Məhkəmə qərarları › İş №2-1(103)-1755/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1755/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1755/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X6 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1963-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 3h Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-772/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 05.03.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 42 saylı mənzil üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq, ona çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X5 12.06.1992-ci il tarixdə şəhid olmuş və ölümündən sonra ona “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir. 1995-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 5 ünvanında ümumi sahəsi 41,47 kv. metr olan 2 otaqlı 42 saylı mənzil verilmiş və hal-hazırda o, həmin mənzildə iki qızı ilə birlikdə yaşayır. Binəqədi Rayon İH-nin və Qaçqın və X9 Departamentinin müsbət rəyi nəzərə alınmaqla sözügedən mənzilin onun daimi istifadəsinə verilməsinə dair Bakı Şəhər İH-nin Başçısının 14.10.2019-cu il tarixli 321 nömrəli sərəncamı verilmişdir. Həmin mənzilin sənədləşməsi məqsədilə digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar Bakı Şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 07.11.2019cu il tarixli 75 nömrəli sərəncamı imzalanmışdır. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunduğu zaman, cavabdeh tərəfindən verilən 29.11.2019-cu il tarixli **********73 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, 01.10.2009-cu il tarixdən qüvvədə olan AR Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Buna görə də mənzilin özəlləşməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-772/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. 27.05.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-772/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-772/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının (Eldar Əzizov) “İddiaçı yaşayış sahəsi ilə təmin olunması haqqında” 321 №li 14.10.2019-cu il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla ünvan 6 ünvanında yerləşən, 42 saylı, ümumi sahəsi 41,47 kv. metr, yaşayış sahəsi 29,47 kv. metr olan 2 otaqlı mənzilin Azərbaycan Milli X1 arvadı İddiaçı daimi istifadəsinə verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçı yaşayış sahəsi ilə təmin olunması haqqında” 321 №li 14.10.2019-cu il tarixli sərəncamının icrası barədə” 75 №li 07.11.2019-cu il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yerləşən 28 A saylı evin, ümumi sahəsi 41,47 kv. metr, yaşayış sahəsi 29,47 kv. metr olan iki otaqlı 42 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. - Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə İddiaçı arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında birtipli müqavilə”dən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində, 28A nömrəli evdə yerləşən, sahəsi 41,47 kv. metr olan 42 nömrəli mənzil sonuncunun müddətsiz istifadəsinə verilmişdir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş **********73 №li 29.11.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı adına Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən 75 saylı sərəncamın 07.11.2019-cu il tarixdə verildiyi müəyyən edilmişdir. 2009-cu il oktyabrın 1dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçı yaşayış sahəsi ilə təmin olunması haqqında” 321 №li 14.10.2019-cu il tarixli sərəncamı ilə ayrılmış ünvan 4 ünvanında yerləşən 42 saylı mənzil üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, ona çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə əsasən dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalniz istifadəyə verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın müraciətin təmin edilməməsi barədə imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-772/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-772/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar