Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1745/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “razılaşma aktının ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2291/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən ona zorla, təzyiqlə imzalandırılan razılaşma aktının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2014-cü ildə cavabdeh hücum çəkib iddiaçının obyektini dağıtmış, 9 ay sonra ona bildirilmişdir ki, dağıdılmış obyektinə görə 64.850 manat pul hesablanaraq “Kapital Bank”a köçürülüb, lakin iddiaçı bununla razılaşmamış, bütün dövlət orqanlarına şikayətlər etmiş, həmin pulu qəbzlə götürmək istəmiş, bu halda pulun ona verilməyəcəyi bildirildiyindən məcbur olub məlum razılaşma aktını imzalamış və bankdan həmin pulu götürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2291/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, işi yenidən icraata qəbul edib baxılmasını və ya ərizəsinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İcra Hakimiyyəti ona münasibətdə inzibati orqan kimi məcburiyyət tədbirlərinə onu məruz qoymuşdur. Yəni evə gedən su xəttini, kanalizasiya xəttini, qaz xəttini və elektrik enerjisi xəttini kəsməklə ona qarşı məcburiyyət tədbiri həyata keçirmişdir. Cavabdeh güc strukturları vasitəsi ilə onu mübahisələndirdiyi aktı imzalamağa məcbur etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçının hazırda mübahisələndirdiyi razılaşma aktı onunla cavabdeh arasında notarial qaydada bağlanmış əqddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (2.3 və 17 bənd). İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində ləğv olunması xahiş olunan razılaşma aktı inzibati akt deyildir, tərəflər arasında notarial qaydada bağlanmış əmlaka dair kompensasiya ödənilməsi barədə razılaşma aktının ləğvi məsələsi xüsusi hüquq sahəsinə aid məsələdir və mülki qanunvericilik normaları ilə tənzimlənir və bu halda cavabdeh rayon icra hakimiyyəti inzibati orqan kimi deyil, əqdin tərəfi kimi çıxış edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli razılaşma aktının (akt RİH Başçısının müavini, komissiyanın sədri E.Əhmədov və RİH-nin 4 nömrəli SİƏD üzrə nümayəndəsi, komissiyanın katibi V.Nəsibov tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd edilmişdir ki, İddiaçı hesablanmış 81.77 kvm tikilisi üçün cəmi alacağı təzminat 74.677,50 manatdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli razılaşmanın (razılaşma Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilib, reyestrdə 3M-619 № ilə qeyd edilb) surətinə əsasən birinci tərəf İddiaçı, ikinci tərəf Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi dəlilinə əsasən qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə bildirişləri iddiaçının qeydiyyat ünvanı olan ünvan 3 ünvanına (məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır), iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, Babək prospekti, Turşu küçəsi, 2210-cu məhəllə, 32 A ünvanına (məhkəmə bildirişi “bina sökülüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır) və eyni zamanda iddiaçının iddia ərizəsində göstərdiyi ***-***-**-** nömrəli əlaqə nömrəsinə SMS bildiriş göndərilmiş və bildiriş iddiaçı tərəfindən qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan (səhifə 31) xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən məhkəmə iclasında iddiaçının iştirak etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin iddiaçı tərəfindən protokola dair hər hansı bir yazılı qeyd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəfindən iddiaçının apellyasiya şikayətində qeyd etdiyi bu dəlil əsassız hesab olunur. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması nəticə etibarı ilə işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2291/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2291/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1745/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1745/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver