Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-175/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnanın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb olunmaqla) «cavabdehin qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovna cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və vergi məbləğinin geri qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovna nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizələrlə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 20 fevral 2023-cü il tarixli müraciət etmişdir. Müraciətə cavab olaraq qəbul edilmiş 16 mart 2023-cü il tarixli qərarlarda qeyd edilmişdir ki, alıcı Bayramova (Kərimxanova) Leyla Rəhimovna tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən 20 fevral 2023-cü il tarixli ərizələr üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddiaçı bununla razılaşmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və **********435400 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. Lakin 27 aprel 2023-cü il tarixli məktubla şikayətlərin təmin edilmədiyi bildirilmişdir. Məktub iddiaçıya 24 may 2023cü il tarixdə təqdim edilmişdir. İnzibati orqanın imtinası əsassızdır. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən nağdsız hesablaşma dedikdə birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Bayramova (Kərimxanova) Leyla Rəhimovna da yaşayış sahəsinin dəyərini satıcının bank hesabına ödəmişdir. Bu da yuxanda qeyd edilən normanın tələbinə uyğun olaraq nağdsız hesablaşma hesab olunur. Buna görə də vergi orqanının imtinası qanunsuz və əsassız sayılır. Göstərilənlərə və İPMin 2, 4.1, 8, 32.1, 33, 38, 70-ci maddələrinə əsaslanaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və **********435400 nömrəli qərarlarının ləğv edilməsi və iddiaçının 20 fevral 2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmənin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilərək «cavabdehin 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və **********435400 nömrəli qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisinin məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul edilmiş və "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.1.2-ci yarımbəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 1.6-ci bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. X4 nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı 20 fevraı 2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 162 nömrəli müqavilə, maliyyə arayışı və bank mədaxil qəbzləri əlavə edilmişdir. «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.1.2-ci yarımbəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. X4 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı həmin Qaydalara zidd olaraq yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. X1 müraciəti ilə bağlı aparılmış araşdırmanın nəticəsi üzrə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 16 mart 2023-cü il tarixli **********435400 və **********434700 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş X3 göndərilmişdir. Göstərilənlərə əsaslanaraq, X1 iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, üçüncü şəxs "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz təqdim edilərək apelyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AA******* saylı şəxsiyyət vəsiqəsindən və AZ İİ 544137 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, nikahdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. Satıcı "xxxx" Mənzil Tikinti Kooperativi ilə “Alıcı” X4 arasında bağlanmış 0104 №-li, xx.xx.2022-ci il tarixli “Alqı-satqı” müqaviləsindən müəyyən olunur ki; “Satıcı” ünvan 1 ünvanında tikilməkdə olan “Avant park” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blokunda, 1-ci mərtəbədə qaraj sahəsini “Alıcı”ya satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qarajın dəyərini (qiymətini) “Satıcı”ya ödəməyi öhdəsinə götürür (bənd 1). Həmin müqavilənin ikinci bəndinə əsasən qarajaltı sahə 18 kv.m, qiyməti isə 14000 manat təşkil edir. Satıcı "xxxx" Mənzil Tikinti Kooperativi ilə “Alıcı” X4 arasında bağlanmış 0162 №-li, xx.xx.2022-ci il tarixli “Alqı-satqı” müqaviləsindən müəyyən olunur ki; “Satıcı” ünvan 1 ünvanında tikilməkdə olan “Avant park” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blokunda, 5-ci mərtəbə, 3 nömrəli 3 otaqlı mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) “Satıcı”ya ödəməyi öhdəsinə götürür (bənd 1). Həmin müqavilənin ikinci bəndinə əsasən mənzilin xarici perimetr üzrə sahəsi 108.07 kv.m, daxili perimetr üzrə 94.14 kv.m, qiyməti isə 146975 manat təşkil edir. 0162 nömrəli, xx.xx.2022-ci il tarixli payçı müqaviləsinə dəyişiklik haqqında 1 nömrəli müqavilədən görünür ki, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 140028 manat müəyyən edilmişdir. 29 noyabr 2022-ci il tarixli maliyyə arayışlarına əsasən 0104 №-li, xx.xx.2022-ci il tarixli və 0162 №-li, xx.xx.2022-ci il tarixli “Alqı-satqı” müqavilələri qaraj sahəsinin və mənzilin dəyəri alıcı X4 tərəfindən tam olaraq ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubundan, o cümlədən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********434700 və **********435400 nömrəli №-li, xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı X4 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən də X1 xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı qəbul edərkən belə nəticəyə gəlmişdir ki, “müvafiq qanunvericilik normaları (Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı) bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada satın alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinə münasibətdə ödənilmiş ƏDV-nin qaytarılmasını həmin əmlakların tam dəyərinin (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, iddiaçı aldığı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinə münasibətdə ƏDV-ni satıcı "xxxx" MTK-nin ƏDV depozit hesabına deyil, əmlakların tam dəyərini – ƏDV də daxil olmaqla satıcının bank hesabına ödəmişdir. Məhkəmə həmçinin diqqətə çəkir ki, ƏDV ödənişinin yuxarıda qeyd olunan formada aparılması texniki xarakterli səhv və ya formal xəta qismində də qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.4-cü bəndində təqdim edilmiş sənədlərlə çatışmazlıqların dairəsi təsbit olunmuşdur. Lakin bu dairəyə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməməsi halı daxil edilməmişdr. Həmçinin qeyd olunmalıdır ki, ƏDV-nin məbləğinin ödənişinin düzgün aparılmamasının hətta ödəniş etmiş şəxs kimi iddiaçının iradəsindən asılı olmaması öz təsdiqini tapsa belə, bu hal vəziyyəti onun xeyrinə dəyişmir. Bundan başqa, yaşayış və qeyri-yaşayış sahələrinin alıcısı kimi iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovna ilə satıcısı "xxxx" MTK arasında bağlanmış müqavilədə həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün MTK-nın ƏDV depozit hesabının qeyd edilmədiyi, alıcıya satıcının ƏDV depozit hesabının hər hansı formada verilmədiyi və məbləğin ayrıca ƏDV depozit hesaba ödənilməli olmasının iddiaçıya izah olunmadığı halda, iddiaçı hesab edərsə ki, ona zərər dəymişdir, bu barədə "xxxx" MTK-ya qarşı müvafiq məhkəmədə iddia qaldırmaq hüququ ona izah olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnaya münasibətdə “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasından imtina edilməsi haqqında” 16 mart 2023-cü il tarixli **********434700 və **********435400 nömrəli qərarları qəbul etməkdə haqlı olmuşdur və həmin qərarlar «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 15, 17, 24, 58.1-ci maddələrinin tələblərinə uyğundur”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş üzrə iddiaçı X4 alıcı qismində, yəni satıcıdan yaşayış sahəsini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edirlər. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və tələb olunan müddətdə əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir. Cavabdeh vergi orqanı tərəfindən ƏDV-nin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas kimi X4 tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi bildirilmişdir. Bu hal, iddiaçının təqsiri ilə bağlı olmamaqla ƏDV məbləğinin geri qaytarılmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. İddiaçının aldığı, müqavilənin predmeti olan mənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTKnın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyyəyə cəlb olunan məbləğdən ƏDV ödəmiş və hesabat təqdim etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: -153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən normanın və Qaydaların tələblərinə əsaslanaraq xx.xx.2023-cü il tarixdə portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini göstərmişdir. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinin predmeti olan mənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyyəyə cəlb olunan məbləğdən ƏDV vergisi ödəmiş və hesabat təqdim etmişdir. Belə olan halda, ƏDV məbləğinin cavabdehdən (dövlət büdcəsindən) deyil, MTK-dan tələb edilməsi, MTK-nın əsassız olaraq artıq ƏDV vergisi ödəməsinə, həmçinin ƏDV məbləğinin alıcılara qaytarılmasından yaranan ikiqat ziyana uğramasına səbəb ola bilər. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mənzili və qarajı aldığı dövrdə (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə) cavabdeh inzibati orqanın elektron portalı (proqram təminatı) fəaliyyət göstərmədiyinə görə onun fiziki olaraq ƏDV məbləğini ayrı hesaba (ƏDV depozit hesabına) ödəmək imkanı olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.5. risk qiymətləndirilməsi – məlumatların toplanması, vahid elektron məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. Bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. ƏDV-nin depozit hesabı həmçinin ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından ödənilmiş vəsaitlərdən mədaxili də nəzərdə tutulmuşdur. Həmçinin göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində, ƏDV-nin məbləğinin aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Lakin hazırkı halda "xxxx" MTK etdiyi alqı-satqılar üzrə ƏDV hesabatı təqdim etməsinə baxmayaraq, cavabdeh tərəfindən MTK-nın satdığı mənzilə görə ƏDV aldığı məbləğin ƏDV depozit hesabına köçürməməsinə görə maliyyə sanksiyasının tədbiq edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, bu halı mübahisələndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 № li Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 2.1-ci bəndinə əsasən ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günün müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 175.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********434700 nömrəli və **********435400 nömrəli qərarları ləğv edilməli, əlavə dəyər vergisinin məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********434700 nömrəli və **********435400 nömrəli qərarları ləğv edilsin. Əlavə dəyər vergisinin məbləğinin iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnaya geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev