Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1748/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi filialının vəkili X1 iştirakı ilə İddiaçı əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-319/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” xx.xx.2006-cı il tarixli Qanuna müvafiq olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət qərardadın ləğvi tələbinə dair hissədə əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... iddiaçı ilkin iddia tələbi ilə bağlı cavab verməli olan inzibati orqana qarşı iddia irəli sürmədiyindən, o cümlədən sonradan dəyişdirdiyi iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyindən və cavabdeh inzibati orqan tərəfindən ərizənizin təmin edilməsindən imtina edilmədiyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsi tərəfindən İddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, qərardadın iddianın mümkün sayılmamasına əsas təşkil edən “iddiaçı ilkin iddia tələbi ilə bağlı cavab verməli olan inzibati orqana qarşı iddia irəli sürmədiyindən” məzmunlu ilk və “o cümlədən sonradan dəyişdirdiyi iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyindən” məzmunda ikinci dəlili, cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi, iddiaçının müraciəti əsasında başlanmış inzibati icraat materiallarında olan ərizəsi ilə təkzib olunur. Kserosurəti işin 3-cü vərəqində də saxlanılan həmin ərizə ilə iddiaçı məhz iş üzrə hazırkı cavabdehə müraciət edərək, xx.xx.2006-cı il tarixli “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” AR Qanununun 23.3-cü maddəsinə əsasən ədliyyə işçisi hər il məzuniyyətə çıxarkən ona ödənilən iki aylıq əmək haqqı həcmində müavinət nəzərə alınaraq, təqaüdünün yenidən hesablanmasını xahiş etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iddiaya “ədliyyə işçisi hər il məzuniyyətə çıxarkən ona ödənilən iki aylıq əmək haqqı həcmində müavinət nəzərə alınaraq, təqaüdün yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissədə mahiyəti üzrə baxmalı olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu kontekstdə, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, inzibati mühakimə icraatında iddianın mümkünlüyü məsələsi şəxsin konstitusion hüquqları arasında ən əhəmiyyətlilərindən sayılan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olduğu üçün, sözügedən məsələ daha diqqətli yanaşma tələb edir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qanunsuz qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-319/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1748/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1748/2020
12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver