Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1752/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(112)- 14737/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, rəhbəri olduğu “X2 Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən ezam edilməklə 2020-cü ilin oktyabr ayının 5-dən 10 noyabr tarixinədək Azərbaycanın ərazi bütövlüyü uğrunda 2023-cü il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüş əməliyyatlarında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarının işğal altında olmuş ərazilərində, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində döyüş əməliyyatlarının maddi-texniki və mənvi psixoloji təminatlarında iştirak etmişdir. Müharibə veteranı adının və vəsqiqəsinin verilməsi üçün “X2 Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yazılı qaydada müraciət edilib. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edildiyi bildirilmişdir. Burada göstərilib ki, N nömrəli hərbi hissə komandiri tərəfindan verilmiş xx.xx.2023-cü il tarixli 1380 nömrəli arayışda nizami hissə üzrə əmrlərində həmin hərbi hissələrdə olmağı təsdiq olunmadığına görə onun sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası qanunsuz və əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Yuxarıda göstərdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda 2023-cü il sentyabrın 27- dən noyabrın 10-dək gedən döyüş əməliyyatlarında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarının işğal altında olmuş ərazilərində, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində döyüş əməliyyatlarının maddi-texniki və mənvi psixoloji təminatlarında iştirak etmişdir. Belə ki, döyüş əməliyyatlarının gedişi zamanı döyüş sahəsində şəxsi heyətin maddi-texniki təminatında, onların mənəvi-psixoloji ruhunun yüksəldilməsi və motiviasiyası, vətənə məhəbbət, düşmənə nifrət hissələrinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərmişdir. Həmin döyüş bölgələrində iştirakı bu döyüş bölgələrindəki N saylı və N saylı hərbi hissələr tərəfindən verlmiş müvafiq arayışlarla və Azərbaycan Respublikasının Müdafiə Naziri, N saylı, N saylı və N saylı hərbi hissələrin komandirləri tərəfindən verilən Fəxri Fərmanlarla təsdiq edilir. Eyni zamanda, döyüş əməliyyatları zamanı həmin ərazilərdə çəkilmiş şəkillər və videoyazılar da bunu sübut edir. Həmçinin, onun həmin döyüşlərdə iştirakını təsdiq edəcək xeyli şahidlər vardır və işin məhkəmə baxışı prosesində həmin şahidlərin iştirakını təmin edəcək. Ona “müharibə veteram adı və vəsiqəsi” verilməsi üçün zəruri qanuni əsaslar var. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(112)- 14737/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissə: Məhkəmə kollegiyası prosess iştirakçılarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(112)- 14737/2023 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab etmiş və qərardadını belə əsaslandırmışdır ki, “...iddiaçının hazırki tələblə cavabdehə və məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən və qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər mövcud deyildir.” Həmçinin, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə öz qərardadında göstərmişdir ki, “...iddiaçı tərəfindən təqdim edilmiş, iddiaçnın rəhbərlik etdiyi ictimai birlik tərəfindən verilmiş tarixi və sıra nömrəsi qeyd edilməyən ezamiyyə vərəqində “döyüşən əsgərlərə dəstək məqsədi” qeyd edilmiş və iddiaçı 5 günlük ezamiyyətdə olmuşdur. İddiaçının təqdim etdiyi ezamiyyə sənədi və fəxri fərmanlarda döyüş tapşırığının və ya və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırığın mövcudluğu müəyyən edilməmişdir...” İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi aydın olmamaqla yanaşı, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər olmaması səbəbindən iddianın mümkünsüz sayılmasına dair qənaətə gəlməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(112)- 14737/2023 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-1752/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1752/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver