Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1754/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “cavabdehin ərizəni aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərməkdən imtinasının qanunsuz və əsassız hesab edilməsi, ərizənin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “cavabdehin ərizəni aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərməkdən imtinasının qanunsuz və əsassız hesab edilməsi, ərizənin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı onun müraciətinə baxılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 05/06-0814-4260 saylı 25 dekabr 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 226 saylı 2005-ci il 20 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” ilə müraciətində qeyd edilən məsələnin həlli Nazirliyin səlahiyyətinə aid edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 17 iyun tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə meliorasiya və su təsərrüfatı sahəsinə dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək ASC-nin əsas məqsədidir. Bununla belə, eyni məzmunlu müraciətləri Nazirlik tərəfindən səlahiyyətləri daxilində araşdırılmış və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada 2020-ci il 17 iyun tarixli 02/10-08-14-1718, 27 oktyabr tarixli 02/16-08-14-3638 və 1 dekabr tarixli 02/16-08-14- 3949 nömrəli məktubları ilə ətraflı məlumat verilmişdir. Qeyd olunanlarla bağlı iddiaçının suvarma ilə yaranan problemlərlə əlaqədar aidiyyatı üzrə "xxxx" ASC-yə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin ərizəni aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCyə göndərməkdən imtinasının qanunsuz və əsassız hesab edilməsi, ərizənin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Hacıqabul rayonunun Navahi kəndində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinə ərizə ilə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. O, cavabdehin imtina məktubunu qanunsuz və əsassız hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Nazirlik 2020-ci il 01 dekabr tarixində 02/16-08-14-3949 saylı məktubla vətəndaş İddiaçı müraciətinə ətraflı cavab vermiş və məsələnin həllinin Nazirliyin səlahiyyətləri çərçivəsində olmamasını nəzərə alaraq aidiyyatı üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı Nazirliyə daxil olmuş 29 oktyabr 2020-ci il tarixli suvarma suyu ilə təmin edilməsi barədə müraciəti tam araşdırılmış və vətəndaş İddiaçı “Vətəndaşların müracitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavab verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh orqan tərəfindən əkin təyinatlı torpaq sahəsinin suvarılma suyu ilə təmin edilməməsinin səbəblərini araşdırmamış, həmçinin ərizə araşdırılması üçün aiddiyyəti ürzə göndərilməmişdir. Cavabdeh orqan tərəfindən “İnzibati İcraata haqqında” Qanunun tələbləri pozularaq yaranmış problemin həll edilməsi üçün dinləmələr təşkil edilməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı İsmayıllı X1 rayonu, Navahi kəndində yerləşən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə köməklik məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmaması səbəbindən təmin edilməmişdir. Həmin imtinadan narazı qalan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən rədd edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsinə, müraciətdə göstərilən məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli olan subyektin göstərilməsinə, iddiaçının tələbinə baxılmasının cavabdeh orqanın səlahiyyətlərinə aid edilməməsinə, eyni zamanda cavabdeh orqan tərəfindən iddiaçının hər hansı bir hüququnun pozulmamasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir (7.10). Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir (7.11). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər (4.1). İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur (4.2). Həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (21.1).Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur (21.2). Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir (33.1). Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir (33.2). Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır (33.4). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinə görə iddiaçının müraciət etdiyi inzibati orqan əgər müraciət olunan məsələni həll etmək onun qanunla müəyyən edilmiş səlahiyyətinə aid deyildisə, o, həmin müraciəti aidiyyəti üzrə müvafiq inzibati orqana göndərməli və bu barədə ərizəçini məlumatlandırmalı idi. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə aidiyyəti üzrə başqa orqan tərəfindən baxılmasını və ona müraciət edilməli olmasını ərizəçiyə izah etməklə kifayətlənmiş, ərizəni aidiyyəti orqana göndərməməklə “İnzibati icraat haqqında” Qanunun müddəalarını pozmuşdur. O ki qaldı iddia ərizəsinin məzmununda qeyd edilmiş “cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilməsi” barədə tələbə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsinin məzmunundan müəyyən olunur ki, həmin tələbin bu şəkildə qoyuluşu onun ifadə tərzi ilə bağlı olub, bu zaman iddiaçının hüquqi marağı əslində müraciətinin aidiyyəti üzrə yönləndirilməsinin təmin edilməsindən ibarət olmuşdur. Ona görə də həmin tələb əslində iddiaçının müraciətindən cavabdehin imtina etməsinin qanunsuz sayılması kimi başa düşülməməli, tələb iddiaçının müraciətinin aidiyyəti orqana yönləndirilməməsinin qanunsuz sayılması kimi qiymətləndirilməlidir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına münasibətdə tətbiq edilməli olan maddi hüquq normasını düzgün təfsir etməmiş və nəticədə əsaslı olan iddianın səhvən rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3611/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2021 saylı 07 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ərizəninin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərməkdən cavabdehin imtinası qanunsuz və əsassız hesab edilsin. İddiaçı ərizəninin aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1754/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1754/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver