Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1749/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi barədə» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4416/2021 saylı 13.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı onun xidməti əlilliyinin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətinə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılması, Komissiyanın qərarlarının sadə səs çoxluğu ilə qəbul edilməsi, həmin gün altsistemə daxil edilməsi və 2-ci qrup müddətsiz hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4416/2021 saylı 13.04.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edib, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin hərbi həkim Komissyiası tərəfindən ona «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən aılnmışdı» qərarı verilmiş və cavabdeh tərəfindən müvafiq əlillik təyin edilmişdir. Lakin 23.04.2020-ci ildən səhhətindəki problemlərlə əlaqədar müalicədə olmuşdur. Dispanser nəzarətindədir. Mütəmadi müalicə alır. 24.12.2020 - 07.01.2021 dövründə 21 saylı Birləşmiş şəhər xəstəxanasında və bir çox digər xəstəxanalarda müalicədə olması nəzərə alınmadığı üçün bu barədə cavabdehə müraciət etmişdir ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.1.14 və 2.4.1-ci bəndlərinə əsasən 2-ci qrup müddətsiz hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik təyin edilsin. Lakin sonuncu əyani qaydada əlilliyin təyin olunmasına etirazını bildirmişdir. Belə ki, cavab məktubunda qeyd etmişdir ki, xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi Forma 88 elektron qaydada olduğu üçün dəyişiklik etmək mümkün deyil, yenidən qiymətləndirilməsi iştirakınız olmadan qiymətləndirilməlidir. Hesab edir ki, onun əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi məqsədilə yenidəq qiymətləndirilməsinə ehtiyac yoxdur. Çünki, 2014, 2015, 2016-cı illərdə qiymətləndirilmiş və 2-ci qrup əlildir. Cavabdeh ona yazdıdığı cavab məktubu əsassızdır və qanunsuz olaraq ona müddətsiz əlillik təyin edilməsindən timtina edir. Məhkəmə düzgün araşdırma aparmayaraq formal xarakterli qərardad qəbul edib. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, mənası baxımından belə təfsirə malikdir ki, istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə edilmiş, AR Müdafiə Nazirliyinin Mərəkəzi Həkim Komissiyasının 13.08.2015-ci il tarixli qərarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanlanmış 03.02.2021-ci il tarixli məktubuna, AR ƏƏSMN TSEKin “müayinə olunan şəxs üzrə məlumat”ına (çap tarixli 16.03.2020) əsasən müəyyən olunur ki, iddiaçıya 12.10.20215-ci il tarixində bir il müddətinə 2-ci qrup hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik təyin edilmiş, növbəti ildə TSEK-in 12.10.2016cı il tarixli qərarı ilə onun əlilliyi 5 il müddətinə (12.10.2021-ci il tarixinədək) uzadılmışdır. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ona 2-ci qrup müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. İşə əlavə olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2020-ci il tarixli 2-1(102)-2024/2020 saylı qərarından isə görünür ki, iddiaçı əvvəllər də (20.12.2019-cu il tarixdə) məhkəmədə iddia qaldıraraq, cavabdehin qeyd olunan 12.10.2016-cı il tarixli inzibati aktını mübahisələndirmiş və onun həmin iddia tələbi Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(112)-1058/2020 saylı qərardadı ilə mümkün sayılmamış, həmin qərardadan verdiyi şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.08.2020-ci il tarixli, 2-1(103)-1366/2020 saylı qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan da verdiyi kassasiya şikayəti Ali Məhkəmənin qeyd lolunan qərarddı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2020-ci il tarixli qərarı ilə müəyyən olunan hallardan isə görünür ki, İddiaçı TSEK-in adıçəkilən 12.10.2016-cı il tarixli inzibati aktını 20.12.2019-cu il tarixində (3 il sonra) mübahisəndirməklə iddia müddətini ötürmüşdür. Hazırkı iddia tələbindən də göründüyü kimi, iddiaçı TSEK-in 12.10.2016-cı il tarixli qərarı ilə onun 2-ci qrup hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyinin 5 il müddətinə müəyyən edilməsi ilə razılaşmayaraq, yenidən məhkəmə qaydasında 18.02.2021-ci il tarixində qeyd olunan səbəb əlaqəsi ilə onun 2-ci qrup əlilliyinin müddətsiz müəyyən edilməsini, beləliklə də, faktiki olaraq TSEK-in 12.10.2016-cı il tarixli qərarının dəyişdirilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Halbuki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Konkret halda isə iddiaçı TSEK-in qeyd olunan 12.10.2016-cı il tarixli qərarının dəyişdirilməsi ilə bağlı iddia tələbini məhkəmədə 4 ildən də sonra irəli sürmüşdür. Onu da məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 24.4-cü maddəsinin tələbinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia tələbinin mümkünlük şərtləri yerinə yetirilmir. Belə olan halda isə İPM-in 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin nəticə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız və formal xarakterli olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4416/2021 saylı 13.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4416/2021 saylı 13.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1749/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1749/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver