitəsilə sözügedən şadlıq sarayında qeydiyyatdan keçmiş işçilərin sayının az olması (5 nəfər) müvafiq diskresion səlahiyyətə malik inzibati orqan tərəfindən müvafiq yoxlamanın aparılmasına əsas verən haldır. Yekunda hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********2764 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunarkən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona maliyyə sanksiyalarını tətbiq etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur (VM-37.4), cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləmişdir (VM-24.0.2), cavabdehin mübahisəli qərarları qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), qərar mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1743/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1743/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver