Məhkəmə qərarları › İş №2-1(103)-1747/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1747/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1747/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12719/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

2. 179389 nömrəli, 03 avqust 2006-cı il tarixli vəsiqənin surətinə əsasən, Qarayev Ələddin Malış oğlu əlildir.

3. AZ-İ 772968 nömrəli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən Qarayev Ələddin Malış oğlu 19 sentyabr 2015-ci ildə ölmüşdür.

4. AO seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən, Qarayev Ələddin Malış oğlu xx.xx.1993-cü ildə Beyləqan rayon komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, xx.xx.1995-ci ildə ehtiyata buraxılmışdır. xx.xx.1994-cü il tarixdə mina partlayışı nəticəsində sol baldır sümüklərinin açıq sınıq travması almışdır.

5. 23.05.2023-cü il tarixli ərizənin surətindən görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı məhkəməyə müraciət etməmişdən qabaq cavabdeh inzibati orqana müraciət etmişdir.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçı X6 ünvanladığı 01 iyun 2023-cü il tarixli, 3-17-1/2-Q-122451/2023 nömrəli “Birdəfəlik ödəmə haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. X16 Malış oğlunun aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir.

7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 17-4/2-Q-17598/2023 saylı məktubuna əsasən aşagıdakılar bildirilmişdir - şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində Ə.Qarayevə dair məlumat aşkarlanmamışdır; bununla əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək tövsiyyə edilmişdir.

8. X10 əvəzinə X3 **********983 nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə surətinə əsasən, atası Qarayev Ələddin Malış oğlu, xx.xx.2015-ci il tarixində ölmüşdür və tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür; ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur.

9. X7 **********903 nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə surətinə əsasən, atası Qarayev Ələddin Malış oğlu, xx.xx.2015-ci il tarixində ölmüşdür və tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür; ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur.

10. X1 **********902 nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə surətinə əsasən, oğlu Qarayev Ələddin Malış oğlu, xx.xx.2015-ci il tarixində ölmüşdür və tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür. Oğlunun ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur.

11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 16 dekabr 2022-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının təqdim etdiyi məlumata əsasən Filialda mərhum həyat yoldaşı Qarayev Ələddin Malış oğlunun sosial ödənişlərinə aid sənədləri aşkar edilmədi.

12. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 31 avqust 2022-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Mərkəzi Filialda X16 Malış oğlunun pensiya və müavinət ödənişinə dair sənədləri aşkarlanmamışdır.

13. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X21 Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırması üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 11 iyul 2023-cü il tarixli, 3-17-1/2- 154189/2023 nömrəli cavab məktubuna əsasən, mərhum X9 pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçının mərhum həyat yoldaşı Qarayev Ələddin Malış oğlunun X11 zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Qarayev Ələddin Malış oğlu xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. 06 aprel 1993-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon bölməsi tərəfindən təkrar hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı X11ndə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 849,N saylı hərbi hissələrinin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi döyüş yolu keçmişdir. Qarayev Ələddin xx.xx.1994- cü il tarixdə Beyləqan rayonu ərazisində gedən döyüş əməliyyatları zamanı mina partlayışı nəticəsində sol baldır sümüklərinin açıq sınığı ağır xəsarəti almışdır. İlk yardım N saylı hərbi hissənin tibbi rotasında göstərilmişdir.xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilə kimi Daxili qoşunların Qaradağ rayonunda yerləşən hospitalında qeyd olunan diaqnozla müalicə olunmuşdur. Uzun müddət Bakı şəhərində yerləşən HTİ-nin tramvatologiya klinikasında həmin diaqnozla müalicə almış, 45 günlük məzuniyyətdən sonra xx.xx.1994-cü ilə kimi həmin klinikada təkrarən müalicə almışdır. Qeyd olunan diaqnoz “Hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi 1850 saylı, 27 oktyabr 1994-cü il tarixli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq olunur. Göstərilən xəstəliklə əlaqədar iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərə görə Beyləqan HƏEK tərəfindən əlillik təyin edilmişdir. X13 Bakı şəhəri, Səbail rayonu ərazisinə paspot qeydiyyatına düşdüyündən və yaşadığından sonuncu dəfə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon ƏƏSMN-i tərəfindən 179389 saylı, 03 oktyabr 2006-cı il tarixli müddətsiz əlillik vəsiqəsi verilmişdir. İddiaçının həyat yoldaşı 19 sentyabr 2015-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı ölən günədək 2-ci qrup müharibə əlili kimi pensiyasını almışdır. Lakin həyat yoldaşına “Hərbi qulluqçıların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ saylı, 20 may 1997- ci il tarixli Qanununun tələblərinə uyğun olaraq sığorta ödənişi verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

17. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə xx.xx.2023-cü il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 6600 manat məbləğində sığorta ödənişinin ödənilməsini xahiş etmiş, lakin iddiaçıya ünvanlanmış məktubda sığorta ödənişinin verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə Azərbayca Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqəədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətnamə altsisteminə daxil edilmiş və aldığı xəsatərlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərzələşdirilmiş eıektron informasıya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli, 271 nömrəli Qərarına əsasən müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri (hərbi-həkim komissiyasının (həkim –uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyinin müəyyən edilməsinə dair tibbi- sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış, ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə Fondun qəbul şöbələri və ya “DOST” mərkəzi vasitəsilə Fonda təqdim edir.Belə ki, iddiaçı X8 mərhum əri Qarayev Ələddin Malış oğlunun 1997-ci ilin 2 avqust tarixədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlillik məlumatlarının təsdiq olunması üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsi və həmin fakt təsdiqləndiyi halda iddiaçıya vərəsə kimi birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla biləcəyi bildirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12719/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə sorğusu əsasında səlahiyyətli inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş X16 Malış oğlunun 420018 nömrəli pensiya işində olan pensiyaçının uçot vərəqindən görünür ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə bağlı müəyyən edilmiş 2 ( ikinci )qrup əlilliyə görə xx.xx.1995-ci ildə ilkin pensiya təyin edilmiş, xx.xx.2015- ci ildə ölməsi ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12719/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə xx.xx.2023-cü il tarixdə müraciət edərək, təqdim etdiyi sənədiər əsasında 6600 manat məbləğində sığorta ödənişinin ödənilməsini xahiş etmiş, lakin iddiaçıya ünvanlanmış məktubda sığorta ödənişinin verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd olunmuşdur. Bildirirlər ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Əlilliyi müəyən edilmiş şəxslərə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - sığorta məbləğinin 80 faizi həddində (8800 AZN); - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — sığorta məbləğinin 60 faizi həddində (6600 AZN); orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə— sığorta məbləğinin 40 faizi həddində (4400 AZN) sığorta ödənişi ödənilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31,05.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik müxtəlifmaneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qeyd edək ki, X16 Malış oğlunun aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2021ci il 23 dekabr tarixli, 1513 nömrəli Fərmanının 7-ci bəndinə əsasən ‘Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının” siyahısı onların xidmət etdikləri aidiyyəti dövlət qurumları tərəfindən Nazirliyə təqdim edilir. 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli, 271 nömrəli Qərarına əsasən müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyinin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış, ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə Fondun qəbul şöbələri və ya “DOST” mərkəzləri vasitəsilə Fonda təqdim edilir. Belə ki, iddiaçı X8 mərhum əri Qarayev Ələddin Malış oğlunun 1997-ci ilin 2 avqust tarixədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlillik məlumatlarının təsdiq olunması üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsi və həmin fakt təsdiqləndiyi halda iddiaçıya vərəsə kimi birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla biləcəyi bildirilmişdir. Son olaraq qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir.

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

ç) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.

26. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;.. 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;.. 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 4.1. sığortaolunan on bir min manat məbləğində sığorta edilir. - 4-1.1. sığortaolunanın aşağıdakı hüquqları vardır: 4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq - 4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək; 4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək. - 4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz;orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; - 7.1. sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

27. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 620 nömrəli, 25 iyul 1997-ci il tarixli Fərmanının: 2.5-ci bəndinə görə həmin Qanunun 4- 1.2.1-ci, 4-1.2.2-ci, 4-2.1.2-ci, 4-2.1.4-cü, 4- 2.2.3-cü maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində, 8-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 9.1-ci və 9.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulması müəyyən edilmişdir.

28. 23 dekabr 2021-ci il tarixli, 1513 nömrəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:

1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat;1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat;1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. 2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir;

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

33. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı X16 Malış oğlunun arvadı olmaqla vərəsəsidir.

34. İddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən X16 Malış oğlunun aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmaması əsas gösdərilməklə, iddiaçının birdəflək ödəmənin verilməsi barədə müraciətinə imtina edilməsi məhkəmə tərəfindən qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir.

35. Belə ki, məhkəmə sorğusu əsasında səlahiyyətli inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş X16 Malış oğlunun 420018 nömrəli pensiya işində olan pensiyaçının uçot vərəqindən görünür ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə bağlı müəyyən edilmiş 2 ( ikinci) qrup əlilliyə görə xx.xx.1995-ci ildə ilkin pensiya təyin edilmiş, xx.xx.2015- ci ildə ölməsi ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır.

36. Göründüyü kimi, cavabdeh inzibati icraat zamanı iddiaçının xeyrinə olan halları araşdırmamış, zəruri olan sübutları toplamamışdır.

37. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

38. Məhkəmə Kollegiyası işin faktiki hallarına görə X16 Malış oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə bağlı müəyyən edilmiş 2 ( ikinci) qrup əlilliyə görə xx.xx.1995-ci ildə ilkin pensiya təyin edildiyini, xx.xx.2015- ci ildə ölməsi ilə əlaqədar olaraq qeydiyyatdan çıxarıldığını nəzərə alaraq qeyd edir ki, iddiaçının hazırkı tələbi Bu qərarın 28-ci bəndində istinad olunan hüquq normalarının (1.2.-ci bənd- İİ dərəcə əlilliyə görə – 6 600 manat birdəfəlik ödəmə) dispozisiya şərti ilə uzlaşır.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12719/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12719/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar