Məhkəmə qərarları › İş №2-1(103)-1745/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1745/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1745/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı “obyektin tikilərək ona təhvil edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “obyektin tikilərək ona təhvil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4392/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh1nə qarşı Bakı-Astara yolunun 48-ci km.-də yerləşmiş Bakı şəhəri Cavabdeh1 tərəfindən sökülmüş, ona məxsus olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına tikilərək ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus kommersiya mağazasının 2008-ci ilin oktyabr ayında Səngəçal qəsəbə nümayəndəsi tərəfindən sökülməli olması şifahi olaraq bildirilmiş, onun sökülüb-köçürülməsinin mümkünsüzlüyü bildirildikdən sonra sökülməyə başlanılmış və sökülmüşdür. Bununla bağlı təkcə dəyən ziyanın məbləği 40000 min manat təşkil edir. Həmin əmlak 17000 manat məbləğində qiymətləndirilərək sığorta olunmuş, əlavə olaraq təxminən hər ay 600-800 manat mənfəətdən də məhrum olunmuşdur. Odur ki, Bakı-Astara yolunun 48-ci km.-də yerləşmiş Bakı şəhəri Cavabdeh1 tərəfində sökülmüş, ona məxsus olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına tikilərək ona təhvil verilməsini istəyir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı söküntü barədə 12 ildən sonra məlumat vermişdir. Aparılmış araşdırma nəticəsində söküntü ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən obyektlərin tikintisinə və istismarına icazələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4392/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4392/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən maddi, xüsusən prosessual hüquq normaları kobud şəkildə pozularaq, ətraflı araşdırma aparılmadan qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarının Səngəçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Cavabdeh2 qanunla qorunan hüquq və maraqlarına toxunmayacağı müəyyən edildiyindən xx.xx.2022-ci il tarixli qərardadla həmin şəxslərin 3cü şəxs qismində cəlb edilməsi ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsinin qərarında göstərdikləri ilə yanaşı, eyni zamanda kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə olan təcrübəsini nəzərə alaraq məhkəmə kollegiyası iddianın mümkün sayılması ilə razılaşır və onu da qeyd edir ki, iddianın mümkün sayılma məsələsi hazırki mərhələyədək cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Odur ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Cavabdeh1nə qarşı tələbi “Bakı-Astara yolunun 48-ci km.-də yerləşmiş Bakı şəhəri Cavabdeh1 tərəfindən sökülmüş, ona məxsus olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına tikilərək ona təhvil verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından məhkəmə icraatı dövründə imtina edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırkı işdə iddiaçıya yerli icra hakimiyyəti orqanının sərəncamı ilə ayrılmış əmlakların sökülməsi ilə bağlı cavabdeh inzibati orqanın hər hansı hüquqa zidd, təqsirli hərəkətinin olduğu və yaxud da söküntünün məhz bu cavabdeh tərəfindən həyata keçirildiyi müəyyən olunmur. Lakin iş materiallarından, o cümlədən iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı 12 il əvvəl sökülmüş obyektlə bağlı cavabdehin məhz hansı təqsirkar orqan olması barədə uzun zaman qərar verə bilməmiş, bu orqanın Cavabdeh1 olduğunu dəqiqləşdirdikdən sonra isə söküntünün onun tərəfindən aparıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə yanaşı, sökülmüş obyektinin bərpa olunmasının həmin orqanın üzərinə qoyulmasını tələb etmişdir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələblərinə uyğun olaraq məcburetmə, dolayısı ilə də hər nə qədər birbaşa göstərilməsə də öhdəliyin icrası və kompensasiya ilə bağlı iddia növləri üzrə mövcud inzibati məhkəmə təcrübəsi təsdiq edir ki, sübutetmə yükü əsasən iddiaçı tərəfin üzərinə düşür. Yalnız inzibati orqan iddiaçının arzuladığı inzibati aktın və ya hərəkətin qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, qanunvericilik belə şərtlərin mövcudluğunu sübutetmə vəzifəsini həmin inzibati orqanın üzərinə qoyur. Məhkəmə araşdırmaları zamanı İddiaçı obyektin söküntüsünun cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməsini təsdiq edən hər hansı mötəbər sübutu təqdim etməmiş, həmçinin iddiaçıya məxsus olmuş obyektin söküntüsü barədə müvafiq orqanlarda hər hansı məlumat aşkar edilməmişdir. Bununla da İddiaçı əmlakının sökülməsi məsələsinin cavabdehə aidiyyatını sübuta yetirə bilməmiş və bu hal fakt olaraq məhkəmə araşdırmaları zamanı da öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia üzrə cavabdehin qanuna zidd əməli - hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən iddiaçıya qeyriyaşayış sahəsinin tikilərək təhvil verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyula bilməz. Odur ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas yaratmadığından qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4392/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4392/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar