Məhkəmə qərarları › İş №2-1(103)-1746/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1746/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1746/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1771/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 28.02.2021-ci il tarixli, 042 əç əmrin qanunsuz olduğuna görə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə müraciət edərək 20.02.2021-ci il tarixli, N əç əmr qanunsuz olduğuna görə ləğv edilməsi və onun N nömrəli hərbi hissədə kadrlar bölməsinin operatoru vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 fevral 2018-ci ildə ərizə ilə müraciəti əsasında Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu qismində kadrlar bölməsinin operatoru vəzifəsinə təyin edilmişdir. Onun aşpaz vəzifəsinə təyin edilməyinin əsas səbəbi onun başqa hərbi hissəyə xidmət yerinin dəyişdirilməsi barədə 2020-ci ilin dekabr ayında raport yazmağı olub. Məhz bu raportu yazdıqdan sonra hərbi hissə komandiri onunla qərəzli mövqe tutmağa başlamış və sonunda müqavilə müddəti tam başa çatmadan onun ordu sıralarından qanunsuz tərxis edilməyinə səbəb olmuşdur. İddiaçı xidmət etdiyi dövr ərzində xidmətdə fərqləndiyinə və vəzifə borcunu daim uğurla yerinə yetirdiyinə görə bir neçə dəfə müxtəlf mükafatlarla təltif edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazdan göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini (ərizə verilmədən əvvəlki tələbi) etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı ilə həqiqi hərbi xidmətdən qarşıdaki buraxılışı haqqında iki fərdi söhbət aparılmış, 26.02.2021-ci il tarixdə aparılmış ikinci söhbət zamanı o, qeyd olunan Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunduğu barədə xəbərdar olmuş, iddiaçı ilə axrincı haqq hesab 05.03.2021-ci il tarixdə aparılmışdır. O, 29.03.2021-ci il tarixdə hərbi qeydiyyata götürülmüşdür. İddiaçının əmri mübahisələndirmək üçün bir neçə əsası olsa da, iddiaçı bunu etməmiş və nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. 07.12.2021-ci il tarixdə iddiaçı tərəfindən üzürlü səbəbdən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1771/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı (hakim O.Həsənov) ilə prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və təyin edildiyi kadrlar bölməsinin operatoru vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən 20.02.2021-ci il tarixli, N əç əmrin iddiaçıya inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim və ya elan edilməsinə lazımi qaydada önəm verməmişdir. Belə ki, iddiaçıya 20.02.2021-ci il tarixli, N əç əmri N nömrəli hərbi hissə komandiri tərəfindən yazılı və ya şifahi şəkildə təqdim və ya elan edilməmişdir.İddiaçı həmin hərbi hissədə tutduğu kadrlar bölməsinin operatoru vəzifəsindən azad edilərək həmin hərbi hissədə aşpaz vəzifəsinnə təyin edilməsi barədə yalnız aşpaz vəzifəsinin icrası ondan tələb edildiyi halda bilmişdir. İddiaçı 20.02.2021-ci il tarixli, N əç əmrdən ona bu barədə məlum olandan 7 ay sonra məhkəməyə müraciət etmişdir. 20.02.2021-ci il tarixli, N əç əmrdən mümkün hüquqi müdafiə vasitələri barədə iddiaçıya məlumat verilməmiş, həmçinin əmrdə bu barədə yazılı məlumat əks edilməmişdir. Onun prossesual müddətin buraxılmasında təqsiri olmamışdır və hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında yalnız hüquqi yardım üçün vəkilə mürəciət edərkən xəbəri olmuşdur və müddətin buraxılmasına səbəb olan hallar aradan qaldırıldıqdan dərhal sonra 15 gün ərzində məhkəməyə müraciət etmişdir. İddiaçının N nömrəli hərbi hissədə tutduğu kadrlar bölməsinin operatoru vəzifəsindən azad edilərək həmin hərbi hissədə təyin edildiyi aşpaz vəzifəsi arasında heç bir qanunauyğun əlaqə yoxdur. Bu vəzifələr mahiyyəti etibarı ilə bir birinə zidd olan vəzifələr və ixtisaslardır. Belə olan halda yuxarıda qeyd edildiyi kimi, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 72- ci maddəsinin “b”-nin tələbinə görə hərbi qulluqçular vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya mövcud təcrübəsinə müvafiq istifadə olunması təmin edilməlidir. Hərbi qulluqçuların onlar üçün yeni ixtisasda istifadə olunması zəruri olduqda vəzifəyə təyin edilməzdən əvvəl onlar bir qayda olaraq, müvafiq kurslarda (toplanışlarda) yenidən hazırlıq keçməlidirlər. iddiaçı N nömrəli hərbi hissədə aşpaz vəzifəsinə təyin edilməmişdən öncə müvafiq kursa cəlb edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq, iddiaçının təyin edildiyi kadrlar bölməsinin operatoru vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və həmçinin, izahatında bildirdi ki, iddiaçı 28 fevral 2021-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin a bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən (9151-ci artilleriya divizionunun maddi-texniki təminatı taqımının təsəsrrüfat manqasının aşpazı vəzifəsindən) ehtiyata buraxılmışdır. Hazırda isə tələbi əvvəlki kadrlar bölməsinin operatoru vəzifəsinə bərpa ilə bağlıdır ki, həqiqə hərbi xidmətdən ehtiyata buraxıldığından və həmin əmr mübahisələndirilmədiyindən tələb özü-özlüyündə mümkünsüzdür. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. İnzibati işdən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi 20.02.2021-ci il tarixli əmrlə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq (aşağı vəzifəyə) N nömrəli hərbi hissənin artilleriya divizionunun madditexniki təminat taqımının təsərrüfat manqasının aşpaz vəzifəsinə keçirilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayətinstansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iş materiallarında iddiaçıya mübahisələndirilən əmrin hansı tarixdə təqdim olunması ilə bağlı məlumat olmasa da, onun həmin əmrin mövcudluğundan xəbərdar olmasını təsdiq edən bir neçə hal mövcuddur:

1. Əmrin elan edilmə tarixi;

2. Söhbət vərəqəsində “Bəli bilirəm” qeydlərinin olması;

3. Hərbi biletdə olan qeydlərin olması. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinə əsasən, intizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir. Həmin Qanunun 81-maddəsinin “q” bəndinə görə Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilərlər. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X2 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir. Həmin Qanunun 162-ci maddəsinə görə hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddiməişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Göründüyü kimi, Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmuş hallarda həyata keçirilir ki, intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilərlər. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuya növbəti hərbi rütbə verilməsi ilə bağlı təqdimatın təxirə salınması haqqında qərarı və bu qərarın qəbul edilməsinə əsas olan səbəb hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Həmçinin, hərbi qulluqçu ehtiyata buraxılarkən də onunla müvafiq söhbət aparılır və aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Bundan başqa, iş materiallarında olan ikinci söhbət vərəqəsindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ilə N nömrəli hərbi hissənin komandiri - polkovnik tərəfindən söhbət aparılmış, iddiaçı intizamsızlıqlara görə 12.01.2021-ci il, 29.01.2021-ci il və 08.02.2021-ci il tarixlərdə üç “şiddətli töhmət” intizam cəzalarını alması və 20.02.2021-ci il tarixdə intizam cəzası qaydasında aşağı vəzifəyə keçirilməsinə münasibətdə “Bəli, bilirəm” ifadələrini bildirmiş, bununla da mübahisələndirdiyi əmrdən və aşağı vəzifəyə keçirilməsində xəbərdar olduğunu təsdiq etmişdir. Hətta, iddiaçı tərəfindən verilmiş “Bəli, bilirəm” ifadələri də mübahisələndirilməmişdir. Digər tərəfdən, iddiaçının aşağı vəzifəyə keçirilərək aşpaz vəzifəsində işləməsi ilə bağlı məlumatlar hərbi biletinin 11-ci qrafasında (Həqiqi hərbi xidmət keçməsi) göstərilmişdir. Ən əsası isə iddiaçı 20.02.2021-ci il tarixdən sonra artıq N nömrəli hərbi hissədə kadrlar bölməsinin operatoru vəzifəsinin funksiyalarını deyil, məhz aşpaz vəzifəsinin funksiyalarını icra edərkən artıq aşağı vəzifəyə keçirilməsindən məlumatlı olmuşdur. Həmçinin, iddiaçı ehtiyata buraxıldıqdan, haqq-hesab aldıqdan, hətta hərbi qeydiyyata götürüldükdən sonra belə əmrləri mübahisələndirməmiş, yalnız əmrlərin elan edilmə tarixlərdən 7 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan əmr barədə iddiaçı qəbul edildiyi tarixdə məlumatlı olmuşdur. Həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya baxışında aparılmış araşdırma zamanı müəyyən edildi ki, iddiaçıya inzibati akt olaraq əmr özü təqdim olunmasa da, aşağı vəzifəyə keçirilməsi barədə rəsmi məlumat daşıyıcısı (söhbət vərəqəsi, hərbi bilet) verilmişdi və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcədə mötəbər idi. Başqa sözlə, iddiaçı sözügedən əmri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi. Ötürülmüş prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizəyə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin iddia müddətini ötürmüşdür, lakin müddətin buraxılmasına səbəb olmuş halları hüquq müdafiə vasitələri barədə əmrdə məlumat olmaması və ona əmr barədə yazılı məlumat əks edilməməsi əlaqələndirsə də, məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, əmrin mütləq qaydada yazılı formada iddiaçıya təqdim edilməməsi və hüquq müdafiə vasitəsi barədə məlumatın qeyd edilməməsi təqsirlə bağlı vəziyyəti iddiaçının xeyrinə dəyişmir. İddiaçı hazırki halda müddətin ötürülməsinin üzürlü səbəblərini əsaslandıra bilmir. Əmrin mütləq qaydada rəsmi olaraq təqdim edilməməsinə münasibətdə yuxarıda qeyd edildiyi kimi əmrin mütləq qaydada rəsmi olaraq yazılı formada təqdim edilməsi nəzərdə tutulmamışdır. Əksinə hərbi sahəni əhatə edən qanunvericiliklə əmrlərin elan edilməsi ilə bağlı kifayət sayda normalar isə mövcuddur. “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.

138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.

165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə komandirinin əmri ilə elan edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarından aydın olduğu kimi iddiaçı X5 Komandanının birinci müavini-qərargah rəisinin 28 fevral 2021-ci il tarixli 042 əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin a bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən (9151-ci artilleriya divizionunun maddi-texniki təminatı taqımının təsəsrrüfat manqasının aşpazı vəzifəsindən) ehtiyata buraxılmışdır. Həmin əmr mübahisələndirilməmişdir. İrəli sürülən tələbi isə əvvəlki kadrlar bölməsinin operatoru vəzifəsinə bərpa ilə bağlıdır ki, həqiqi hərbi xidmət qulluqçusu olmadığından, həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması ilə bağlı əmr mübahisələndirilmədiyindən iddiaçının tələbi özü-özlüyündə mümkünsüzdür. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbinin mümkün hesab edilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1771/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar