Məhkəmə qərarları › İş №2-1(103)-1744/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1744/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1744/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Sotanhəmid oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə X12 qızının katibliyi, İddiaçının vəkili X9, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1130/2018 saylı iş üzrə qəbul etdiyi 16 mart 2021-ci il tarixli qərardadından ərizəçi X2 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1130/2018 saylı, 16.03.2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportda qeyd edilən 169.4 kv.m olan ölçülərə uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qərarı qanuni qüvvəyə mindikdən sonra 10.05.2018-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.08.2018-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1130/2018 saylı, 16.03.2018-ci il tarixli qərarı icra edilmişdir. İşdən görünür ki, məhkəmənin 2-1(82)-1130/2018 saylı, 16.03.2018-ci il tarixli yekun qərarı "xxxx" MTK-nın hüquqşünası tərəfindən 21.11.2019-cu il tarixdə əldə edilmişdir. Daha sonra qanuni təmsilci X2 26.11.2019-cu il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1130/2018 saylı, 16.03.2018-ci il tarixli qərarının ləğv edilməsi və həmin iş üzrə onun "xxxx" MTK-nın qanuni təmsilçisi qismində 3-cü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1130/208 saylı, 18.03.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardaddan narazı qalan X3 apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, "xxxx" MTK-nın qanuni təmsilçisi kimi məhkəmə icraatına cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçinin qanuni təmsilçisi olduğu "xxxx" MTK ilə X7 arasında 29 mart 2002-ci ildə 146 kv metr qeyri-yaşayış sahəsi haqqında müqavilə bağlanmışdır. Lakin Ç.Hüseynzadəyə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 16.03.2018-ci il tarixli 2-1(82)-1130/2018 saylı qərarı ilə 169,4 kv metr qeyri-yaşayış sahəsi verilmişdir. Baxmayaraq 23,4 kv metr qeyri-yaşayış sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmamışdır. Lakin məhkəmə qərardadı ilə səhv nəticəyə gələrək 146 kv metr qeyri-yaşayış sahəsinin 2002-ci ildə satılmasına istinad etsədə 23 kv metr qeyri-yaşayış sahəsinin ümumiyyətlə bu günədək hüquq müəyyənedici sənədlərinin olmamasına qiymət verməmişdir. MTK-nın qanuni təmsilçisi kimi hüquqlarının pozulduğunu bildiyi andan- 21.11.2019-cu il tarixdən, 5 gün müddətində 26.11.2019-cu il tarixdə məhkəməyə vəsatətlə müraciət etmişdir. Ərizəçi məhkəməyə MTK-nın qanuni təmilçisi kimi vəsatət vermişdir. Bu onun 26 noyabr 2019-cu il tarixli vəsatətinin sonunda da göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayətə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası ərizəçinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, X7 05 yanvar 2018-ci il tarixdə ərizə ilə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi müraciətin təmin olunmasından (ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsinə görə) imtina etmişdir. Bu imtina əsasında iddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddiası təmin olunmuşdur. Birinci instansiya məhkəməsi üçüncü şəxs kimi icraata cəlb olunmaya daur vəsatəti rədd edərkən nəticəsini aşağıdakı kimi əsaslandırmışdır: “...məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər və X1 müvafiq ərizə ilə müraciət etmək üçün subyektiv hüququ olmadığından, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1130/2018 saylı, 16.03.2018-ci il tarixli qərarı qəbul edilərkən və ya qanuni qüvvəyə minənədək (mindikdən sonra da) iddianın predmeti olan qeyri-yaşayış sahəsinin X1 hüquqlarına və qanunla qorunan maraqlarına toxunacağını əvvəlcədən müəyyən edilməsi mümkün olmadığından, həmçinin müvafiq qərar qəbul edildiyi vaxtda mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunun mülkiyyət hüququ mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçdiyindən vəsatət (ərizə) təmin edilməməlidir.” Kollegiya məhkəmənin bu nəticəsi ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını işin faktiki hallarına düzgün tətbiq etmədən, yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. AR İPM-in 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. AR MPM-in: 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən 10.07.2014-cü il tarixli Çıxarışına əsasən X2 "xxxx" MTK-nın qanuni təmsilçisidir. Birinci instansiya məhkəməsi Axundov Allahverdinin MTK-nın qanuni təmsilçisi olması faktını tanısa da, AR Mənzil Məcəlləsinin 109.5, 119.1, 120.1-ci maddələrinə əsasən, "xxxx" MTK-nın MTK-dan müştərək cəmiyyətə çevrilmədiyinə görə, həmçinin ərizəçinin ərizədə öz adından müraciət etməsinin onun subyektiv hüququ olmadığını hesab edərək, "xxxx" MTK-nın məhkəmə icraaatına üçüncü şəxs qismində cəlb edilməməsi nəticəsinə gəlmişdir. Kollegiya vurğulayır ki, ərizəçi X2 məhkəməyə "xxxx" MTK-nın qanuni təmsilçisi kimi müraciət etmişdir. Həm birinci instansiya məhkəməsinə təqdim etdiyi vəsatətin, həm də apelyasiya şikayətinin mətnindən məhkəməyə MTK-nın qanuni təmsilçisi qismində müraciət etdiyi aydın görünür. Tərəfindən məhkəməyə təqdim edilən məhkəmə qərarını əldə etməsinə köməklik göstərilməsi barədə ərizəsində "xxxx" MTK-nın rəhbəri olduğunu qeyd etmişdir. Məhkəməyə təqdim edilən həmin sənəd, həmçinin digər ərizə və apelyasiya şikayətinin üzərində "xxxx" MTK-nın möhürü vurulmuşdur ki, bu da vəsatətin "xxxx" MTK tərəfindən verilməsini ehtiva edir. Kollegiya hesab edir ki, bir halda ki, nəticə olaraq hüquqlarına toxunulan şəxs "xxxx" MTK hüquqi şəxsidir, X1 qanuni təmsilçisi kimi "xxxx" MTK inzibati məhkəmə icraatına cəlb edilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi isə işin hallarını düzgün dəyərləndirməmiş, aidiyyatı olmayan şəxs tərəfindən qaldırıldığı nəticəsinə gələrək vəsatəti təmin etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli məsələyə AR Mənzil Məcəlləsinin müvafiq müddəalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli binanın müştərək cəmiyyətinə aid olmasını ehtimal etmişdir. Çünki, iş materiallarında AR Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələblərinə uyğun olaraq mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya müştərək cəmiyyətin yaradılması barədə hər hansı sübut mövcud deyildir. Bundan əlavə işin yuxarıda qeyd edilən halları "xxxx" MTK-nın mövcudluğunu və mübahisəli 23,4 kv.m. qeyri-yaşayış sahəsinə dair sonuncunun mülkiyyət hüququnun olması ehtimalını aradan qaldırmır. İşin faktiki hallarından aydın olur ki, mübahisəli qeyri-yaşayış sahəsinin daxil olduğu yaşayış binası "xxxx" MTK-ya aiddir. "xxxx" MTK-nın 30.09.2004-cü il tarixli ümumi iclasının 12 saylı protokolu ilə MTK-nın Nərimanov rayonu, 758,759-cu məhəllə, Bakıxanov kücəsindəki yaşayış binasının “C” blokun 1-ci mərtəbəsində 146.0 kv.m qeyriyaşayış sahəsinin Ç.M.Hüseynzadəyə verilməsi barədə qərar qəbul edilmişdir. 05.10.2004-cü il 10B saylı protokol surətindən də görünür ki, iddiaçıya verilən MTK-nın mülkiyyətində olan binanın “C” blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 146,0 kv.m-dir. Eyni zamanda, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MTK -nın mübahisələndirilən qərarın mövcudluğundan Nərimanov rayon məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı qaldırdıqları iddia icraatı (“146 kv.m sahənin dəyəri ödənilmədiyinə, 23,.4 kv.m sahənin ümumiyyətlə sənədi olmadığına, 30 kv.m artıq istifadə edilməsinə) zamanı məlumatı olmuş, bundan sonra 12.11.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 21.11.2019-cu il tarixdə məhkəmə qərarını əldə etmiş, 5 gün sonra 26.11.2009-cu ildə isə vəsatət təqdim edərək, 146,0 kv.m-dən artıq qeyri-yaşayış sahəsinin iddiaçıya satılmadığını bildirərək, mübahisələndirilən qərarın maraqlarına toxunduğuna istinad edərək "xxxx" MTK-nın qanuni təmsilçisi kimi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Göründüyü kimi ərizəçi hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandırmışdır. Məhkəmə kollegiyası işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16.03.2018-ci il tarixli, 2- 1(82)-1130/2018 saylı qərarının "xxxx" MTK-nın maraqlarına toxunma ehtimalı olduğundan "xxxx" MTK 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, işə 3-cü şəxsin iştirakı ilə mahiyyəti üzrə yenidən baxılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 83 və 87-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apelyasiya şikayəti təmin edilsin. "xxxx" MTK 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1130/2018 saylı, 16 mart 2018ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Raqib Qurbanov Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar