Məhkəmə qərarları › İş №2-1(103)-1748/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1748/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1748/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2021 saylı 03 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 3230.52 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, vətəndaş Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən 31 mart 2017-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə vəzifə maaşı 30 faizi miqdarında əlavəsi-85,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 95,00 manat olmaqla orta aylıq əmək haqqı 530,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3cü maddəsinə əsasən 17 il qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (530,50 manat) 80 faizi-424,40 manat məbləğində müəyyən edilmişdir. Lakin 31.03.2017- 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 486,70 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 687,31 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 17 il dövlət qulluğu stajına görə cavabdehə əmək pensiyasının hesablanılması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 56 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 315,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 94,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 105,00 manat olmaqla orta aylıq əmək haqqı 579,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (530,50 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (579,50 manat) arasındakı fərq məbləğinin 49.00 manat) 56 faizi-27,44 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın 424.40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 451,84 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 519,31 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 1214,46 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşı 30 faizi miqdarında əlavəsi 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 158,33 manat olmaqla orta aylıq əmək haqqı 840,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqı (579,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (840,83 manat) arasındakı fərq məbləğinin (261,33 manat) 56 faizi-146,35 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyası (451,84 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 598,19 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 708,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövrlərdə ona 1328,76 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət Departamenti tərəfindən cavabdehə 31.03.2017-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində 3230,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən cari ilin sentyabr ayından etibarən əmək pensiyası 598,19 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2021 saylı 03 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Abdullayeva) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılması və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Barəsində şikayət verilən məhkəmə qərardadında “İcra haqqında” Qanunun 82.2ci maddəsinə istinad edilərək inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək hüququnun olması və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının tələb olunmaması qeyd edilmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən qanunda inzibati orqanın icra sənədi qəbul etmək hüququnun olması onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində qeyd edilmiş məhkəmənin ümumi yoxsa inzibati məhkəmə olması müəyyən edilməmişdir. Bu da öz növbəsində hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır.Onu da qeyd etmək istəyirlər ki, pensiya işləri ilə əlaqədar mübahisələrə inzibati məhkəmədə baxıldığına görə, həmin münasibətlərdən yaranan artıq alınmış pensiya məbləğinin qaytarılmasına dair iddia tələblərinə də inzibati məhkəmələrdə baxılmalıdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı artıq ödənilmiş 3230.52 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası icra məmurları tərəfindən həyata keçirilir. İnzibati aktı qəbul etmiş inzibati orqanın (hazırki işdə iddiaçı) tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək və onu müstəqil qaydada (məhkəmə qərarının qəbul edilməsi tələb olunmadan) aidiyyəti üzrə icraya yönəltmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə DSMF məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, inzibati orqan təsnifatına aid edilən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vətəndaş Cavabdeh pensiyanın təyin edilməsi barədə qərarı əlverişli inzibati akt sayılır və onun qanunsuz sayılmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri çərçivəsində ləğvi inzibati orqanın özünün də səlahiyyətindədir. Belə olan halda, inzibati orqan kimi DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının həmin Qanunun 82.1, 82.2, 82.3-cü maddələrinin tələblərinə əsaslanaraq, vətəndaş Cavabdeh münasibətdə əlverişli inzibati aktın (pensiya təyin edilməsi) ləğvinə dair və pensiya kimi ona ödənilmiş pul vəsaitinin qaytarılması barədə yeni inzibati akt qəbul etməklə icraya yönəltmək hüququ var. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. İnzibati akt əsasında tərtib olunmuş qərarın icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu növ olan işlərdə isə, məhkəmə qərarı tələb olunmur. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilməz. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Hazırki işdə iddiaçı inzibati orqan cavabdehdən ona sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş əmək pensiyasının artıq ödənilmiş 3230.52 manat pensiya məbləğinin qaytarılmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qanunvericiliyin tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı olduğu təqdirdə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutula bilər, əks halda həmin məbləğin məhkəmə qaydasında tutulması göstərilmişdir. İşin hallarından göründüyü kimi inzibati orqan artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı razılığın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin həmin məbləğin qaytarılması ilə bağlı razılığı olmamışdır. Həmçinin, cavabdehin razılığının olmaması birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə yazılı etiraz və məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının qaldırdığı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növünə aid olduğu halda birinci instansiya məhkəməsi onu qərardadında göstərilənlərlə bağlı qeyri-mümkün saymaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2021 saylı 03 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar