Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1750/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti zəruri cəlb etmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının vəkili Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6952/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Dövlət Dəmir Yolu X3 Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 138 №-li, xx.xx.1998-ci il tarixli arayışda göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1973-cü il tarixli, № 270 saylı qərarı və yol idarəsinin müdirinin 29 № li xx.xx.1979-cu il tarixli əmri nəzərə alınmaqla işçi qaydasında iddiaçıya Biləcəri stansiyası təhkim zolağı hüdudlarında əsaslı tikintiyə icazə verilmədən 2645 km, pk-0- 03m pk 0-28 m-ə kimi olan ərazidə bostançılıq məqsədi ilə 0.12 ha torpaq sahəsi ayrılmışdır.
2. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********55 №-li cavab məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən ona hüquqi yardım göstərilərək, qeyd olunan iradlar aradan qaldırılacağı təqdirdə müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.
3. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 13-1/2-2562/2024 №li məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Dəmir Yolunun X3 Birliyi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı ADY-də məlumat aşkar edilməmişdir. Qeyd edilən torpaq sahəsinin yerləşdiyi ərazidəki torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətində və ADY-nin daimi istifadəsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunacağı təqdirdə, ADY tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.
4. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********02 saylı məktubunda qeyd olunmuşdur ki, idarənin arxivində İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyası üvanının qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən şərti olaraq göstərilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda göstərilən torpaq sahəsi "xxxx" QSC-yə verilmiş yerquruluşu planının hüdudları daxilində yerləşir. Sözügedən sahənin və bitişik qonşuların qeydiyyatı barədə elektron bazada məlumat yoxdur.
5. 03.05.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən torpaq sahəsinə iddiaçı ilə birgə torpaq sahəsinin yerləşdiyi ünvanda olmuşlar. İddiaçı ümumi açıq ərazi göstərərək, özünə aid sahənin dəqiq harada yerləşməsini bilmədiyini bildirərək, vizual olaraq ətrafda (açıq ərazidə) ona aid 0,12 ha torpaq sahəsinin olduğunu demişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Dəmir Yolu X3 Birliyinin xx.xx.1998-ci il tarixli, 138 saylı Qərarına əsasən ona ayrılmış Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Dəmiryolu X3 Birliyinin xx.xx.1998-ci il tarixli, 138 saylı Qərarına əsasən ona ayrılmış Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha bağ sahəsi verilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha (bağ sahəsi) torpaq sahəsinə onun hüququnun qeydiyyata alınmasına dair çıxarış verilməsini xahiş etmişdir. Lakin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli məktubunda göstərir ki, qeyd olunan ünvanda torpaq sahəsinə dair “Daşınmaz Əmlakın dövlət Reyestri haqqında” Azərbaycan Resublikasının Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın dövlər reyestri haqqında qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısın”da nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinin tələbinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən iddia olunan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı öz torpaq sahəsinin yerini dəqiq bilmir. İddia olunan torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmamış, sadəcə ümumi açıq ərazidən müəyyən bir hissənin ona ayrıldığını vurğulamışdır.İddiaçı tərəfindən şərti olaraq göstərilmiş torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır.Həmçinin bildiririk ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi "xxxx" QSC-yə verilmiş yerquruluşu planının hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6952/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı illərlə həmin torpaq sahəsində bostançılıqla məşğul olmuş və həmin torpaq sahəsini istifadə etmişdir. Ona verilmiş və istifadə etdiyi 0,12 ha torpaq sahəsinə onun gözlənilən mülkiyyət hüququ var. Protokolun 1-ci maddəsindəki “mülkiyyət” anlayışı təkcə “mövcud sahiblik”lə məhdudlaşmır, bu anlayış həm də iddiaçının ən azı onun üzərində mülkiyyət hüququndan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. Yəni həmin qərarda təsdiq edir ki, iddiaçı X1 0.12 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin ayrılmasına dair qərar ləğv edilməmiş və bugünə qədər mübahisələndirilməmiş və hazırda qüvvədədir. Həmin torpaq sahəsi illərlə iddianın sahibliyində və istifadəsində olmuşdur. Bu halı təsdiq edən şahidlərdə var. Eyni zamanda iddiaçıya torpaq sahəsi Azərbaycan Dövlət Dəmir Yolu X3 Birliyinin xx.xx.1998-ci il tarixli, 138 saylı arayışı ilə deyil Qərarı ilə ayrılmışdır. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərar hazırkı inzibati mübahisəyə tətbiq edilə bilməz. İddiaçıya torpaq sahəsi ayrılarkən həmin qayda qüvvədə olmamış, 7 il sonra qəbul edilmiş aktın hazırkı mübahisəyə tətbiq edilə bilməsi qanunvericiliyə zidd olmaqla vətəndaşın vəziyyətin ağırlaşdıran haldır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi.
15. Cavabdehə və digər üçüncü şəxs "xxxx" QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
23. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Dövlət Dəmir Yolu X3 Birliyinin xx.xx.1998-ci il tarixli, 138 saylı Qərarına əsasən ona ayrılmış Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsini tələb edir.
24. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən şərti olaraq göstərilmiş torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eyni zamanda torpaq sahəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır.
25. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən "Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu verilmiş, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən ADY-nin Biləcəri stansiyası Biləcəri Elektrik təchizatı distensiyasının ərazisində yerləşən dəmir yolunun 2645 km pk-0-03 m-dən pk 0-28 m-ə kimi olan ərazidə İddiaçı 0.12 ha torpaq sahəsinin ayrılmasına dair hər hansı sənədin olması barədə məlumat aşkar edilməmişdir.
26. İş materiallarından göründüyü kimi iddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq iddiasında olarkən Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1973-cü il tarixli, № 270 saylı qərarına istinad etmişdir.
27. Belə ki, həmin qərar ilə xidməti torpaq sahəsi hüququ olan işçilərin kateqoriyalarının siyahısı təsdiq edilmiş və həmin qərar əsasında isə yol idarəsinin müdirinin 29 № li xx.xx.1979-cu il tarixli əmri ilə iddiaçıya Biləcəri stansiyası təhkim zolağı hüdudlarında bostançılıq məqsədi ilə 0.12 ha torpaq sahəsi ayrılmışdır.
28. Lakin kollegiya qeyd edir ki, həmin qərarın mövcudluğu hazırki iddia üzrə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab olunmur. Çünki, həmin qərardan da göründüyü kimi qərarın əsas mahiyyəti xidməti torpaq sahəsi hüququ olan işçilərin kateqoriyalarının siyahısı təsdiq edilmişdir.
29. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Dəmiryol İdarəsinin rəisinin 03 aprel 1979-cu il tarixli 29/21 saylı əmrin 4-cü bəndindən görünür ki, ayrılmış torpaq sahəsi yalnız onun iş fəaliyyəti müddəti üçün qüvvədədir. Yəni qeyd olunan bənddən müəyyən olunur ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün dəmir yol işçisinə torpaq sahəsi onun işçi sayıldığı dövr üzrə müvəqqəti istifadə üçün verilirdi. Göründüyü kimi mənzil fondunun özəlləşdirməsi qaydalarından fərqli olaraq istifadəyə verilmiş torpaq sahələrinin özəlləşdirilməsi,yəni mülkiyyətə verilməsi qaydası müəyyən edilməmişdir. Belə olduğu tədqirdə müvəqqəti iş dövrü üçün verilmiş torpaq sahəsinin yenidən balanssaxlayıcıya qaytarılması mümkündür. Ona görədə kolleqiya hesab edir ki, hətta İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı 29 nömrəli xx.xx.1979-cu il tarixli əmr mövcud olsaydı belə həmin qərar qeyd olunan torpaq sahəsinin İddiaçı daimi istifadəsinə və ya mülkiyyətinə keçməsi üçün əsas ola bilməzdi.
30. İş materiallarında olan Azərbaycan Dövlət Dəmir Yolu X3 Birliyi tərəfindən ünvanlanmış iddiaçıya ünvanlanmış N-138 №-li xx.xx.1998-ci il tarixli arayışda göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1973-cü il tarixli, № 270 saylı qərarı və yol idarəsinin müdirinin 29 № li xx.xx.1979- cu il tarixli əmri nəzərə alınmaqla işçi qaydasında iddiaçıya Biləcəri stansiyası təhkim zolağı hüdudlarında əsaslı tikintiyə icazə verilmədən 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə bostançılıq məqsədi ilə 0.12 ha torpaq sahəsinin ayrılmışdır.
31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.
32. Göründüyü kimi iddiaçının Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olmaması öz təsdiqini tapmışdır.
33. Bu baxımdan kollegiya hesab edir ki, sözügedən yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçılar tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6952/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6952/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.