Məhkəmə qərarları › İş №2-1(103)-175/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-175/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-175/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qаrşı “yaşa görə sosial müavinətin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-1657/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Qaradağ rayon şöbəsinin üzərinə ona yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 19.01.2020-ci il tarixdən ona yaşa görə sosial müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Onun qızı X5 28.06.1992-ci il ildə doğulmuşdur. Doğulduğu gündən ona orta dərəcəli kəmağıllıq diaqnozu qoyulmuş və mütəmadi dərmanlar qəbul etməklə bu günə qədər həmin diaqnoz ilə müalicə olunur. Həkim Məsləhət Komissiyasının (HMK) 24.10.2005-ci il tarixli arayışı və sonradan təkrar olaraq Bakı Baş Səhiyyə İdarəsi X3 01.03.2010-cu il tarixli, 560/0 saylı rəyi əsasında orta dərəcəli kəmağılıq diaqnozu qoyulmuşdur. Bakı Baş Səhiyyə İdarəsi X3 22.03.2010-cu il tarixli arayışı ilə ona ensefalopatiya (orqanik-reidual fonda əql inktşaf geriliyi) ilə orta dərəcəli kəmağıllılıq diaqnozu qoyulmuş və buna müvafiq ona dərmanlar yazılmışdır. X3 4030 saylı xəstəlik tarixçəsində 31.03.2010-cu il tarixdən 08.04.2010-cu il tarixə kimi Azərbaycan Respublikası Uşaq Nevroloji xəstəxanasında müayinə və müalicə olunmuş, evə buraxılarkən mütəmadi qəbul etməsi üçün dərman preparatları yazılmışdır. 1 saylı Zona TSEK (117344 saylı arayış) tərəfindən 03.12.2010-cu il tarixli müayinə aktı əsasında ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Onun qızı faktiki olaraq doğulduğu vaxtdan kəmağıllıq diaqnozu ilə xəstəliyi olmuş, mütəmadi müalicə olunmuş, yəni, sağlamlıq imkanları məhdud olmuşdur. 28.06.92-ci il təvəllüdlü X5 8 yaşına kimi onun himayəsində olmuşdur. Sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 (beş) il azaldılmaqla yaşa görə müavinət təyin olunur. 01 iyul 2019- 30 iyun 2020-ci illər üçün kişilər 64 il 6 ay, qadınlar 61 il 6 ay yaşa çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu baxımdan 61 il 6 aydan 5 il çıxıldıqda 57 il 6 ay təşkil edir. Onun bu yaşı 19.08.2019-cu ildə tamamlanmışdır. Qeyd olunanları nəzərə alaraq o yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh ona yaşa görə sosial müavinətin təyin edilməsindən imtina etmişdir. Sözügedən müavinətin təyin olunması barədəki rəsmi müraciətlərinə cavab olaraq aldığı Dövlət Sosial Müdafiə Fondunun 31.08.2020-ci il tarixli, eləcə də bu fondun Qaradağ rayon şöbəsinin 15.05.2020-ci il tarixli məktublarından göründüyü kimi “Əlilliyi olan şəxslərin hüququ haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud, 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edildiyindən, ona yaşa görə müavinətin təyin edilməsi və yaş həddinə güzəştin tətbiq edilməsi üçün 28.06.92-ci il tarixdə doğulduğu andan əlil olan (orta dərəcəli kəmağıllılıq) və 8 yaşınadək tərbiyə etdiyi qızının əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi sosial ekspertiza komissiyasının müayinə aktından çıxarışın təqdim olunması hüquqi əsas kimi tələb olunur. Məhz səlahiyyətli orqanların məsuliyyətsizliyi səbəbindən 28.06.92-ci tarixdə doğulduğu anda əlil olan qızı Məmmədova Pünhanənin sağlamlıq imkanlarının məhdudluğunun tibbi sosial ekspertiza komissiyası tərəfindən vaxtında müəyyən edilməməsi Ali Məhkəminin 01.09.2020-ci il tarixli Qərarında (ailə başçısını itirdiyinə görə pensiya hüququnun yaranması barədə) öz hüququ təsdiqini tapmışdır. Başqa sözlə, doğulduğu andan əlil olan qızının əlil kimi pozulmuş hüquqlarının bərpası tam təmin olunmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddində olan və həmin yaşla bağlı güzəştlər tətbiq edilən şəxslər “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Yəni bu kateqoriyadan olan şəxs kimi sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin edilə bilər. Sözügedən müavinətin təyin edilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.7-ci bəndi ilə müavinət təyin edilərkən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tələb olunan müayinə aktından çıxarış əsas götürülür. Həmçinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli Əlavədə nəzərdə tutulmuş “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 2.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı da tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci və 1.5-ci bəndlərinə görə 8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.02-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, iddiaçıya yaşa görə müavinətin təyin edilməsi üçün onun səkkiz yaşınadək tərbiyə etdiyi uşağın əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluqunun müəyyən edilməsi bərədə qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış mövcud olmalıdır. Lakin iş materiallarından görünmüşdür ki, iddiaçının 28.06.1992-ci il təvəllüdlü qızı X2 əlilliyi 03.12.2010-cu ildə - on səkkiz yaşı tamam olduqdan sonra müəyyən edilmişdir. Bu da iddiaçıya münasibətdə sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara edilən güzəştin tətbiq edilməsini istisna edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-1657/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 19.01.2020-ci il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar qərarlarında (18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslərə ailə başçısını itirməyə görə pensiya təyini) haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Belə ki, göstərilən qərarlarda qeyd olunur ki, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb edə bilərlər. Bundan başqa, həmin şəxslər həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. İddiaçı İddiaçı qızı 28.06.1992-ci il təvəllüdlü X5 uşaqlıqdan 28.06.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə “Orta dərəcəli kəmağıllıq” diaqnozu ilə xəstəliyinə görə sağlamlıq imkanları məhdud uşaq olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra ona (1 saylı Zona TSEK tərəfindən) 11.11.2010-cu ildən 2-ci qrup əlillik təyin edilmişdir. Hazırda İddiaçı sağlamlıq imkanı məhdud uşağa 8 yaşınadək qulluq etməsini əsas gətirərək ona yaşa görə (57 il 6 ay) sosial müavinətin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan isə onun övladının doğulduğu vaxtdan 18 yaşınadək dövrü üzrə sağlamlıq imkanları məhdud olmasının Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilən forma 88 arayışı üzrə təsdiq olunmamasını əsas gətirərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 3260/2019 nömrəli, 17.12.2019-cu il tarixli qərarının surətindən görünür ki, həmin qərar ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı ailə başçısını itirməyə gorə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1932/2019 nömrəli, 8 avqust 2019cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1932/2019 nömrəli, 8 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X5 28.06.1992-ci ildə doğulduğu andan 28.06.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibbi müəssisələrində müayinədən keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra ona (1 saylı Zona TSEK tərəfindən) 11.11.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hər bir halda iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, bununla yanaşı Qanunun qeyd olunan 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin də müəyyən edilmədiyini və ona 1 saylı Zona TSEK tərəfindən 18 yaşı bitdiyində dərhal sonra, 11.11.2010-cu il tarixdə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin verildiyi – bütün bunlar “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində qeyd olunan hər iki şərtin mövcudluğunu sübuta yetirir. Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 415 №-li, 17.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 21-də qeydiyyatdadır və yaşayır. Qonşuların aktına əsasən 28.06.1992-ci il təvəllüdlü X5 8 (səkkiz) yaşa kimi onun himayəsində yaşamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4.0.1.2-ci maddəsinə əsasən bu Qanunla yaşa görə müavinət təyin edilir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli, 284 nömrəli Qanunun (13 iyun 2008-ci il tarixli 648- İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (31 may 2018-ci il tarixli, 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq-orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli, 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının övladı X2 28.06.1992-ci ildə doğulduğu andan 28.06.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkməklə sağlamlıq imkanlarının məhdudluğu qanuni qüvvəsini almış məhkəmə qərarları ilə, həmçinin həmin uşağa 8 yaşınadək iddiaçının qulluq etməsi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışı ilə öz təsdiqini tapdığından cavabdehin iddiaçının yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı müraciətini təmin etməsindən imtinası qanuna zidd olmaqla sonuncunun hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdehin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, həm əvvəllər qüvvədə olmuş, həm də hazırda qüvvədə olan normalara görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. İddiaçının övladına aid 18 yaşınadək olan sənədlərdə “əlil” sözünün yazılması vacib deyil və bu qanunvericilikdə də nəzərdə tutulmamışdır. İddiaçının övladına aid sənədlərdə onun sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq yazılması, onun uşaqlıqdan əlil olması üçün kifayət edir. Bundan başqa, apellyasiya baxışı zamanı təqdim edilmiş sənəddən görünür ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı ona 28.06.1992-ci il tarixdən 28.06.2010-cu il tarixədək ödənilməli olan müavinətin hesablanaraq ödənilməsi tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(112)- 3975/2020 nömrəli qərarı ilə rədd edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)-660/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(112)-3975/2021 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul ediməsi, iddianın qismən təmin edilməsi, 28 iyun 2007-ci il tarixdən 28 iyun 2010-cu il tarixədək ödənilməli olan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin hesablanaraq İddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 2226/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)-660/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2226/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərarında bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, “iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, bununla yanaşı Qanunun qeyd olunan 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin də müəyyən edilmədiyini və ona 1 saylı Zona TSEK tərəfindən 18 yaşı bitdiyində dərhal sonra, 11.11.2010-cu il tarixdə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin verildiyi - bütün bunlar “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində qeyd olunan hər iki şərtin mövcudluğunu sübuta yetirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona sosial müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilirmiş, iddiaçının övladının əlilliyinin 18 yaşdan sonra müəyyən edilməsinə əsaslanan cavabdehin 31.08.2020-ci il tarixli, **********5 saylı imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-1657/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar