Məhkəmə qərarları › İş №2-1(103)-1751/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1751/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1751/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğluTanrıverdiyevdən ibarət tərkibdə, X3-Yusiflinın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3597/2015 saylı 04 mart 2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı 1 saylı siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyası məbləğinin təyin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Neftqaztikinti” trestinin idarələrində 28.01.1978-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Resublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan 1 saylı Siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, ona 50 yaşdan, yəni 19.08.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3597/2015 saylı 30 noyabr 2015ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.11.2015 il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-361/16 saylı 05 aprel 2016-cı il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3597/2015 saylı 30 noyabr 2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-1128/2016 saylı 15 dekabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-361/16 saylı 05 aprel 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minməsi ilə əlaqədar icra olunması üçün 31.01.2017-ci il və 21.11.2019-cu il tarixdə cavabdeh inzibati orqana məktub göndərilmişdir. 23.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə verərək, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (82)-3597/2015 saylı 30 noyabr 2015-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdı ki, iddiaçının xeyrinə qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da, hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanları yalnız işə tikilmiş materiallara baxmaqla kifayətlənmiş, onun zərərli iş şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiyanın qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li Siyahısında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmışdır. İddiaçı 1 N-li Siyahı üzrə ən azı 52 yaşdan pensiya hüququnu müəyyən etmək üçün 1973-2005-ci illərin ağır və zərərli əmək stajı ilkin sənədlərlə və həmin dövrdə hesablanmış əməkhaqları sənədləri ilə ciddi araşdırıldıqdan və qanunvericiliklə tələblərinə uyğunluğu təsdiq edildikdən sonra pensiya hüququna baxıla bilər. Vətəndaşın pensiyası 01.09.2017-ci il tarixdən 221,26 manat məbləğində artırılaraq 1388,17 manata, 01.01.2018-ci il tarixdən indeksləşdirmə nəzərə alınmaqla 1467,29 manata, 01.01.2019-cu il tarixdən 1511,31 manata, 01.01.2020-ci il tarixdən isə 1762,19 manata çatdırılmış və ödənilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə müvafiq olaraq 19.08.2013-cü il tarixdən düzgün təyin olunmuşdur. Bu barədə yuxarıda müvafiq məlumat verilmişdir. Eyni zamanda İddiaçı yazılı müraciəti və Qanunun 37-ci maddəsinin şərtlərinə görə 6 illik pensiya kapitalı əsasında onun pensiyası 01.09.2019-cu il tarixdən yenidən hesablana bilər. Beləliklə, şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 01.09.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 136 452,49 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3597/2015 saylı 04 mart 2021-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-3597/2015 saylı 04 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti yeni açılmış hallar barədə ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı DSMF-nun XŞTMF-nın nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İşə birinci instansiya qaydasında baxmış məhkəmə yeni açılmış hallarla bağlı ərizənin veilməsi üçün müəyyən edilmiş müddətin buraxılmaqla verildiyinə əsaslanaraq ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103,104,106). Həmin Məcəlləsinin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı ona “Neftqaztikinti” trestinin idarələrində 28.01.1978-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Resublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan 1 saylı Siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, ona 50 yaşdan yəni 19.08.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin edilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)- 3597/2015 saylı 30 noyabr 2015-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(103)-361/16 saylı 05 aprel 2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-1128/2016 saylı 15 dekabr 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sözügedən qərar 15 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Həmçinin qərarın qanuni qüvvəyə minməsilə əlaqədar cavabdeh inzibati orqana 20.02.2017-ci il tarixə qədər icra olunması üçün 31.01.2017-ci il tarixli və 11.12.2019-cu il tarixə qədər icra olunması üçün 21.11.2019-cu il tarixli məktublar ünvanlanmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi məhkəmə qərarının mövcudluğundan məlumatlı olmuş, buna baxmayaraq yeni açılmış hallar barədə ərizəni qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti ötürməklə vermişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin “yeni açılmış hallar” barədə ərizəsində göstərdiyi hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 04.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3597/2018 saylı 04 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar