Məhkəmə qərarları › İş №2-1(103)-175/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-175/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-175/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1955-ci il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi almalı olduğu pensiyanın alınıb ona verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3375/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 29.07.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə 1993-cü ildən 01 iyun 2015-ci ilə qədər hərbi qulluqçu kimi almalı olduğu pensiyanın alınıb ona verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Göyçay rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. Döyüş zamanı 24 iyul 1993-cü ildə döyüşlərdə ağır yaralanmışdır. Döş qəfəsinin sol yarısına daxil olan qəlpə yarası hemotoraks bədənin müxtəlif nahiyyələrində qəlpə yaralanması, ağciyərin yad cismi, döş qəfəsinin sol yarısını dəlib keçən qəlpə yarası, sağ əlin qəlpə yarası, sağ orta sinirin travmatik nevriti xəsarətləri almışdır. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının rəyi ilə təsdiq edilmişdir ki, aldığı xəsarət hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Lakin, ona hərbi qulluqçu kimi pensiya verilmirdi. Dəfələrlə müraciət etdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 13.07.2018-ci il tarixli, MN-10114 №-li məlumat vərəqəsinə əsasən 01.06.2018-ci il tarixdən hərbi qulluqçu kimi İİ qrup Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyə görə pensiya təyin edilmişdir. Hesab edir ki, onun konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, 1993-cü ildən 2018-ci ilə qədər hərbi qulluqçu kimi almalı olduğu əlilliyə görə pensiya cavabdehlərin günahı ucbatından ona verilməmişdir. O, rəsmi olaraq cavabdehə müraciət etmiş, cavabdeh isə ona bildirmişdir ki, əvvəlki ən çoxu 3 il üçün hesablanmış pensiya haqqı ona ödənilir, qalan haqlar isə ödənilmir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunvericiliyin tələblərinə ziddir. Ona görə onun 1993-cü ildən bu günə qədər döyüşlərdə aldığı əlilliklə əlaqədar bütün müavinətlər ona verilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 3375/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir. 02.12.2019-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3375/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-341/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər C.Yusifov, V.Ağayev, A.Nuriyeva) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3375/2019 saylı 03 oktyabr 2019- cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1171/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-341/2020 saylı iş üzrə 23 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) X3 apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3375/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -05.12.2018-ci il tarixdə Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci ildə Göyçay rayonu, Kürdəmiş kəndində doğulmuşdur. - Səbail rayon Əhalinin Sosial Müdafiəsi mərkəzi tərəfindən verilmiş 17.09.2012-ci il tarixli, 215657 №-li vəsiqəyə əsasən İddiaçı ikinci qrup əlildir (Azərbaycan Respublikasının müdafiəsi zamanı) - DSMF-nin Səbail rayon şöbəsinin 12.03.2018-ci il tarixli, 1701/356 №-li arayışına əsasən İddiaçı ikinci qrup əlilliyə görə (Azərbaycan Respublikasının müdafiəsi zamanı) 10.08.1995-ci il ildən pensiya təyin edilmiş, pensiyanın məbləği 52,95 manatdan 01.01.2018-ci il tarixədək 191,36 manata çatmışdır . - DSMF-nin Səbail rayon şöbəsinin 12.03.2018-ci il tarixli, 1701/355 №-li arayışına əsasən İddiaçı DSMF-nin Səbail rayon şöbəsindən 143 manat Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi Prezident təqaüdü alır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqdarı miqdarda(sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəziyə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi - orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqan tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Həmin Qaydaların 2-ci bəndi isə nəzərdə tutur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndindən isə görünür ki, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciəti əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İş materiallarından göründüyü kimi , Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 28.02.2018-ci il tarixdə iddiaçının adına məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinin əmək pensiyası təyin edən komissiyasının 17.03.2018-ci il tarixli, 18/869 №-li qərarı ilə İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə müvafiq olaraq 2ci qrup əlilliyə görə 01.06.2018-ci il tarixdən 351,20 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. Sonradan iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Belə ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 24.07.1993-cü ildə aldığı və 24.07.1993cü ildən 31.07.1993-cü ilə kimi Bakı şəhəri təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: «Döş qəfəsinin sol yarısına daxil olan qəlpə yarası. Hemotoraks bədənin müxtəlif nahiyyələrində qəlpə yaralanması. Ağciyərin yad cismi» və 02.08.1993-cü ildən 17.08.1993-cü ilə kimi Göyçay rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: «Döş qəfəsinin sol yarısını dəlib keçən qəlpə yarası, sağ əlin qəlpə yarası, sağ orta sinirin travmatik nevriti» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Səbail rayon İdarəsinin 02.05.2018-ci il tarixli, 270 nömrəli göndərişi, 02.05.2018-ci il tarixli, 269 nömrəli arayışı, Bakı şəhəri təcili tibbi yardım xəstəxanasından verilmiş 31.07.1993-cü il tarixli çıxarış epikrizi, Göyçay rayon mərkəzi xəstəxanasından verilmiş 17.08.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır», MN MHHK-nın 18.11.1994-cü il tarixli, 239 №-li qərarı ləğv edilir qərara alınmışdır. (Əsas, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2-ci maddəsinin «ç» yarımbəndi) (MN MHHK-nın 11.05.2018-ci il tarixli 856 №-li protokolu). Bununla əlaqədar İddiaçı səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı ilə əlaqədar əlillik göstərilməklə 30.05.2018-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 30.05.2017-ci il tarixli 1 №-li müayinə aktından çıxarış). Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına yenilənmiş 13.06.2018-ci il tarixli məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı pensiyası yenidən hesablanaraq 01.06.2018-ci il tarixdən pensiyanın məbləği 435,20 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, “Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının barəsində çıxardığı 18.11.1994-cü il tarixli, 239 saylı qərarın alınıb işə əlavə olunmasını, məzmununun, xüsusilə əlilliyin yaranma vaxtı və səbəb əlaqəsinin öyrənilməsini, onun ləğv olunmasının səbəblərini araşdırmağı tələb edir”. Yuxarıda qeyd edilən mövqeyi nəzərə alaraq, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının barəsində qəbul etdiyi 18.11.1994-cü il tarixli, 239 saylı qərarının təsdiq edilmiş surətini, əlilliyin yaranma vaxtı və səbəb əlaqəsi barədə məlumatların, onun ləğv olunmasının səbəbləri barədə məlumatların, ümumiyyətlə, İddiaçı ilə bağlı olan sənədlərin və məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış 07.05.2021-ci il tarixli, 662 №-li cavab məktubu ilə (rəis, tibbi xidmət polkovniki Azad Abdullayev tərəfindən imzalanmışdır) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 18.11.1994-cü il tarixli, 239 saylı (Alaverdi oğlu mətnə uyğun) və 11.05.2018-ci il tarixli, 915 saylı qərarlarının təsdiq olunmuş surətləri məhkəməyə göndərilmiş və məktubda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı 24.07.1993-cü ildən 31.07.1993-cü ilə kimi Bakı şəhər təcili tibbi yardım xəstəxanasında “Döş qəfəsinin sol yarısına daxil olan qəlpə yarası. Hemotoraks.Bədənin müxtəlif nahiyyələrinin qəlpə yaralanması. Ağciyərin yad cismi ’’diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) 18.11,1994-cü il tarixli, 239 saylı qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmişdir. SHXÇDX-nin Bakı şəhəri Səbail rayon idarəsinin 02.05.2018-ci ıl tarixli, 270 saylı göndərişi ilə vətəndaş İddiaçı 02.08.1993-cü ildən 17.08.1993-cü ilə kimi Göyçay rayon mərkəzi xəstəxanasında “Döş qəfəsinin sol yarısının dəlib keçən qəlpə yarası. Sağ əli qəlpə yarası. Sağ orta sinirin travmatik nevriti” diaqnozu ilə müalicə olunmasına dair xəstəlik epikrizi yuxarıda qeyd olunan qərara əlavə olunması və səbəb əlaqəsinin təyin edilməsi üçün Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. MHHK-nın 11.05.2018-ci il tarixli, 915 saylı qərarı ilə vətəndaş İddiaçı dair yuxarıda qeyd olunan hər iki xəstəlik epikrizində göstərilən diaqnozların hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmişdir. Bu səbəbdən də MHHK-nın 18.11,1994-cü il tarixli, 239 saylı qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. Əlillik dərəcəsinin təyin edilməsi,əlilliyin yaranma vaxtı,ləğv olunması və digər məsələlərin həll edilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə daxil deyildir, bu məsələlərə aydınlıq gətirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aiddir.” Göründüyü kimi işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən sorğu ünvanlanmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının barəsində çıxardığı 18.11.1994-cü il tarixli, 239 saylı qərarı alınaraq, işə əlavə olunmuş və müəyyən edilmişdir ki, iddiaçıya 11.05.2018-ci il tarixli, 915 saylı qərar ilə hər iki xəstəlik epikrizində göstərilən diaqnozların hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmiş və bu səbəbdən də MHHK-nın 18.11,1994-cü il tarixli, 239 saylı qərarı ləğv edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 11.05.2018-ci il tarixli qərarından və həmin nazirliyin məlumat vərəqindən göründüyü kimi, iddiaçının sabiq hərbi qulluqçu statusunu faktiki olaraq sonradan 2018-ci ildə tanıyaraq hərbi qudluqçu kimi təminat xərcliyi barədə cavabdeh quruma məlumat vərəqini göndərmiş, bu sonuncu da üzərinə qanunamüvafiq düşən öhdəliyini yerinə yetirmiş və cavabdeh tərəfindən pensiyanın son üç il nəzərə alınmaqla, yəni, 01.06.2015-ci il tarixdən hesablanıb ödənilməsi də qanunvericilyin tələblərinə uyğun olaraq həyata keçirilir. Məhkəmə kollegiyası «Əmək pensiyaları haqqında» Qanunun iddiaçıya hərbiçi kimi pensiya təyin edildiyi vaxt qüvvədə olan 32.1-1-ci maddəsinin tələbləri nəzərə alaraq, hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilmədiyindən, iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3375/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 3375/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar