Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1750/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12622/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Qarabağ Müharibəsi əlili kimi ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam vermək vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iş üzrə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tələbinin təmin edilməsindən imtina edərək, onun mənzil növbəsinə alınmasına süni maneələr yaratmışdır. Belə ki, cavabdeh orqan heç bir qanun normasını qeyd etmədən guya onun yaşadığı mənzil 2 otaqlı 29.01 kv.m olduğundan və 7 nəfər ailə tərkibi ilə qeydiyyatda olmağına baxmayaraq, həmin mənzilə xx.xx.2022-ci ildə qeydiyyata düşdüyünü əsas gətirərək, Bakı şəhərində 5 il qeydiyyatı olmadığından onun mənzil növbəsinə alınmağının mümkün olmadığını bildirmişdir. Hesab edir ki, cavabdeh orqan Xətai Rayon İcra Hakimiyyətinin hərəkətsizliyi onun hüquqlarını pozur. O, Xətai rayon 75 saylı MKİS-nin müvafiq arayışına əsasən həmin mənzildə 2005-ci ildən 2022-ci ilədək qeydiyyatsız, 2022-ci ildən hal-hazıradək ailəsi ilə qeydiyyatda olmaqla yaşayır. O, Azərbaycan Respublikasının müdafiəsi zamanı 2-ci qrup Qarabağ Müharibəsi əlili olduğundan cavabdeh onu Qarabağ Müharibəsi əlili kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə almalıdır. İşin hallarından göründüyü kimi, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi almışdır. O, ailə üzvləri ilə birlikdə ümumi evdə yaşayır. O, Qarabağ döyüşlərində iştirak edərək əlil olmiş və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində güzəştli şərtlərlə uçota alınmaq hüququ yaranmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-12622/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Xətai rayon icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmasına dair cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə sərəncam qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Belə ki, iş üzrə cavabdeh iddiaçının Bakı şəhərinə 5 il daimi qeydiyyatının olmadığını qeyd edərək onun mənzil növbəsinə alınmasına imtina etmişdir. Bakı İnzibati Məhkəməsində işə baxılarkən məhkəmə hazırda iş üzrə cavabeh Xətai Rayon İcra Hakimiyyətinin imtinasını kənara qoyaraq valideyinlərinin adında şəxsi mənzilinin olduğunu və hazırda daimi qeydiyyatda olduqları Xətai rayonu, Sarayev küçəsi 15-də yerləşən 2 otaqlı, yaşayış sahəsi 29,01 kv.m olan 48 saylı mənzildə 7 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olduğuna və guya onun müharibə əlili olması ilə əlaqədar sənədi məhkəməyə təqdim edə bilmədiyini əsas gətirərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə iddianı təmin etməyərək qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təsdiq olunan arayışa və xx.xx.1991-ci il tarixli Xəstəliklər haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1990-cı il tarixdə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı döyüş hazırlığı keçərkən odlu silahdan açılan güllə yarası nəticəsində yaralanaraq nəticədə 2-ci qrup əlil olmuşdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərin imtiyazı Qarabağ Müharibəsi əlillərinə bərabər tutulur. Məhkəmə işə baxarkən qeyd edilənlərlə barabər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına da məhəl qoymamışdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə norma beynəlxalq standartlara uyğun olaraq 16.0 kv.m müəyyən edilir. Bu, o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adamsayına 16 kv.m-dən mənzil sahəsi hesablanmalıdır. Onlar ailədə 7 nəfərdir, yaşamaq üçün hər adam sayına 4 kv.m sahə düşür. Tətbiq edilməli olan qanun normasını tətbiq etməyən məhkəmənin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyi üçün qərar apellyasiya qaydasında ləğv olunmalıdır. Azərbaycan Respublikasında əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab olunmasının əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1-ci qrup əlillər, sağlamlıq imkanı məhdud uşağın ailələri, habelə 2-ci və 3-cü qrup müharibə əlilləri ailədə adambaşına “9” kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Göründüyü kimi, iddiaçının yaşadığı mənzilin yaşayış sahəsi 29.01 kv.m olmaqla 7 nəfər daimi qeydiyyatda olduğu üçün hər adambaşına düşən sahə normadan az olaraq, yəni faktiki hər adam sayına 4 kv.m düşdüyündən cavabdehin qanunsuz tələbi təmin oluna bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Ərizənizdə yaşayış yeri üzrə mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmişdur ki, Siz xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 15 saylı evin 48 saylı mənzilinə daimi qeydiyyata alınmısınız. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Qeyd edilənləri nəzərə alaraq xahişinizi təmin etmək rayon icra hakimiyyətinin imkanı xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı şəhəri “ASAN xidmət” X3 xx.xx.2022-ci il tarixli, 1448 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1972-ci il tarixdə Ermənistan, Ararat rayonunda anadan olmuş İddiaçı barəsində Azərbaycan Respubloikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: arvad - X8, uşaq - X16, uşaq - X17. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Nümayəndə1, X6, X9, İddiaçı, X2, X10, X11 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlakın olub-olmaması haqqında məlumat verilməsi ilə bağlı müraciətə baxılmışdır. Nümayəndə1 adına Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 15, 48 saylı mənzil xx.xx.2004-cü il tarixdə, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 14, 86 saylı mənzil xx.xx.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Nümayəndə1 adına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.0682 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə daimi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda istifadəsindədir. X9 adına Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 10a saylı fərdi yaşayış evinin 1/2 hissəsi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 adına Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, 47 saylı mənzil xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qeyd olunan digər şəxslərin adlarına hazırda Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Nazirliyin Mərkəzləşdirilmiş Elektron X7-Sosial Ekspertiza və X5 alınmış məlumata əsasən, İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 1998-ci ildən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Nümayəndə1, X10, İddiaçı adlarına Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən ümumi birgə payda olan 0.1827 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Nümayəndə1, X10, İddiaçı adlarına Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən ümumi birgə payda olan 0.22 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-489A nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı adına Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçmişdir, lakin 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-955 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X4 adına Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, məzil 47 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 adına (arxiv əsaslarında təvəllüd göstərilməmişdir) Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 10, mənzil 10 qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 34 saylı DNK-nın xx.xx.1995-ci il tarixli 3M/A- 7 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X4 adına (arxiv əsaslarında təvəllüd göstərilməmişdir, X12 nəvəsi və vərəsəsi olan) Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qasımov küçəsi, ev 14, mənzil 17 qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 4 saylı DNK-nın xx.xx.1996-cı il tarixli 3”M-A-33 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixindən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Harbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 214 nömrəli arayışından görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdə keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1991-ci ildə hərbi həkim komissiyasının qərarına əsasən “Xəstəliklər cədvəli”nin İİ qrafasının 34 a, 14 a maddələrinə əsasən “hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız” hesab edilmişdir. xx.xx.1991-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 1998-ci ildən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı onun ikinci qrup Qarabağ müharibəsi əlili kimi ailə tərkibi (özü, arvadı və 2 oğlu) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlil kimi ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan və məktuba əlavə edilmiş əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixindən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlil olduğunu qeyd etsə də, iş mateirallarından göründüyü kimi, iddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlildir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktub və sənədlərdən görünür ki, iddiaçının arvadı X4 adına Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, 47 saylı mənzil xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bundan başqa, İddiaçı (Nümayəndə1, X16 ilə birlikdə) adına Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən ümumi birgə payda olan 0.22 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-489A nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmçinin İddiaçı adına Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçmişdir, lakin 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-955 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edildiyini təsdiq edən hallar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12622/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1750/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1750/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver