Məhkəmə qərarları › İş №2-1(103)-1747/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1747/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1747/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh2” publik hüquqi şəxsinə qarşı “təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, iş yerinə qaytarılması, əmək haqqının ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-211/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Cavabdeh2”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2019-cu il tarixində keçirilən sertifıkasiyada test tapşırıqları üzrə topladığı bal sayının məqbul olduğunu sübut etmək üçün, verilən tapşırıqların sürətinin ona verilməsi, “İctimai Səhiyyə sə İslahatlar Mərkəzi”-nin sertifikasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində keçirilən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsi, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasını Cavabdeh2 tərəfindən təmin edilməsi, işdən kənar edilmiş müddətində hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 40 ilə yaxın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusiləşdirilmiş «X2 və Epidemilogiya Mərkəzində» işləmişdir. Başlanğıcda epidemioloq və sonraki illərdə dar ixtisas mütəxəssisi kimi, Su Nəqliyyatı üzrə gigiyenə bölməsinin əmək gigiyenası sanitariya həkimi vəzifəsində işləmişdir. Onun bilavasitə nəzarət etdiyi fəaliyyət sahələri üzrə Azərbaycanda cəmi iki nəfər sanitariya həkimi vəzifəsində Dövlət sanitariya nəzarətini həyata keçirirdi (o və bölmə müdiri). xx.xx.2020-ci il tarixindən onu vəzifəsindən azad etmişlər. 02 dekabr 2019-cu il tarixində o, Cavabdeh1nin sertifikasiya şöbəsi tərəfindən sertifıkasiya imtahanına çağırılmışdır. İmtahan zamanı test tapşırıqlarına nəzər yetirərkən görmüşdür ki, verilən tapşırıqlarda, onun 40 il çalışdığı fəaliyyət sahələrinə qətiyyən yad olan suallar daxil edilib. O, nəzarətçilərə öz etirazını bildirmiş, lakin onlar buna məhəl qoymamışlar. Sertifikasiya imtahanına çağrı vərəqəsində yazılır - Gigiyena ixtisası üzrə sertifikasiya imtahanı (amma dünyada gigiyena ixtisası mövcud deyil! Gigiyena - elmdir!). O, 1972 - 1978-ci illər ərzində N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda təhsil alıb və sanitariya ixtisası üzrə 6 illik tam kursu bitirmişdir (Diplom №: 013716). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1 maddəsinə əsasən sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.” Sertifikasiya imtahanı üçün tərtib edilmiş test tapşırıqlarında, orada çap edilən rəqəmlərdə, normativlərdə, dərəcələrdə, bölünmədə və sair əmsallarda çox saylı uyğunsuzluqlar səhvlər və qüsurlar yer almış, test tapşırıqlarında Rusiyada nəşr edilmiş sanitariyagigiyenaya aid olan elmi məlumatlarından mətn hissələri götürülmüş və bu elmi məlumatların azərbaycan dilinə savadsızcasına tərcümə edilməsi və buraxılmış çoxsaylı stilistik qüsurlar açıq-aydın gözə çarpırdı. xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərində Səhiyyə Nazirinin müavini Sertifikasiya şurasının sədrinə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh1 tərəfindən verilən test tapşırıqlarında yer almış qüsurlardan, xəbər vermiş , lakin, xx.xx.2020-ci il tarixində Mərkəzdən aldığı cavab məktubunda başdansovma şablon ifadələrdən ibarət cavab verilmişdir. Mərkəzin əməkdaşları ilə görüşüb ona düşən test tapşırıqlarının sürətini verilməsini xahiş etsə də, rədd cavabı almışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda deyilir: Maddə 49-1.Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası.” Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respub'ikasının Əmək Məcəlləsi ilə tənzimlənir.” Deməli, qanunla onun 02 iyun 2020 - ci il tarixinə qədər, hazırlıq keçərək, müraciət edib təkrar sertifikasiyadan keçmək hüququ olmalı idi. Əmək Məcəlləsinin 67-1 maddəsinin 5-ci bəndinə əsasən Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbəycən Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Lakin qanuna zidd olaraq, ona 6 ay müddəti təkrar sertifikasiya olunmaq üçün vaxt verilməmişdir. O, xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X2 və Epidemiologiya Mərkəzində (GEM) həkim-gigiyenist vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Gigiyena” ixtisası üzrə kursu bitirmişdir. Əmək Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq sertifıkasiyadan keçmək üçün xx.xx.2019-cu il tarixdə “Gigiyena” ixtisası üzrə test imtahanı vermiş və yetərli bal toplamadığına görə nəticəsi qeyri-məqbul hesab edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qununun 49-1-ci maddəsinə uyğun olaraq iddiaçının iş yeri saxlanılmaqla, 6 ay müddətində praktik tibbi fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsinin təmin edilməsi barədə “Su nəqliyyatında GEM-in xx.xx.2019-cu il tarixli 115-K |saylı əmri verilmişdir. Həmin tarixdən Su nəqliyyatında GEM-i tərəfindən 116-K saylı əmrlə iddiaçı təkrar kursa göndərilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Qida zəhərlənmələri”üzrə ixtisaslaşdırma kursunda iştirak etmiş və ******* saylı şəhadətnamə almasına baxmayaraq təkrarən sertifikasiya imtahanının verilməsi üçün müraciət etməmişdir. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən çalışmanın yaş həddinin tamam olması və 10-1.2-ci maddəsinə uyğun olaraq çalışma müddətinin azaldılması üçün Su nəqliyyatında GEM-dən Respublika GEM-nə 08-08 nömrəli xx.xx.2020-ci ildə məktub ünvanlamışdır. X3 Məcəlləsinin 101.1-ci maddəsinə əsasən çalışma müddətinin bitdiyini və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununun 49-1-ci maddəsinə uyğun olaraq sertifikasiyadan keçmədiyini nəzərə alaraq və Əmək Məcəlləsinin Maddəsinin 4-cü bəndini əsas tutaraq onun çalışma müddətinin uzadılmasının mümkün olmadığı bildirilmiş və Su nəqliyyatında GEM-in xx.xx.2020-ci il tarixli 10-K saylı əmri ilə iddia ilə bağlanmış 59 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci bəndinə əsasən (çalışmanın yaş həddinə çatdığına görə) xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbinə “xx.xx.2019-cu il tarixində keçirilən sertifıkasiyada test tapşırıqları üzrə topladığı bal sayının məqbul olduğunu sübut etmək üçün, verilən tapşırıqların sürətinin ona verilməsi” hissəsində xitam verilmişdir. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia “cavabdeh tərəfindən imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasının təmin edilməsi, işdən kənar edilmiş müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı xx.xx.2020-ci il tarixli başqa bir qərarı ilə, tarixli qərarı ilə iddia qalan hissədə iddia təmin edilməmişdir. İddiaçının apellyasiya şikayətlərinə əsasında Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1062/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadları ilə birinci instansiya məhkəməsinin mahiyyəti üzrə qərarı, eləcə də, eyni tarixli iddianın mümkün sayılmaması barədə qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları birinci intansiya məhkəməsinin icraatına daxil olduqdan sonra, iddiaçı 15 tarixli 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,“təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılması, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-211/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının həmin tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, və düzgün tətbiq edilməmişdir. Belə ki, o, 25 il Xəzər dənizində su nəqliyyatında epidemiolaq vəzifəsində işləmiş, sonrakı 15 il əmək gigiyenası üzrə işləmişdir. Ümumi və Qida zəhərlənmələri kurslarında onun ixtisasına aid mövzular olmadığına görə kurs təşkilatçıları onu qeydiyyata alıb geri yola salıblar. Çünki, 40 ilin mütəxəssisi üçün öz sahəsinə aid bilik və təcrüdəsini genişləndirmk hər şeydən daha vacibdir. Lakin məhkəmə dövlət sanitariya nəzarətinin spesifik xüsusiyyətlərindən məlumatsızlığın nəticəsi olaraq əsaslı dəlillərin anlamadığına görə onları sadələşdirməklə onları təhrif edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh2nə ünvanlanmış 17 fevral 2020-ci il tarixli, 08-08 nömrəli məktubda cavabdehdən əmək müqaviləsinin bir il müddətinə uzadılmasını xahiş olunsa da, cavabdeh onun hüquqlarını pozaraq heç 6 aya belə razılıq vermədi, hətta ona qanunla imtahana hazırlıq üçün verilən 6 ay vaxtın tamamına 3 ay qalmış əmək müqaviləsinə xitam verdi. Məhkəmə iclası tələsik keçirilmiş və ona iddia tələbini əsaslandırmağa imkan verməmiş, bundan əlavə sanitariya terminləri gigiyenik əmsallar, rəqəm və dərəcə işarəsi arasında fərqi bilmədiyinə görə, imtahanda buraxılan qüsurların mahiyyətini başa düşməyərək buna ümumiyytlə diqqət yetirməmişdir. Amma əslində, imtahan zamanı onu stresli vəziyyətə gətirən “İctimai Səhiyyə və islahatlar Mərkəzinin imtahan vərəqəsində olan bu səhv rəqəmlər idi. Bunun nəticəsində psixoloji qarışıqlıq yaşayarkən, verilən vaxtın az qalmasına görə panik-qorxu vəziyyətinə düşməyi imtahanda yetərli bal qazanmamasının və uğursuzluğunun əsas səbəbi oldu Buna görə də məhkəmə ekspertizasının təyin olunması zərurətə çevrilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qununun 49-1-ci maddəsi ilə ona verilən 6 ayın birinci 2 ayından çox müddət ərzində onun və Sertifikasiya şöbəsi arasında imtahan suallarında yer alan kobud səhvlər ilə əlaqədar şiddətli yazılı mübahisə gedirdi. Belə olan halda təkrar imtahan üçün onun müraciət etməsi məntiqsiz addım olardı. Çünki, şikayət ərizələrinə cavabları gözləməli idi ki, buna ehtiyac olacaq, yaxud olmayacaq. Məhkəmənin məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi iddiaçının qeyd etdiyi halların sübuta yetirilmədiyi barədə gəldiyi nəticə qəribə və başadüşülməzdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda, iddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, hazırkı məhkəmə araşdırmasının predmetini onun öhdəliyin icrası haqqında “onun təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılması, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi barədə ”iddia tələbi təşkil edir. İddiaçının sözügedən iddia tələbinin qanuni əsasını isə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qununun 49-1-ci maddəsi təşkil edir. Qanunun sözügedən 49-1-ci maddəsinin 4-9-cu abzasları isə aşağıdakıları nəzərdə tutur: “Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” İşə əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh2nə ünvanlanmış 17 fevral 2020-ci il tarixli 08-08 №-li və xx.xx.2020-ci il tarixli 04-13/561 №-li məktublarına əsasən müəyyən olunur ki, xx.xx.1955ci il təvəllüdlü İddiaçı: - 1978-ci ildən həkim kimi fəaliyyət göstərməyə başlmış, 1992-2005-ci illərdə də X2 və Epidemiologiya Mərkəzində, xx.xx.2007-ci il tarixdən Su Nəqliyyatı üzrə sanitariyagigiyena bölməsində həkim gigiyenist vəzifəsində xx.xx.2019-cu il tarixində “Gigiyena” ixtisası üzrə keçirilən sertifikasiya imtahanında 37 bal toplamış və imtahandan keçmədiyinə görə Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü bəndinə əsasən xx.xx.2020-ci il kənarlaşdırılmış, onunla bağlanmış əmək müqaviləsi uzadılmamışdır. Daha sonra isə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 və Epidemiologiya Mərkəzinin işə əlavə olunmuş 10-k nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, həmin əmrlə, X2 və X1 nəqliyyatı üzrə sanitariya gigiyena bölməsinin həkim gigiyenisti İddiaçı ilə bağlanmış 59 nömrəli Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Beləliklə, tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, xx.xx.2019-cu il tarixində sertifikasiya imthanında keçid balı toplamadığına görə iddiaçı barəsində ilk öncə, tutduğu vəzifəsindən 6 ay kənarlaşdırma tətbiq olunmuş, daha sonra isə cavabdehin (işəgötürənin) xx.xx.2020-ci il tarixli 10-k nöməli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qununun qeyd edilən 49-1-ci maddəsinin 7-ci abzasında təsbit olunan müddəasından göründüyü kimi: - “sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.” Qanunun qeyd olunan tələbinə görə təkrarən sertifkasiya olunma iki şərtin mövcudluğu halında baş tutur: 6 ay müddətinə iş yeri saxlanılıdığı və müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdiyi halda, yalnız, işçinin təkrar sertifikasiya olunmaq hüququ olur. Konkret halda, tədqiq olunan sübutlarla müəyyən olunan hallardan isə göründüyü kimi, cavabdehin xx.xx.2020-ci il tarixli 10-k №-li əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə hazırda həmin əmr qüvvədə ola-ola, başqa sözlə, onun iş yeri saxlanılmadığı halda, iş yerinə qaytarılmasını və təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsini cavabdehdən tələb edir. Göründüyü kimi, qanunun qeyd olunan tələbləri baxımından, iddiaçının hazırkı iddia tələbinin təmin edilə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını faktlar-nöqteyi nəzərindən düzgün nəticə kimi qiymətləndirir, Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-211/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-211/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar