Məhkəmə qərarları › İş №2-1(103)-1755/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1755/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1755/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11823/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********021200 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" ASC barəsində xx.xx.2023-cü il tarixli, **********021200 nömrəli qərar qəbul edilərək Cəmiyyətə kameral vergi yoxlaması nəticəsində 1.828,00 manat əlavə vergi öhdəliyi hesablamışdır. Cavabdeh tərəfindən qəbul edilmiş adıçəkilən qərar qanunvericilik normalarına uyğun olmadığından əsassız hesab olunmalı və buna görə də ləğv olunmalıdır. Belə ki, cari ilin aprel və may aylarında Cəmiyyətin vergi ödəyicilərinin elektron kabinetinə **********880500 nömrəli, xx.xx.2023-cü il tarixli, **********131900 nömrəli, xx.xx.2023-cü il tarixli və **********317500 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıqlar daxil olmuşdur. Həmin xəbərdarlıqlara əsasən Cəmiyyətin əməkdaşlıq etdiyi vergi ödəyiciləri X6, "xxxx" MMC və X5 müvafiq olaraq riskli vergi ödəyicisi olduqları barədə qərarlar qəbul edildiyi və həmin şəxslərlə Cəmiyyət arasında əvvəlki tarixlərdə mövcud olmuş elektron qaimə-fakturaların əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğu və buna görə də onlarla olan əməliyyatların verginin əvəzləşdirilməsinə əsas olmadığı qeyd edilmişdir. Cəmiyyət tərəfindən həmin xəbərdarlıqlara cavab verilərək, həmin şəxslərlə olan müqavilələrə xitam verildiyi və keçmiş əməliyyatlara görə Cəmiyyət üzərinə əlavə maliyyə yükünün qoyulmasının qanunvericilikdə nəzərdə tutulmadığı qeyd edilsə də, cavabdeh Cəmiyyət barəsində əsassız olaraq hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Hər üç vergi ödəyicisi ilə Cəmiyyət arasında kommersiya münasibətləri və alınmış xidmətlər real olmuş, göstərilmiş xidmətlər qarşılığında ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmayaraq qəbul edilmişdir. Belə ki, inzibati akt qəbul edilərkən yalnız yuxarıda adlarıçəkilən şəxslərin riskli vergi ödəyicisi olması və ya riskli əməliyyatlar icra etməsi halları əsas götürülmüş, həmin şəxslərin Cəmiyyətlə olan əməliyyatlarının faktiki halları araşdırılmamış, sadəcə elektron sistem üzərində olan qaimə fakturalara baxılaraq qiymət verilmişdir. Qərar hər hansı mövcud faktlara və sübutlara əsaslanmadan qəbul edilmişdir. Adları çəkilən hər üç şəxslə Cəmiyyət arasında ödənişlər həyata keçirilən zaman onlar “riskli vergi ödəyicisi” statusunda olmamış, bununla bağlı Cəmiyyətə vergi orqanı tərəfindən hər hansı bildiriş və xəbərdarlıq daxil olmamışdır. Cavabdehin mövqeyi və mövcud hal onu deməyə əsas verir ki, Cəmiyyətin hazırda əməkdaşlıq etdiyi istənilən şəxs gələcəkdə riskli vergi ödəyicisi siyahısına düşərsə, Cəmiyyətin bu gün həyata keçirdiyi bütün əməliyyatlar riskli hesab olunacaq və Cəmiyyət hər dəfə əlavə vergi ödənişi həyata keçirəcəkdir. Əlavə olaraq, Cavabdehin adıçəkilən qərarı Cəmiyyətin biznes fəaliyyətinə və imicinə ciddi zərbə vuraraq onun göstərdiyi xidmətlərdə maneələr yaratmışdır. Belə ki, Cəmiyyət müxtəlif tenderlərdə iştirak edir və bu zaman vergi orqanından vergi borcunun olub-olmamasına dair sənədlər tələb olunur. Yaxın tarixdə vergi orqanının təqdim etdiyi arayışda riskli vergi ödəyiciləri ilə əməliyyatlar bölməsində müvafiq qeydlər aparıldığından Cəmiyyət tenderdə qalib gəlmək şansını itirmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-11823/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, "xxxx" ASC barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********021200 nömrəli qərar ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı 2022-ci il ərzində "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 795,00 manat, X2 əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 4.210,00 manat və X3 əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 4.135,00 manat mallar alınması müəyyən edilmişdir. Qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş elektron qaiməfakturalar üzrə alınmış malların həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı səbəbindən kənarlaşma yaranmışdır. Qeyd edilənlər ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli **********228200 nömrəli "2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisinin xx.xx.2023-cü il tarixli cavab məktubunda "xxxx" MMC, X6 və X7 arasında bağlanılmış müqavilələrin və kommersiya münasibətlərinin real olduğu, məhsul alışının, iş və xidmətlər qarşısında ödənişlərin həyata keçirildiyi qeyd edilmiş, eyni zamanda, o da bildirilmişdir ki, qeyd edilən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsinə dair vergi orqanının xəbərdarlıq məktubundan sonra tərəflər arasında bağlanılmış müqavilələrə xitam verildiyi bildirilmişdir. Aparılmış araşdırma zamanı "xxxx" MMC-nin, X4 və X5 Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********892300 nömrəli, xx.xx.2023-cü il tarixli **********394400 nömrəli və xx.xx.2023-cü il tarixli **********087900 nömrəli qərarlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satılmış mallar da daxil olmaqla, aparılmış əməliyyatlara görə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 1.828,00 manat əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********021200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qərarında qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərini riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparıldığı bildirilmişdir. Vergi orqanı tərəfindən məhz iddiaçı ilə riskli vergi ödəyiciləri arasında olan əməliyyatlar üzrə araşdırmanın nəticəsi olaraq əmtəəsiz əməliyyatlar aparıldığını müəyyən etmişdir. Belə ki, riskli vergi ödəyiciləri tərəfindən təqdim edilən mallar həmin ödəyicilərin alışında və idxalında olmadığı üçün həmin malların da digər vergi ödəyicilərinə satılmasının qeyri-mümkünlüyü nəticəsinə gəlinmişdir. Həmçinin məhkəmə prosesləri zamanı da vergi orqanı iddiaçı tərəfə həmin şəxslərlə əlaqənin saxlanılmasını və məhkəmə proseslərinə dəvət edilərək təqdim edilmə kimi rəsmiləşdirilən əməliyyatlar üzrə malların necə və hardan əldə edilməsini aydınlaşdırılmasını bildirmişdir. Lakin iddiaçı həmin şəxslərlə hal-hazırda heç bir əlaqənin olmadığını və onların məhkəməyə gətirilməsinin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən həmin şəxslərin tapılmaması da bir daha vergi orqanının qərararının düzgün olduğunu və əməliyyatların əmtəəsiz olduğunu sübut edir. Vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur. Qanunvericiliyə əsasən vergi orqanı tərəfindən aparılan hesablamanın və qəbul edilən qərarın tamamilə əsaslı olduğu açıq-aydın görünür. Əslində, məhkəmə məntiqi olaraq müəyyən etməli idi ki, həmin riskli vergi ödəyicisi olması barədə qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisələr arasında aparılmış məhz sözügedən alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir. Aparılan əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsi üçün əsas olan faktlar, yəni alınmamış, idxal edilməmiş malların satılması faktının sənədlərlə sübut edilməsinə və elektron qaimə fakturalarla təsdiq edilməsinə baxmayaraq, məhkəmə daha yüksək sübutetmə standartı tətbiq edərək arqumentlərin sübut edilməsi üçün daha inandırıcı faktlar tələb etmişdir. Sənədlərlə sübut edilmişdir ki, alınmamış mallar satılmışdır. Halbuki alınmamış malların satılması imkan xaricindədir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyun 2023-cü il tarixli, **********021200 nömrəli qərarından görünür ki, "xxxx" ASC-yə kameral yoxlama nəticəsində 2022-ci il üzrə 1.828,00 manat mənfəət vergisi (əlavə vergi) hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 108.949,02 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 110.777,02 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 1.828,00 manat). Həmin qərarda qeyd olunur: Araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektronqaimə fakturalar üzrə "xxxx" MMC-dən (VÖEN:**********) ümumi dəyəri 795 manat, X2 (VÖEN:**********) ümumi dəyəri 4210 manat və X3 (VÖEN:**********) ümumi dəyəri 4135 manat məbləğində mal alınmışdır. Qeyd olunan ödəyicidən əldə edilmiş elektron qaiməfakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023cü il tarixli **********087900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi X7 (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023cü il tarixli **********394400 nömrəli qərarından görünür ki, vergi ödəyicisi X6 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023cü il tarixli **********892300 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən aparılan araşdırma zamanı iddiaçı "xxxx" ASC-nin 2022-ci il ərzində əldə edilmiş elektron-qaimə fakturalar üzrə "xxxx" MMC-dən ümumi dəyəri 795 manat, X2 ümumi dəyəri 4210 manat və X3 ümumi dəyəri 4135 manat məbləğində mal aldığı, qeyd olunan ödəyicilərdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu, kənarlaşma kimi qiymətləndirilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********021200 nömrəli qərar qəbul olunmuş və 2022-ci il üçün mənfəət vergisi üzrə 1.828,00 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarlarından görünür ki, X7 xx.xx.2023-cü il tarixli **********087900 nömrəli qərarla, X6 xx.xx.2023-cü il tarixli **********394400 nömrəli qərarla, "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********892300 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının həmin vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt onlar riskli vergi ödəyiciləri olmamışlar. Cavabehin mövqeyinə görə vergi orqanı tərəfindən məhz iddiaçı ilə riskli vergi ödəyiciləri arasında olan əməliyyatlar üzrə araşdırmanın nəticəsi olaraq əmtəəsiz əməliyyatlar aparıldığı müəyyən edilmişdir, belə ki, riskli vergi ödəyiciləri tərəfindən təqdim edilən mallar həmin ödəyicilərin alışında və idxalında olmadığı üçün həmin malların da digər vergi ödəyicilərinə satılmasının qeyri-mümkünlüyü nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya eqaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Belə ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11823/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar