Məhkəmə qərarları › İş №2-1(103)-1749/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1749/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1749/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, X1 Aminin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 5183/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: X1 Amin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xidmətin İQ-78/4 №-li, xx.xx.2020-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, Xidmətin üzərinə onun xx xxxxxx 2020-ci il tarixli vəsatətini təmin edərək ona və ailə üzvlərinə (arvadı, xx.xx.1993-cü il təvəllüdlü Haidari Ruqia, oğlanları xx.xx.2015-ci il təvəllüdlü Haidari Milad və xx.xx.2019-cu il təvəllüdlü X2) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5183/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5183/2020 saylı ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan vətəndaşıdır və Bamiyan vilayətinin Vərəs ulusvaliliyinin Sorxcuy kəndində anadan olmuşdur. O, etnik olaraq şiə həzaradır. O, 10 yaşında ikən Bamiyan vilayətinin Pəncab ulusva-liliyində məktəbə getmiş, 7 illik təhsil aldıqdan sonra ailəsinin maddi vəziyyəti ilə əlaqədar təhsilini yarımçıq saxlamış, ailə üzvləri ilə birlikdə Kabil şəhərinə köçərək burada xalça toxumağı öyrənmiş və 5 il xalça toxumaqla məşğul olmuş, sonra qaynaqçı peşəsini öyrənmiş, Azərbaycana gələnə qədər Kabildə bu sahədə çalışmışdır. O, təxminən 4 il bundan əvvəl qaçaq yolla Əfqanıstandan İrana getmiş, Kərəc şəhərində tikintilərdə, sexlərdə qaynaqçı işləmiş, sonra əfqanlara olan pis münasibətə görə polisə müraciət edərək Əfqanıstana geri deport olunmuşdur. 2015-ci ildə ailə qurmuş, bu nikahdan 2 övladı dünyaya gəlmişdir. Özünün 2 qardaşı, 2 bacısı və 2 ögey qardaşı var. Anası erkən vəfat etmiş, atası sonradan 2-ci dəfə ailə qurmuş, təxminən 3 il əvvəl isə taliblər tərəfindən qətlə yetirilmişdir. Əfqanıstanda ümumi vəziyyət qeyri-stabil olduğundan, təhlükəsizliyə təminatın olmadığında, tez-tez partlayışlar baş verdiyindən Əfqanistanı tərk etmək qərarına gəmiş və Özbəkistandan keçməklə xx.xx.2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycana gəlmişdir. xx xxxxxx 2020-ci ildə o, sığınacaq vəsatəti ilə Xidmətə müraciət etmiş, Xidməti onun vəsatətini 222020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparmışdır. O, həzara olduğuna görə taliblər tərəfindən pis rəftara məruz qalacağından və həyatı üçün təhlükə olduğundan qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. Xidmətin xx.xx.2020-ci il tarixli, İQ-78/4 saylı qərarı ilə sığınacaq vəsatəti rədd edilmişdir. Həmin qərardan inzibati şikayət vermiş və Xidmətin 139 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə şikayəti rədd edilmişdir. Xidmətin qərarı qanuni və əsaslı deyildir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunolunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5183/2020 saylı qərarının ləğv olunması, iddiatələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1990-cı ildə anadan olmuşdur. Əfqanıstan vətəndaşıdır. İddiaçı xx.xx.2020-ci il tarixdə ona və ailə üzvləri ilə birlikdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2020-ci il tarixli, İQ-78/4 №li qərarla ona və ailə üzvlərinə (arvadı xx.xx.1993-cü il təvəllüdlü Haidari Ruqia, oğlanları xx.xx.2015ci il təvəllüdlü Haidari Milad və xx.xx.2019-cu il təvəllüdlü X2) qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı daha sonra həmin qərardan inzibati şikayət qaydasında yenidən Xidmətə müraciət etmiş və Xidmətin xx.xx.2020-ci il tarixli, 139 №-li qərarı ilə şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1, 12 və 13-cü maddələrini, zərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 74-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, diaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Ona görədə iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Birinci instasiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarına əsasən iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşmışdır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən o, vətəndaşı olduğu və daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd etmişdir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. İddiaçının izahatlarından müəyyən olunur ki, o, özünün fərdi təqib qorxusu ilə bağlı hər hansı əsaslı iddia irəli sürmür. O, Əfqanıstanda ümumi vəziyyətin qeyri-stabil olduğu, təhlükəsizliyə təminatın olmadığı, tez-tez partlayışların baş verdiyini iddia edərək ölkəsinə geri qayıtmaq istəmədiyi bildirmişdir. Göründüyü kimi iddiaçı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusundan ehtiyat etmir. İddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özüözlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 Amin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5183/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar