Məhkəmə qərarları › İş №2-1(103)-1749/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1749/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1749/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı X3 Cavabdeh1nə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və X2) “dəyişikliyin qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(112)-5385/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin reyestrdə qeydə alınmış faktların sonraki dəyişikliyinin, yəni Birliyin xx.xx.2021-ci il tarixli qərarı ilə təsbit edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə ərizələr əsasında cavabdehin əsl Cavabdeh1 və iddiaçının əsl iddiaçı “Azərbaycan Karlar İdman Federasiyası” İctimai Birliyi ilə əvəz edilməsi barədə qərardadlar qəbul etmişdir. Son olaraq iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə verərək iddiaçı qismində X3 qeyd olunması xahiş olunmuş və ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ümumi yığıncaq protokoluna və İctimai Birliyinin üzvlərinin imzasına əsaslanaraq barəsində Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin Prezidenti seçilməsi barədə dəyişikliyin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu “Hüquqi şəxsləri dövlət qeydiyyatı və reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinin tələblərinə əsasən onun muraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya münasibətdə bildirir ki, Baş İdarəyə xx.xx.2020-ci il tarixdə keçirilmiş konfransda X3 təşkilatın yeni prezidenti seçilməsi və idarəetmə orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti daxil olmuşdur. Birliyin nizamnaməsinin 5.4-cü bəndinə əsasən konfransın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Lakin təqdim olunmuş xx.xx.2020-ci il tarixli konfransın protokolundan çıxarışda lehinə və əleyhinə səs verən üzvlərin sayı göstərilmədiyindən qərarın qəbul edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, adı çəkilən ictimai birliyin xx.xx.2016-cı ildə keçirilmiş konfransında X1 təşkilatın prezidenti seçilməsi və idarəetmə orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətləri daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(112)-5385/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün 16 iyun 2022-ci il tarixə məhkəmə baxışına təyin olunmuşdur. İddiaçı yazılı ərizə ünvanlayaraq iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X3 iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddiadan imtina etdiyindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 iddiadan imtinası qəbul edilsin. İddiaçı X3 Cavabdeh1nə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və X2) “dəyişikliyin qeydə alınması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar