Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1753/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı “inzibati protokol tərtib edilməsi üçün izahat tələb edilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-5175/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Adil Yusifovun hərəkətinin qanunsuz hesab edilməsi, Suraxanı rayon icra və probasiya şöbəsinin icraatında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(010)-1662/2014 saylı qətnaməsinə əsasən ondan X1 xeyrinə 3360 manat pulun tutulması barədə icra işi ilə bağlı icra məmuru tərəfindən qanuni tələb yazılı surətdə və rəsmi qaydada təqdim etmədən ondan inzibati protokol tərtib edilməsi üçün izahat tələb etməsinin qanunsuz hesab edilməsi, hazırki icra işi ilə bağlı icra məmuru tərəfindən ondan izahat tələb etməsindən əvvəl ona (və ya nümayəndəsinə) qanuni tələbin yazılı surətdə və rəsmi qaydada təqdim edilməsinin icra məmuruna öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 iddiası təmin edilərək ondan 3360 manat və dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulması müəyyən edilmişdir. Qətnamə qüvvəsini almışdır. Qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmiş və icrası Suraxanı rayon İcra və probasiya şöbəsinə tapşırılmışdır. İcra məmuru icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra işi ilə əlaqədar o, icra şöbəsinə gəlmiş və gəlirləri olub-olmaması barədə, əmlakının olmaması barədə məlumat vermişdir. O, o zaman işləyirdi, sadəcə olaraq aldığı əmək haqqından Suraxanı Rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 3 uşağın saxlanması üçün əmək haqqından 50 faiz tutulur. Bu barədə icra məmuruna məlumat vermişdir. Buna baxmayaraq icra məmuru buna əhəmiyyət verməmişdir. Onda o, “İcra haqqında” Qanununun 75-ci maddəsini xatırlatmışdır. Bir müddət keçdikdən sonra Suraxanı rayon icra şöbəsinə onu çağırmışlar. Ondan izahat yazmağı tələb etmişdilər. O və onun nümayəndəsi buna etiraz etmiş və bildirmişlər ki, ilk növbədə icra məmuru tərəfindən qanuni tələb verilməlidir. (“İcra haqqında” Qanunun 84.1-ci maddəsi). Buna baxmayaraq icra məmuru qanunu pozaraq izahat tələb edir və inzibati protokol tərtib edilməsi ilə onu hədələyir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5175/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və hazırkı işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmurunun icra sənədi üzrə “İcra haqqında” Qanuna uyğun olaraq qəbul etdiyi hər hansı qərar və ya icraya yönəlmiş hərəkətləri maraqlı şəxsin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmadığından faktiki xarakterli hərəkətlər kimi də qiymətləndirilə bilər. Həmçinin, icra məmurları birtərəfli hakimiyyət iradəsinə əsasən fəaliyyət göstərir və həmin məmurun ümumi (publik) hüquq müstəvisində həyata keçirdiyi hərəkətlər hakimiyyət tədbiridir. Belə ki, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar tələbləri hüquq subyektləri üçün məcburi xarakter daşıyır və onların yerinə yetirilməməsi və ya icra məmurunun öz vəzifələrini icra etməsinə maneə törədilməsi qanunvericilikdə müəyyən edilmiş cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 29-cu maddəsində icraatda tərəflərin (tələbkar və borclu) hüquq və vəzifələri nəzərdə tutulmuşdur. Onların sırasına icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ da daxil edilmişdir. Məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurlarının qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər təbiətinə və məzmununa görə inzibati-prosessual xarakter daşıdığından, inzibati-iqtisadi məhkəmələrdə mübahisələndirilməlidir. Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, “İcra haqqında” Qanun qəbul edildikdə Azərbaycan Respublikasının hüquq sistemində inzibati məhkəmələrin fəaliyyətini tənzimləyən İnzibati-Prosessual Məcəllə mövcud deyildi. Bu baxımdan məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən həmin məmurun ərazi üzrə iqtisadi və ya olduğu yerin məhkəmələrinə şikayət verilməsi hər hansı bir məhkəmə qərarlarının icrası ilə bağlı fəaliyyətə məhkəmə nəzarəti funksiyasını daşıyırdı. Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər insan ədalətli məhkəmə baxışı hüququna malikdir. Bu fikir ədalət məhkəməsinə göndərilməli olan bir çox baxışları özündə birləşdirir. Onlardan biri məhkəmə qərarının qanuni və əsaslı olmasıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrə öhdəlik qoyur ki, onlar öz məhkəmə qərarlarını əsaslandırmalıdırlar. Ədalətli məhkəmənin ümumi prinsiplərindən biri, tərəflərin dinlənilmək hüququ və onları eşitmək hüququndan ibarətdir. Əgər məhkəmə qətnaməsində mən iddiaçının suallarına cavab verilməyibsə, bu o deməkdir ki, mənim mövqeyim dinlənilməmişdir, eşidilməmişdir (Avropa Məhkəməsi, Kuznetsov Rusiyaya qarşı, xx xxxxxx 2007-ci il; X2rşı, xx xxxxxx 1994-cü il; Xurvisaari Finlandiyaya qarşı, xx xxxxxxxx 2001-ci il). Belə olan halda məhkəmə iddianın mümkün sayılmaması ilə yox, mahiyyəti üzrə baxıb qərar qəbul etməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İşin materialları ilə müəyyən edilir ki, hazırkı mübahisənin predmetini Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(010)-1662/2014 saylı icra sənədi üzrə başlanılmış icra icraatı təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən hal Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(010)-1662/2014 saylı icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırkı iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhər Suraxanı Rayon Məhkəməsində mübahisələndirilə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə müraciət etməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia ərizəsindən həmçinin görünür ki, icra məmurunun İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati xəta haqqında protokolun tərtib etməsi ilə bağlı hərəkəti də mübahisələndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən qanunun tətbiq dairəsi inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2017-ci il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5175/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1753/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1753/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver