Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1749/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunma öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndələri Vəkil1, Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunma öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati 2-1(112)-3173/2025 saylı 21 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyət vəsiqəsinin yeni nəsil şəxsiyyət vəsiqəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixində Masallı rayonunun Ərkivan kəndində doğulmuşdur. Onun ilkin adı vətəndaşlıq vəziyyəti aktlarında X9r. Lakin, müəyyən yaş həddinə çatdıqdan sonra işi və fəaliyyəti ilə əlaqədar olaraq adını və atasının adını X2raq dəyişdirmişdir. Buna səbəb isə onun fəaliyyətinin əsas hissəsinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində olması göstərilmişdir. Daha sonra fəaliyyəti Azərbaycanla bağlı olduğundan onun adının Albert Məmmədoviçin yaxınlarına və işinə narahatlıq yaratdığından adının yenidən əvəlki adına yəni İddiaçı dəyişdirilməsi zərurəti yarandığından VVADQ orqanına müraciət etmiş, lakin cavab ala bilməmişdir. Orqanın hərəkətsizliyi nəticəsində iddiaçı Səbail Rayon Məhkəməsinə müraciət elmişdir. 2004-cü il 26 noyabr tarixində ərizəçi X7 vəzifəli şəxslərin hərəkətsizliyi ilə əlaqədar mübahisəyə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxılmışdır. X1 aktının qeyd kitabında X7 adının əvvəlki Gülağa adı ilə, ata adının isə Məmi oğlu ilə dəyişdirilməsi vəzifəsinin Bakı şəhəri Səbail rayonu VVADQ şöbəsinə həvalə olunmasına dair qətnamə çıxarılmışdır. Həmçinin Səbail rayon İcra Hakimiyyəti başçısının Bibi-Heybət qəsəbəsindəki nümayəndəliyinin 773 saylı, 30 sentyabr 2004-cü il tarixli arayışında X7 Bakı şəhəri, Salyan şossesi, 29 saylı evdə pasport qeydiyyatında olduğu göstərilmişdir. 07 yanvar 2005-ci il tarixində Səbail rayonu VVADQ şöbəsi tərəfindən X8 adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə verilmiş və adı İddiaçı olaraq dəyişdirilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixində Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olduğunu bildirən pasport verilmişdir. xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən Səbail Rayonu İcra Hakimiyyəti Başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixində Bibiheybət qəsəbəsi, ünvan 3 ünvanda qeydiyyatda olduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixində Səbail rayonu polis idarəsindən sorğuya cavab olaraq vətəndaşın Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanında xx.xx.1994-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək pasport qeydiyyatında olduğu bildirilmişdir. 2005-ci il 30 iyul tarixində verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X4 arasında olan nikahı 2005-ci il 30 iyul tarixində ləğv edilmişdir. Daha sonra iddiaçı X5 ilə nikaha girmiş, lakin 22 yanvar 2013-cü il tarixində nikahlarına xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində X10 ilə ailə qurmuş, nikaha daxil olmuşdur. 23 avqust 2024-cü il tarixində nikah haqqında şəhadətnamə verilmilşdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə xx.xx.2022-ci il tarixində müraciət olunsa da, müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2025 saylı 21 yanvar 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları işə cavabdehin nümayəndəsinin iştirakı olamadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndələri Vəkil1 və Vəkil2 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin və hüquqi marağın da mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ və hüquqi marağı olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdən görünür ki, 2017-ci ildə aparılmış araşdırma ilə X11 fərqli anket məlumatları və fərdi identifikasiya nömrələri ilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əsassız verilməsi faktı müəyyən edildiyindən həmin sənədlər fəaliyyətsizləşdirilmişdir. Buna baxmayaraq iddiaçı ona yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, sonuncu isə onun tələbinə münasibətdə xx.xx.2024-cü il tarixli, 018-9879-Q-3222 saylı məktubla bildirmişdir ki, “.....2017-ci ildə aparılmış araşdırma ilə X11 fərqli anket məlumatları və fərdi identifikasiya nömrələri ilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əsassız verilməsi faktı müəyyən edilmiş, bu səbəbdən həmin sənədlər fəaliyyətsizləşdirilmişdir. ......Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq vətəndaşlıqla bağlı məsələlər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunduğundan Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi G.Qəmbərova tövsiyyə olunmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin sonuncunun 22 dekabr 2023-cü il tarixli Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli qərarı ilə xx xxx 1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı həmin qərarın ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddiası ilə məhkəməyə müraciət etsə də, iddiası Baki İnzibati Məhkəməsinin e-2-1(112)-6012/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərar iddiaçının apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1150/2025 saylı xx.xx.2025-ci il il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdeh qurumdan ona yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsini tələb edir. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmə sorğusuna yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli, 018-9879-Q-3222 saylı məktubunun məzmununa uyğun cavab vermişdir. Məhkəmə kollegiyası iddiaçının hazırki vəziyyətdə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunma öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı tələbinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi nəticəsində verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Məlum olur ki, iddiaçının əvvəllər mövcud olmuş şəxsiyyət vəsiqəsi sonradan fərqli anket məlumatları və fərdi identifikasiya nömrələri ilə əsassız verilmə faktı ilə əlaqədar fəaliyyətsizləşdirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi onun əvvəllər mövcud olan şəxsiyyət vəsiqəsi əsasında mümkün ola bilərdi. Lakin göründüyü kimi, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi hazırda fəaliyyətsizləşdirildiyindən bu hal onun əsasında yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsini istisna edir. Digər tərəfdən, yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan da aydın görünür ki, vətəndaşa şəxsiyyət vəsiqəsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirildikdən sonra verilə bilər. İddiaçı onda olan şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirildiyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin tələbi təmin edilməmiş, həmin imtinanı məhkəmə qaydasında mübahisələndirsə də, bu barədə iddiası da məhkəmələr tərəfindən təmin olunmamışdır. Belə olan halda hazırki vəziyyətdə iddiaçıya yeni nəsil şəxsiyyət vəsiqəsi verilmə öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması mümkünsüzdür. Çünki, bir daha qeyd olunması zəruridir ki, iddiaçı ona yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi məqsədinə nail olmaq üçün ya onun əvvəlki şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsi aradan qaldırılmalı, ya da onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşməlidir. Yalnız həmin məsələlər həll edildikdən sonra iddiaçının yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunma məsələsi mahiyyəti üzrə araşdırıla bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, indiki vəziyyətdə iddiaçının yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunma öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə tələbinə mahiyyəti üzrə baxılması mümkünsüz olduğundan birinci instansiya məhkəməsinin iddianın qeyri-mümkün sayılması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2025 saylı 21 yanvar 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1150/2025 saylı xx.xx.2025-ci il il tarixli qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təmin ediləcəyi təqdirdə onun yeni əsaslarla hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2025 saylı 21 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1749/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1749/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver