Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1755/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3226/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 3607 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3226/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə uyğun olaraq, torpaq sahəsinin bir şəxsin adından digərinə keçməsi üçün qərar ilə rəsmiləşmə olmalı idi. Lakin inzibati orqan tərəfindən bu həyata keçirilməyib və bu vətəndaşın günahı deyil. Torpaq sahəsi, nə dövlət nə də bələdiyyə torpağı deyil, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan xüsusi növə aiddir. Dolayısı ilə nə order, nə də 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərar heç kim tərəfindən mübahisələndirilməyib. İddiaçı torpaq sahəsindən illərdir qanuni istifadəni davam etdirir və onunla hər hansı şəxs arasında qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mülki mübahisə yoxdur. Eyni zamanda torpaq sahəsi naturada tamamilə fərqli ərazidə yerləşir və bu səbəbdən də koordinatlarda hər hansı səhv və ya uyğunsuzluğun olması vətəndaşın günahı deyil və bu səbəbdən onun mülkiyyət hüquqları pozula bilməz. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarından görünür ki, həmin qərarla 29 nəfərdən ibarət 181 saylı Ləhiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş, həmin qərara əlavə edilmiş siyahıda X4 adı 5-ci sırada göstərilmişdir. - 318994 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. - X4 ölümündən sonra xx.xx.1991-ci il tarixdə İddiaçı X9 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək atası X13 vəfat etdiyindən onun adına olan 3607 nömrəli bağ sahəsinin öz adına keçirilməsini xahiş etmişdir. - xx.xx.1991-ci il tarixli razılıq ərizələrindən görünür ki, X2, X7, X14, X11, X15, X1 Ənnağı Qüdrət oğlu vəfat etdiyindən onun adına olan 3607 nömrəli bağ sahəsinin İddiaçı adına keçməsinə etiraz etməmişlər. - Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X12 bağlar sahəsindəki 181 nömrəli kooperativinin 5 nömrəli orderindən görünür ki, Bakı şəhər İK-nın xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 181 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3607 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı hazırda bu orderə istinad edərək faktiki sahəsi 546 kv.metr olan 3607 saylı bağ sahəsinə mülkiyət hüququnun onun adına qeydiyyata alınması və çıxarışın verilməsini xahiş edir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... İddiaçı bu sənədlərdən orderi təqdim etsə də, həmin orderdəki məlumatlar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, orderdə 3607 nömrəli bağ sahəsinin xx.xx.1990-cı il tarixli qərarla iddiaçıya ayrıldığı göstərilsə də, işdə olan sənədlədən görünür ki, həmin tarixli qərar iddiaçı deyil, onun atası X13 barəsində qəbul edilmişdir. Ə.Əkbərov 1991-ci ildə öldükdən sonra onu ailə üzvləri 3607 saylı bağ sahəsinin iddiaçıya keçməsinə etiraz etmədikləri ilə bağlı aidiyyəti orqana ərizə təqdim etsələr də, bağ sahəsinin addan-ada keçirilməsi barədə səlahiyyətli orqan tərəfindən hər hansı qərarın qəbul edilməsi iş materialları ilə müəyyən olunmur.” Kollegiya bildirir ki, 3607 nömrəli bağ sahəsinin xx.xx.1990-cı il tarixli qərarla iddiaçının atası X8 ayrılmış olması işin mübahisəsiz halıdır. Belə ki, bu hal hər hansı qaydada cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Mübahisələndirilən və məhkəmə tərəfindən də keçmiş qanunvericilik normalarına istinad edilərək yalnış şərh edilən məsələ isə ondan ibarətdir ki, X4 vəfatından sonra 3607 Salı bağ sahəsinin mərhumun oğlunun (hazırki iddiaçının) adına keçirilməsi barədə qərar qəbul edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Kollegiya qeyd edir ki, iş materiallarında doğruluğu şübhə altına alınmayan faktiki sənədlər qismində - 3607 nömrəli bağ sahəsinin iddiaçının atası X8 ayrılmış olmasını təsdiq edən xx.xx.1990-cı il tarixli 4/143 saylı qərar, iddiaçının atasının ölümündən sonra torpağın adına keçirilməsi üçün müraciəti, digər ailə üzvlərinin buna etiraz etməmələri barədə ərizələri və 3607 nömrəli bağ sahəsinin iddiaçının adına ayrılmasını əks etdirən Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X12 bağlar sahəsindəki 181 nömrəli kooperativinin 5 nömrəli orderi mövcuddur. Qeyd edilən sənədlərin faktiki mövcudluğu və doğruluğu 3607 saylı bağ sahəsinin həqiqətən iddiaçının mərhum X8 və vəfatından sonra oğlu İddiaçı keçmiş olmasını təsdiq edir. Kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə, hər bir halda qanunvericiliyin tələblərinə əsasən, torpaq sahəsinin bir şəxsdən başqa şəxsə keçməsinin müvafiq qərarla rəsmiləşdirilməməsinə dair inzibati orqanın hərəkəti iddiaçının hüquqlarının pozulmasına əsas ola bilməz. Cavabdehin imtinasının əsaslarından digəri isə ondan ibarət olmuşdur ki, texniki inventarlaşdırma işləri keçirilən zaman bağ sahəsinin faktiki ölçüsünün 546 kv.metr olduğu aşkar olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin 3607 saylı bağ sahəsinə aidiyyəti yoxdur və 2219 saylı bağ sahəsinə uyğun gəlir, həmçinin bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Kollegiya qeyd edir ki, faktiki vəziyyətlə hüquqmüəyyənedici sənəd arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, şəxsin istifadəsindəki bağın yerləşdiyi torpağın dövlə qeydiyyatına alınmasının yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Kollegiya qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciətinə verilən imtina cavabını yuxarıda qeyd edilən uyğunsuzluqla əsaslandırsa da, həmin uyğunsuzluğun aradan qaldırılması məqsədilə hər hansı hərəkət araşdırma aparmamış, həmçinin 3607 saylı bağ sahəsinə, həm də iddia edilən yerə (2219 saylı bağ) uyğun gələn bağ sahəsinə dair hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat təqdim etməmişdir. Belə olan halda nəticə etibarı ilə torpaq sahəsinin qeydiyyatından imtina edilməsi barədə cavabdehin mövqeyi əsaslı qəbul edilə bilməz. Cavabdehin iddia edilən torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin keçməsinə dair dəlilinə münasibətdə isə kollegiya bildirir ki, bu halın düzgünlüyünü təsdiq edən hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: - 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - 12-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, hüquqmüəyyənedici sənədin verildiyi vaxtda mövcud olmayan, lakin hazırda qüvvədə olan normaların məzmunundan göründüyü kimi, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən etmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin sadalanan hallarını nəzərə alaraq cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X12 bağlar sahəsindəki 181 nömrəli kooperativinin 5 nömrəli orderi iddia edilən torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına qanuni əsasdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının tələbi qanuni və əsaslı olduğundan müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayətini əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3226/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı” Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 3607 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1755/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1755/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver