Məhkəmə qərarları › İş №2-1(103)-1747/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1747/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1747/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanəhməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı MMC-nin direktoru X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə,, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-450/21 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021ci il tarixli qərarından iddiacı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı İddiaçı MMC-yə hesablanmış 120 (bir yüz iyirmi) manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı MMC-nin direktoru X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, artıq ödənilmiş verginin İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə məhkəmənin 2-1(112)-945/2020 saylı, 27.02.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-450/21 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin olunmasına dair yeni qərar qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamışdır. Həmin hüquqi şəxslərdən biri də, "xxxx" MMC olmuşdur. 31.10.2018-ci il tarixdə Türkiyədən ilk və son dəfə idxal etdiyi məişət avadanlıqları olan yükü Gömrük İdarəsindən keçirib satışa çıxardıqdan sonra qazanc az olduğuna görə qərara gəlmişdir ki, şirkətin fəaliyyətini dayandırsın. 20.11.2018ci il tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. 31.10.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 7594.66 manat artıq ödəniş etmiş, 2019-cu ilin iyun ayının 17-də və 31də müraciət edərək, mebel yükün etdiyi vaxt yaranan artıq ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Bundan 15 gün sonra “Artıq ödənilmiş vergilərin, faizlərin və mailiyyə sanksiyalarının vergi ödəyicəsinə qaytarılması Qaytarılmasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 20010-ci il 23 fevral tarixli, 48 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarında dəyişiklik edilməsi sahibkarların işinə daha da müsbət təsir etməli idi. Firmanın fəaliyyətinə başladığı ilk gündən ƏDV qeydiyyatında olsa da, cari, dəqiqləşdirilmiş ƏDV bəyannamələri versə də, vergi xidməti 19.08.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəhanəsi ilə cavabdeh analoji hesablama aparmış və artıq ödənilmiş vəsaitdən 1892 manat silmişdir. 21.08.2019-cu il və 13.09.2019-cu il tarixdə cavabdehə ərizə yazıb artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. 10.12.2019-cu il tarixdə bəyannamə təqdim etmədiyinə görə ona cavabdeh tərəfdən 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin məktuba əsasən 23.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanmda Lokal Gəlirlər Baş İdarəsinin Səyyar Vergi Yoxlamalarının İdarəsini rəis Akif Allahverdiyev və şöbə müdiri onu qəbul etmişdir. Lakin, buna baxmayaraq, müxtəlif bəhanələr gətirərək artıq ödənilmiş vergini verməkdən imtina etmişlər. Bu səbəbdən də, cavabdehin hərəkətlərini qanunsuz və əsassız olduğundan, hesab edir ki, hakim icraatında olan işi obyektiv araşdırmamış və məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qərara cıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “ödənilmiş verginin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Birinci instansiya məhkəməsi kameral vergi yoxlaması ilə aparılmış hesablamalardan sonra iddiaçının şəxsi hesab vərəqəsində 11 fevral 2021-ci il tarixə, cəmi ödənilməli olan borc məbləğinin 5106,29 manat təşkil etməsi, iddiaçının hımin tarixə şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin mövcud olmamasına istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla məhkəmə kollegiyası iddiaçının onun artıq ödədiyi vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, hazırki işdən iddiaçının bir neçə dəfə artıq ödədiyi vergi məbləğlərinin ona qaytarılması ilə bağlı vergi orqanına müraciətlər etdiyi, lakin onun ərizələrinin vergi orqanı tərəfindən təmin edilmədiyi müəyyən olunur. Belə ki, iddiaçının bu məzmunda ərizələrinin təmin edilməməsinə səbəb ərizələrin düzgün tərtib olunmaması ilə bağlı olmuşdur. İddiaçı 30.07.2021-ci il tarixdə verdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində hansı məbləğdə ödədiyi verginin qaytarılmasını dəqiq göstərmədiyi üçün apellyasiya baxışı zamanı ona bu tələbini dəqiqləşdirmək təklif olunmuş və verdiyi ərizə ilə iddiaçı tələbində 5662,66 manat məbləğində artıq ödədiyi vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh vergi orqanı isə kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 7594,66 manat əlavə vergi məbləğinin hesablanmasına, bundan sonra iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin mövcud olmadığına və bu barədə iddiaçının müraciətinin də olmadığına istinad edərək iddianın təmin edilməsinin qeyri-mümkün olduğunu bildirir. Müəssisənin işdə olan şəxsi hesab vərəqəsindən görünür ki, onun 10.01.2019-cu il tarixə 7594,66 manat məbləğində artıq ödəməsi mövcud olmuşdur. Lakin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********293900 saylı 19.08.2019-cu il tarixli qərarla 1.892 manat sadələşdirilmiş vergi və **********573800 saylı 24.07.2020-ci il tarixli qərarla iddiaçıya kameral qaydada 2018-ci ilin (bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı) 7594,66 manat məbləğində vergi hesablandığı üçün həmin məbləğ və əlavə olaraq hesablanmış 40 manat şəxsi vərəqədə silinərək 24.07.2020-ci il tarixə vergi ödəyicisinin artıq ödəməsi mövcud olmamış, 2012 manat borcu yaranmışdır. İşin həqiqi hallarından mübahisəsiz şəkildə təsdiq olunur ki, iddiaçının vergi orqanına artıq ödəməsinin qaytarılması ilə bağlı 21.08.2019-cu il tarixdə müraciət etdiyi zaman onun həqiqətən də 5662,66 manat artıq ödəməsi mövcud olmuşdur. Bu hal vergi orqanı tərəfindən əvvəl mübahisələndirilməsə də, sonrakı mülahizəsində ziddiyyətli fikirlərlə təkzib olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1-ci maddəsinə əsasən digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Göründüyü kimi, vergi qanunvericiliyinin tələbinə görə vergi ödəyicisinin artıq ödəməsinin sonrakı öhdəliklər üzrə ödəmələr hesabına aid edilməsinə yalnız vergi ödəyicisinin razılığı ilə yol verilir. Lakin hazırki işdə iddiaçının onun artıq ödəməsinin sonrakı öhdəlikləri üzrə ödəmələrə aid edilməsi ilə bağlı razılıq verdiyi müəyyən olunmur. Əksinə, iddiaçı bu artıq ödəməsinin ona qaytarılmasını vergi orqanına dəfələrlə etdiyi müraciətlərlə tələb etmişdir. İddiaçının iddia etdiyi artıq ödəmənin qaytarılması barədə rəy verilməsi vəzifəsinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu məsələ AR Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Belə ki, həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Məhkəmə kollegiyası müəssisənin şəxsi hesab vərəqəsinə əsasən iddiaçının 21.08.2019-cu il tarixə 5662,66 manat məbləğində artıq ödəməsinin mövcud olduğunu, bu ödəmənin ona qaytarılması ilə bağlı vergi orqanına dəfələrlə müraciətlərinin olduğunu və vergi orqanının vergi ödəyicisinin razılığı olmadan onun artıq ödəmələrini sonrakı öhdəliklər üzrə ödəmələrə yönəltmək hüququnun olmadığını nəzərə alaraq hesab edir ki, vergi orqanının həmin artıq ödəmənin iddiaçıya qaytarılması ilə bağlı müvafiq Qaydalara əsasən rəy vermək öhdəliyi yarandığından, iddiaçının bu barədə tələbi əsaslıdır və təmin olunmalıdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-450/20 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-450/2021 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin İddia tələbi təmin edilsin. İddiaçı MMC tərəfindən artıq ödənilmiş 5662,66 manat məbləğində verginin qaytarılması barədə rəyin verilmə öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: MirzəTağızadə Hakim: Anar Tanrıverdiyev Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar