Məhkəmə qərarları › İş №2-1(103)-1754/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1754/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1754/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3069/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 01 iyul 2017-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının 65 yaşı tamam olduğu 26 fevral 2021-ci il tarixindən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3069/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filialın müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Monitorinq və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən, ərizəçinin xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi “Abşeron" turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. İddiaçının xx.xx.2006-ci il tarixdən əvvəlki dövrlərə görə hesablanmış pensiya kapitalı ümumilikdə 17440,48 manat pensiya kapitalı mövcuddur. Beləliklə, Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş şərt, yəni 28800 manat kapital tələbi ödənilmir. İddiaçının təqdim etdiyi xx.xx.1972-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixədək onun 18 il 7 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus ******* №-li hərbi biletin surətindən görünür ki, o, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər (2 il 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1975-ci ilə qədər ORS Azneftkəşfiyyat 11 saylı mağazada satıcı (3 il), xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet Ordu sıralarında xidmət etmişdir (02 il 12 gün), xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər ORS Azneftkəşfiyyat 57 saylı mağazada satıcı (02 il 05 ay 11 gün), xx.xx.1980- cı ildən xx.xx.1984-cü ilə qədər Dəniz Nəqliyyatı ticarətidə yeməkxana büfətçisi (04 il 07 ay 28 gün), xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilə qədər “Qostern” bufetində büfətçi (03 il 06 ay 10 gün), xx.xx.1988-ci ildən xx.xx.1989-cü ilə qədər Məktəbli və tələbə yataqxanası trestinin 29 saylı yeməkxanada 3-cü dərəcəli bufetçi (00 il 08 ay 10 gün), xx.xx.1989-ci ildən xx.xx.2006-cı ilə qədər Turist mehmanxanası “Abşeron”da satıcı, 3-cü dərəcəli bufetçi, ofisiant (16 il 10 ay 27 gün) vəzifələrində işləmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış **********6 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, daxil olmuş xx.xx.2021-ci il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunub. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1972-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinədək 18 il 7 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yararan tarixədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Filialın Monitorinq və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi "Abşeron" turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Eyni zamanda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 56/10 №-li arayışın sürətindən görünür ki, İddiaçı həqiqətəndə 1989-cu ilin 10 oktyabr (əmr№ 167-k xx/xx/1989-cu ilin tarixli əmrə əsasən) o vaxt ki müəssisə adı belə adlanan - Azərbaycan Respublikası Həmkarlar İttifaqının nəzdində olan X1 nəzdində 1-ci mərtəbədə fəaliyyət göstərən kafedə-satıcı vəzifəsinə qəbul edilmişdir, sonra isə (xx/xx/1990-ci ildə AP 140/K tarixli əmrə əsasən) 3-cü dərəcəli bufetçi vəzifəsinə, daha sonra isə (xx/xx/1990 il tarixli пp 187/k əsasən) icarədə olan “Abşeron” ümumi yeməkxanasında həmin vəzifələrində çalışmışdır və 1992-ci ilin 12 yanvar (xx/xx/1992 il tarixli np 256/k əsasən) həmin müəssisədə köçürmə ilə öz xahişi ilə (əmr №147- K xx/xx/1995-ci ilin tarixli əmrə əsasən) X1 nəznində 1-ci mərtəbədə fəaliyyət göstərən kafedə-satıcı maddi məsuliyyətli-vəzifəsinə qəbul edilmişdir, daha sonra isə xx.xx.1995-ci il tarixində (xx/xx/1995 il tarixli np 129/k əsasən) üçüncü dərəcəli ofisant vəzifəsinə keçirilmişdir. 2006-ci ilin 01 sentyabrında öz xahişi ilə vəzifədən işdən azad edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMCnin (VÖEN: **********) təsisçisi olduğu "xxxx" MMC (VÖEN: **********) xx.xx.2013-cü ildə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. - "xxxx" MMC tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi olduğu və xx.xx.2013-cü ildə ləğv olunan "xxxx" MMC (VÖEN: **********) adından 167-k saylı, xx.xx.1989-cu il tarixli, 53/ƏÇ №-li, xx.xx.2021-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixindən Cəmiyyətə satıcı vəzifəsinə işə qəbul edilmiş, işçi ilə cəmiyyət arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. "xxxx" MMC tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi olduğu və xx.xx.2013-cü ildə ləğv olunan "xxxx" MMC (VÖEN: **********) adından 167-k saylı, xx.xx.1989-cu il tarixli, 54/ƏÇ №-li, xx.xx.2021-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin ofisiantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2006-cı il tarixindən xitam verilmiş, işçinin xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş 28 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə departamentinə həvalə edilmiş, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə isə ən azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçının iş stajını mübahisəli hesab edən cavabdeh apelyasiya şikayətində mövqeyini əsaslandırarkən, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi “Abşeron" turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmadığını bidirmiş. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əsasları iddiaçıya yaşa görə pensiya təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Kollegiya ilk öncə vurğulayır ki, əmək fəaliyyətini təsdiq edən sənəd qismində əmək kitabçası mötəbər sübut kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. .... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci, yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Hazırki iş üzrə məhkəmə araşdırması çərçivəsində iddiaçının əmək kitabçasının əslinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, kitabçada əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması isə məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, cavabdeh tərəindən iddiaçının əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Cavabdeh apelyasiya şikayətində 56/10 saylı arayışın verildiyi xx.xx.2021-ci il tarixdə "xxxx" MMC fəaliyyətdə olmadığından həmin arayışı mötəbər sənəd qəbul etməmişdir. Buna münasibətdə kollegiya bildirir ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməli olması ilə bağlı məcburi göstəriş nəzərdə tutulmamışdır. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Sadalanan normaların tələblərindən də aydın göründüyü kimi, şəxsin əmək fəaliyyəti dövrünün iş stajı olaraq nəzərə alınması üçün digər sənədlər (arayış və s.) də hüquqmüəyyənedici qismində qəbul edilir. Lakin, yuxarıda sadalananlardan aydın lduğu kimi, şəxsin əmək fəaliyyətini təsdiq edən əsas sənəd qismində lazımi qaydada tərtib və təsdiq edilmiş əmək kitabçası çıxış edir. Digər müəssisə arayışları yalnız şəxsin əmək kitabçası olmadığı və ya əmək fəaliyyətini kitabça əsasında müəyyən etmək mümkün olmadığı təqdirdə nəzərə alınır. Həmçinin iddiaçı izahatında da müraciəti əsasından müvafiq müəssisənin arxivi olmadığından arayışın əmək kitabçasında qeyd edilən məlumatlar əsasında tərtib edildiyini bildirmişdir. Beləliklə, hazırki iş üzrə isə iddiaçının mötəbər qəbul edilən əmək kitabçasına əsasən, hərbi xidmət illəri də daxil olmaqla, pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixə ümumi iş stajının 33 il 03 ay 01 gün olduğu müəyyən edilir. ((xx.xx.1975 – xx.xx.1972 = 2 il 11 ay 29 gün) + (xx.xx.1977 – xx.xx.1975 = 2 il 11 gün) + (xx.xx.1979 – xx.xx.1977 = 2 il 05 ay 10 gün) + (xx.xx.1984 – xx.xx.1980 = 4 il 07 ay 27 gün) + (xx.xx.1988 – xx.xx.1985 = 3 il 06 ay 09 gün) + (xx.xx.1989 – xx.xx.1988 = 08 ay 09 gün) + (xx.xx.2006 – xx.xx.1989 = 16 il 10 ay 26 gün) = 33 il 03 ay 01 gün)) Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan hər iki şərt (65 yaş; 25 ildən çox staj) ödənilir. Apelyasiya şikayətində qeyd edilən digər bir dəlil isə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının yeterli olmamasıdır. Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş şərti (65 yaş) və iş stajı (azı 25 il) şərti ödəndiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin hallarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, caabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-3069/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar