Məhkəmə qərarları › İş №2-1(103)-1746/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1746/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1746/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3902/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq qaçqın statusunu alması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xx.xx.1984-cü il təvəllüdlü X6 müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayır. xx xxxxxx 2019-cu il tarixində qaçqın statusu verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, müsahibə keçirilmişdir. Qaçqın statusunun verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçı İran İslam Respublikasının Tehran şəhərində anadan olduğunu, milliyətcə azərbaycanlı olduğunu, heç bir dinə etiqad etmədiyini, Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərində “Younullah” məktəbində 1-3 cü siniflərdə, sonra Kəleybər şəhəri yaxınlığında Mavlan və Dəmirçi kəndlərində 4-8-ci siniflərdə təhsil aldığını, 9-12-ci sinifləri Kəleybər şəhərində təhsil aldığını, 9-cu sinifdə oxuyarkən milliyətçi kimi formalaşdığını, fars dilində təhsil almağa etiraz etdiyini və təhsili davam etdirmədiyini, 23 yaşından əmək fəaliyyətinə başladığını bildirmişdir. Bundan əlavə olaraq 2006-ci ildə Kəleybərdə Qərib ticarət meydanında (pasaj) kitab mağazası açmış, lakin 2 ay sonra həmən mağaza Azərbaycan dilində kitab satışı ilə məşğul olduğu üçün X5 idarəsi tərəfindən bağlanmış, 5-6 ay sonra Kəleybərdə Müəllim küçəsində “Qaya” adlı yeməkxana açmış, 1 il istifadə ediləndən sonra həmin yeməkxananın adı azərbaycan dilində olduğuna görə bağlanmış, bundan sonra Kəleybərdə toyuq dükanını açmış, təxminən 5 ay bu dükanı işlədəndən sonra dükanın adının türkcə olması bəhanəsi ilə bağlanmışdır. 2006-ci ildən etibarən bənnalıq etdiyini, Azərbaycan Respublikasına gələnə qədər bu işlə məşğul olduğunu, Azərbaycana gəldikdən sonra “Çaylaq Media” şirkətinin (AN.T telekanalı) xəbər bölümündə saytları izlədiyini, fars dilində olan xəbərləri Azərbaycan dilinə tərcümə etməklə məşğul olduğunu da müsahibə zamanı bildirmişdir. 2008-ci ildə X3 ilə ailə qurmuş, lakin 2013-cü ildə boşanmışdır. 2004-2018-ci illərdə milli-mədəni fəaliyyətinə görə dəfələrlə polis tərəfindən saxlanmışdır. 2007-2008-ci illərdə Əhər zindanında həbsdə olmuş, 2015-2018-ci illərdə mənşə ölkəsini tərk etməzdən 1 həftə əvvəl 2019-cu ildə polis tərəfindən saxlandığını, söhbət aparıldıqdan sonra buraxıldığını qeyd etmişdir. Ərizəyə əlavə etdiyi sənədlər bunun sübutudur. Ölkəni tərk etmək səbəbi İranda yaşayarkən AN.T telekanalı üçün xəbərlər hazırladığı və bu fəaliyyətindən İran dövlət orqanlarının xəbərdar olduğunda şübhələndiyi və dostu X1yıtdıqdan sonra İran polisi tərəfindən sorğulandığı və iddiaçının barəsində verilən sualların İranda onun müxtəlif təhlükələrə və təqiblərə məruz qalacağından ehtiyat etdiyinə görə ölkəsini xx.xx.2019-cu ildə tərk edib, Azərbaycana gəldiyini qeyd etmişdir. Müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. Aldığı müvəqqəti şəhadətnamədə təsdiqlənir ki, o, həqiqətən, qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxxx 2019ci il tarixində müraciət etmiş və haqqında ***-**** saylı şəxsi iş açılmışdır. Həmin sənəd Azərbaycan Respublikası Prezidentinin tərəfindən xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndinə əsasən (barəsində qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilməsi hüququ) xx.xx.2020-ci il tarixinədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən şəxsiyyətini təsdiq edən sənəddir. Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi qərar əsasız və qanunsuzdur Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3902/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3902/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, xx.xx.1984-cü ildə anadan olmuş İran İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı da hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İran İslam Respublikasının vətəndaşıdır. xx xxxxxx 2019-cu ildə o, qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Cavabdehin imtinasının əsası isə ondan ibarətdir ki, iddiaçı ölkəsini tərk etməsini İranda yaşayarkən dəfələrlə polis tərəfindən saxlanıldığını göstərsə də, ölkəsini tərk etməzdən bir qədər əvvəl polis tərəfindən sorğu edilsə də, ona verilmiş suallar ümumi xarakter daşımış, şəxsin hər hansı ciddi təqib və təhdidə məruz qalması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki,ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmiş, o, adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Lakin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı o, İranda yaşayarkən dəfələrlə polis tərəfindən saxlanıldığını göstərsə də, ölkəsini tərk etməzdən bir qədər əvvəl polis tərəfindən sorğu edilsə də, ona verilmiş suallar ümumi xarakter daşımış, şəxsin hər hansı ciddi təqib və təhdidə məruz qalması müəyyən edilməmişdir. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, İddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanuna zidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün yetərli olmadığını nəzərə alaraq, hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3902/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar