Məhkəmə qərarları › İş №2-1(103)-1751/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1751/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1751/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 üzrə Mərkəzi filialına qarşı pensiyanın təyin edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3298/2020 saylı qərarından cavabdehin nümayəndəsi C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3298/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 57 yaşının tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi C.Əhmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X7 idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Ümumi stajı 46 ildən artıqdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün İdarəyə müraciət etsə də, onun müraciəti ümumi iş stajı 25 ildən az olması əsas gətirilərək təmin olunmamışdır. Cavabdeh 1984-1985-ci illərdə həbsxanada olarkən əmək fəaliyyəti ilə məşğul olduğu 1 il 7 ay müddəti nəzərə almamışdır İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixinədək (yəni ƏPQ-nun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə üç şərtə riayət etməklə yaranır: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən islahatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.hazırki iş üzrə 2 və 3-cu şərtlərə əməl edilməmişdir. bundan əlavə vəkil “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə istinad edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi iş stajı tələb edilən 25 il ümumi iş stajından azdır. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus V 814252 №-li diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbində təhsil almışdır. - İddiaçı məxsus İT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1984-cü illərdə «Azərelektromaş»-da maşinist köməkçisi, xx.xx.1987xx.xx.1988-ci illərdə 7-ci Dövlət Yastıq Zavodunda mexaniki yıcma sahəsinin cilalamayıcma şöbəsində cilalayıcı, xx.xx.1988- xx.xx.1992-ci illərdə X2 çilingər vəzifəsində işləmiş, xx.xx.1992- xx.xx.1992-ci illərdə teplovoz maşinisti ixtisası üzrə təhsil almış, xx.xx.1992-xx.xx.1995-ci illərdə X2 teplovoz maşinist köməkçisi, xx.xx.1995-xx.xx.2002-ci illərdə teplovoz maşinisti, xx.xx.2002- xx.xx.2002-ci illərdə teplovoz maşinist köməkçisi vəzifəsində işləmiş, xx.xx.2002-ci ildən hazırki vaxta qədər teplovoz maşinisti vəzifəsində işləyir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-4722-C-22/2 №-li məktubundan görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək PX-nin Mərkəzi xəstəxanasında saxlanılmış, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.1985-ci il tarixdə Qaradağ rayon xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə 1 il 11 ay 3 gün müddətinə şərti azad olunmuş və cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövr ərzində əmək fəaliyyətinə cəlb edilmişdir. - 097884 №-li xx.xx.1985-ci il tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarına əsasən xx.xx.1985-ci ildən etibarən 1 il 11 ay 3 gün müddətinə əməyə mütləq cəlb etməklə azadlıqdan şərti məhrum edilmişdir. - İddiaçı məxsus AT-İİİ ******* №-li əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 35 №-li Tikinti Trestinin 273 №-li Xüsusi İdarəsində elektrik qaynaqçısı, xx.xx.1986-cı ildən xx.xx.1987- ci ilə qədər 1 №-li X4 Trestində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. - X3 xx.xx.2019-cu il tarixli ***-**-** №-li arayışından görünür ki, iddiaçının xx.xx.1992-ci ildən hazıra qədər işlədiyi teplovoz maşinisti köməkçisi və elektrovoz maşinisti peşəsində iş stajı 26 il 9 ay 18 gün təşkil edir və bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısının 21.4-cü Bölməsinə uyğundur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «g» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «k" bəndinə əsasən azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt iş stajına daxil edilir. Eyni zamanda «Azərbaycan Respublikası Konstitusiyasının 25,35,38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarına əsasən məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərədə tutan Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci il fevralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslərə də şamil edilməlidir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti və cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu dövr iş stajı hesab olunmasa da, iddiaçının oxuduğu və cəza çəkdiyi müddətdə qüvvədə olan qanunvericilik həmin müddətləri iş stajına daxil etmişdir. Ona görə də hazırda həmin müddətlər ümumi iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil, cəza çəkdiyi müddətində ödənişli əməyə cəlb edildiyi vaxt və hərbi xidmət dövrü də daxil olmaqla mövcuddur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən iddiaçının təqdim etdiyi sənədləri ilə onun ümumi iş stajının tələb edilən 25 il ümumi iş stajından az olduğu dəlilləri qəbul etmir. Belə ki, işdə olan iddiaçıya məxsus xx.xx.1984-cü il tarixdə verilmiş İT-1 seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978xx.xx.1981-ci il tarixlərdə (02 il 10 ay 14 gün) 2 nömrəli texniki peşə məktəbində (diplom B-814252) təhsil almışdır; xx.xx.1981-xx.xx.1981-ci illərdə (02 il 01 ay 08 gün) hərbi xidmət keşmiş (hərbi bilet NZ 4277858); xx.xx.1983-xx.xx.1984-cü illərdə (10 ay 16 gün) “Azərelektromaş” İB-də; xx.xx.1987-xx.xx.1988-ci illərdə (05 ay 27gün) Dövlət Podşipnik zavodunda; xx.xx.1988-xx.xx.1992-ci illərdə (03 il 07 ay 17 gün) X2 işləmiş; xx.xx.1992xx.xx.1992-ci illərdə (05 ay) Azərbaycan SSR Dəmir yolunun Bakı texməktəbində teplovoz maşinisti kursları keçmişdir; xx.xx.1992 hal hazıra kimi X2 işləyir (xx.xx.2006-cı ilə kimi 13 il 06 ay 14 gün) cəmi həmin əmək kitabçasına əsasən 23 il 11 ay 06 gün sığorta stajı var. İşdə olan iddaçıya məxsus digər AT-İİİ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1986-xx.xx.1986-ci illərdə (08 ay 22 gün) 35 nömrəli Tikinti Trestinin 273 nömrəli Tikinti İdarəsində; xx.xx.1986-xx.xx.1987-ci illərdə (10 ay 04 gün) Xüsusitikintimexanizasiya trestiin 1 nömrəli Mexanizasiya İdarəsində işləmişdir və bu əmək kitabçasına əsasən 01 il 06 ay 26 gün sığorta stajı var. İddiaçının cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu dövr 01 il 11 ay 03 gün təşkil edir. Beləlilklə, iddiaçının xx.xx.2006-cı ilə kimi ümumi sosial sığorta stajı 27 il 05 ay 05 gün (23 il 11 ay 06 gün + 01 il 06 ay 26 gün + 01 il 11 ay 03 gün) təşkil edir. Birinci instansiya məhkəmə haqlı olaraq cavabdehin imtinasını əsassız hesab edərək, iddiaçının oxuduğu və cəza çəkdiyi müddətləri qüvvədə olan qanunvericilikdə iş stajına daxil edilməsi nəzərdə tutulduğundan həmin müddətləri ümumi iş stajına daxil edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas olmadığından apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qərara aldı:

Cavabdehin nümayəndəsi C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3298/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar