Məhkəmə qərarları › İş №2-1(103)-1748/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1748/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1748/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli imtinasının qeyri-qanuni hesab edilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi əmək fəaliyyətinə 1983-cü ildən başlamış, xx.xx.2006-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək yeraltı, xüsusi zərərli iş şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol fəhləsi peşəsində, xx.xx.2014-cü il tarixdən isə hazıradək həmin QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə cavabdeh inzibati orqana müraciət etmiş, İdarənin xx.xx.2020-ci il tarixli cavabı ilə sənədlərin tam şəkildə təqdim olunmadığına əsassız olaraq istinad edərək müraciətinin təmin olunmasından imtina edilmişdir. Sənədlərin tam şəkildə tərəfindən təqdim olunmasına baxmayaraq müraciətindən imtina edildiyindən həmin tələblə cavabdehə təkrarən müraciət etmiş, cavabdeh idarənin xx.xx.2020-ci il tarixli cavabı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə, xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol fəhləsi və yol montyoru peşələrinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyası”na daxil edilmədiyinə istinad edərək buna iddiaçının hüququnun olmasına baxmayaraq ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən növbəti dəfə imtina olunmuşdur. Tələb olunan əmək stajına malik olmağı cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdəndə artıq, 13 il 08 ay iddiaçının işləməyi haqqında "xxxx" QSC-nin xx.xx.2020-ci il tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına xüsusilə zərərli əmək şəraiti üzrə güzəştli şərtlərlə təyin olunacaq əmək pensiyalarına görə pensiya kapitalına da güzəştlərin tətbiq edilməsinə baxmayaraq cavabdehin iddiaçının müraciətindən imtina etməsi qeyriqanunidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəmədə iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli imtinasını qeyri-qanuni hesab edilərək, iddiaçının 60 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi yol montyoru peşəsi yol fəhləsi hesab edilir və həmin yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqında müvafiq qaydada ödənc hesablanır. Bu səbəbdən də, iddiaçının işlədiyi yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər maddəsi ilə tənzimlənir. İddiaçının 2020-ci il 2 oktyabr tarixə isə ümumilikdə xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 11 ay 02 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar yaş və işlədiyi zərərli iş peşəsi ilə bağlı uyğunsuzluğu olmasa belə, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı aşağı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39.600 manat təşkil etməlidir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, əlavə olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb edilməsi, onun ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1571/2021 nömrəli 05 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-378/2022 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1571/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının 13 ildən çox güzəştli iş stajına malik olmasını, inzibati orqanın 21 fevral 2022-ci il tarixli **********4 nömrəli məktubuna əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləğinin 46466,73 manat olmasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçının mübahisələndirilən yol montyoru kimi işlədiyi dövrlərin artıq güzətli staj kimi nəzərə alındığını, həmçinin iddiaçının mövcud olan pensiya kapitalının ona pensiya təyin olunması üçün kifayət etdiyini bildirsə də, eyni zamanda, iddiaçının ona pensiyanın təyin edilməsi üçün yenidən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsinə dair aralıq qərardadının qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “İşə iddiaçının şikayəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi, bu qənaətin əksinə olaraq, işəgötürən tərəfindən təqdim olunmuş və iddiaçının gördüyü işlə bağlı məlumatları əks etdirən arayışları qərarında təsvir etsə də, həmin məlumatlara hər hansı münasibət bildirmədən, iddiaçının "xxxx" QSC-də işlədiyi fəhlə peşələrinin (yol fəhləsi, yol montyoru) Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda müəyyən edilmədiyi nəticəsinə gəlmiş, lakin bu qənaətini qərarında əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş 2021-ci il 17 sentyabr tarixli izahat-məktubda iddiaçının, ən azından həmin tarixə 38909,98 manat məbləğində, yəni tələb olunan 39600,00 manat məbləğdən cəmi 690,02 manat az olduğu göstərilmişdir. Məktubda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 №-li Fərmanı ilə təsdiq olunmuş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na da istinadla qeyd olunmuşdur ki, sığortaolunanlar xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər (Qaydanın 3.4-cü bəndi). Həmin Qaydaya uyğun olaraq iddiaçı çatışmayan məbləği ödəməklə (onun əmək fəaliyyətini davam etdirdiyi və əmək haqqından məcburi sosial sığorta haqqı hesablandığı nəzərə alındıqda, həmin məbləğdən də az və ya kapitalın tamamlandığı halda, hər hansı əlavə məbləğ ödəmədən) ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını tələb edə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarındakı güzəştli stajla bağlı göstəriş fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının məbləği ilə bağlı şərtin ödənildiyi halda da iddiaçını (pensiya kapitalı məbləğinin tamamlandığı vaxtda) güzəştli şərtlərlə əmək pensiyası almaq hüququndan məhrum edir. İddiaçının kassasiya şikayətinin dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi “tələb olunan” 39600 manat pensiya kapitalı məbləğindən də artıq pensiya kapitalının toplandığını nəzərə almamışdır. Bu dəlilin təsdiqi halında, iddiaçı hazırkı icraatda, ən azından güzəştli stajla bağlı şərtin onun tərəfindən (inzibati orqana müraciət edənədək) ödənildiyini və digər şərtin ödənildiyi - pensiya kapitalı məbləğinin tamamlandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia edə bilər.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Qanunvericiliyin tələbi baxımından 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə, onlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən halı 60 yaşına çatmış iddiaçının ümumi iş stajının 25 ildən çox olmasıdır. İddiaçının xx.xx.1960-cı il təvəllüdlü olmaqla 60 yaşı xx.xx.2020-ci il tarixdə tamamlamışdır. НЗ № ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən 04 dekabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.Həmçinin, işdə olan iddiaçıya məxsus l/İT-l ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdə başlamış, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü ildə Mərkəzi Xüsusi Rabitə İdarəsi Mərkəzi Xüsusi Rabitə və Mühafizə İdarəsi adlandırılmışdır. xx.xx.1997-ci il tarixdə Vİİ dərəcəli feldyeger vəzifəsinə keçirilmişdir. xx.xx.1998-ci ildə sürücü feldyeger vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə 2 saylı yol hissəsi, 9-cu bölməyə 3-cü dərəcəli yol fəhləsi işinə qəbul edilmişdir. xx.xx.2014cü ildə Azərbaycan Respublikası Prezidentinin 289 saylı Sərəncamına əsasən BMP və “Az TMT” Scnin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC quraşdırılmışdır. xx.xx.2014-cü il tarixdə "xxxx" QSC-nin yol xidmətinin 2 saylı Yol hissəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə işə qəbul edilmişdir, hal-hazırda işləyir. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının tələb olunan güzəştli iş stajına malik olmaması və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli halı aradan qaldırmaq üçün kassasiya instansiya məhkəməsinin icrası məcburi olan göstərişlərinə uyğun araşdırılma həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21. Nəqliyyat bölməsində 21.5 Metropolitenlər yarımbölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası "xxxx" QSC-nin 40N-10/3-1029 saylı 05 oktyabr 2020-ci il tarixli məktubunda Bakı Metropoliteninin Yol xidmətinin işçisi İddiaçı Çümşüd oğluna zərərli əmək şəraitində işləməsi ilə bağlı xx.xx.2020-ci il tarixli A/128 saylı arayış verildiyi, həmin arayışın doğruluğunu təsdiq edərək, İddiaçı xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajının 13 il 11 ay 02 gün (on üç il on bir ay iki gün) (xx.xx.2020-ci il tarixinə) təşkil etdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci - metropolitenlər maddəsi ilə tənzimləndiyi qeyd edilmişdir. Qeyd: yol montyoru-yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına müvafiq qaydada ödənc hesablanır. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulduğundan cavabdeh inzibati orqanın bu əsasla imtinası əsassız hesab edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyasının sonuncu iclasında cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi iddiaçının qeyd edilən vəzifələrdə çalışdığı müddətin güzəştli iş stajına sayılması ilə bağlı mövqelərinin mövcud olduğunu, bununla bağlı artıq heç bir imtina əsaslarının olmadığını bildirdi. Məhkəmə kollegiyası iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ilə bağlı aşağıdakıları nəzərdən keçirir: İş materiallarına əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 fevral 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləğinin 46466,73 manat olduğu qeyd edilmişdir. Təkrarən apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq; - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 09 iyun 2022-ci il tarixli **********0 nömrəli məktubunda qeyd edilmişdir ki: “Bildiririk ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12877,92 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 29045,05 manat olmaqla cəmi pensiya kapitalı 41922,97 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (it tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə almır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 15 il 10 ay 2 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 12877,92 manat müəyyən edilmişdir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 41922,97 manat təşkil edir.” - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 iyun 2022-ci il tarixli **********96 nömrəli məktubunda qeyd edilmişdir ki: “xx.xx.2020-ci il tarixinə vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13299,14 manat, 2006- cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 23187,53 manat olmaqla cəmi pensiya kapitalı 36486,67 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının isığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 17 il 11 ay 9 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 13299,14 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 23187,53 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasınııın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə xx.xx.2020-ci il tarixinə 39600,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər.” Kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən inzibati orqandan dəfələrlə iddiaçı barəsində tələb olunan pensiya kapitalı və mövcud olan pensiya kapitalı barədə məhkəmə sorğusu əsasında məlumat tələb edilsə də, hər dəfə müxtəlif cavablar təqdim edilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış hallarından bəlli olur ki, iddiaçının pensiya kapitalı barədə inzibati orqan tərəfindən müxtəlif vaxtlarda müxtəlif cavablar verilmişdir. Həmçinin, sonuncu məhkəmə iclasında cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi iddiaçının pensiya kapitalı barədə artıq mübahisəli məqamın mövcud olmadığını təkrar müraciəti əsasında ərizəsinin araşdırılacağı barədə fikirlər səsləndirmişdir. Bununla yanaşı cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi iddiaçı barəsində artıq mübahisələndirilən dövrlərin də güzəştli iş stajı kimi nəzərə alındığını bu əsasla pensiya kapitalının da kifayət etdiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə Kollegiyası araşdırma nəticəsində belə qənaətə gəlir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq həm ümumi 25 illik staja, həm də güzəştli şərtlərə pensiya təyin edilməsi üçün lazım olan 12 il 06 aylıq staja, həmçinin, kifayət qədər pensiya kapitalına (21 fevral 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən 46466,73 manat) malikdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunub iddia təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 60 yaşının tamam olduğu 11 may 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar