Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1756/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Hüseyn Aida Əli qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9767/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1981-1986-cı illərdə X1 əyani təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona konstitusion hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən (52 yaşdan) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il tarixində anadan olmuşdur. 04 fevral 2016-cı il tarixində onun 52 yaşı tamam olmuşdur. Bu səbəbdən də onun həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Qanunvericiliyin ona vermiş olduğu bu hüququndan istifadə edərək güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciətlər etsə də, müraciətləri təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş eyni məsələ ilə bağlı üç fərqli cavabı – imtina tamamilə əsassız və qanunsuzdur. Çünki onun 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı vardır. Belə ki, o, 1981-1986-cı illərdə X1 əyani təhsil almışdır. xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək S.M.Kirov adına X7 X3 Elektron Sənayesi laboratoriyasında mühədis-laborant, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər Baş energetik şöbəsində mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər Baş mexanik şöbəsində mühəndis, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər iri qıfılların istehsalı sexində İ qrup usta, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər iri qıfıl sexinin termiki sahəsində zərərli iş şəraiti ilə İİ qrup usta, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər Termiki sahədə zərərli iş şəraiti ilə İİ qrup rəis, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilə qədər İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi, xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilə qədər Qıfıl sexinin termiki sahəsində zərərli iş şəraiti ilə sahə rəisi, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilə qədər Alət sexinin rəis müavini vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar onun müraciəti cavabdeh tərəfindən təmin olunmadığı üçün hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2016-cı il tarixində onun 52 yaşı tamam olmuşdur və onun həmin tarixdən güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Onun ümumi sığorta stajı (axırıncı iş yeri nəzərə alındıqda) 30 ildən artıqdır ki, onun 15 ili güzəştli şərtlərlə staj hesab edilir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9767/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir.Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.Bundan başqa iddiaçının Mərkəzi Filiala xx.xx.2021-ci il tarixdə etdiyi müraciətdə ona xx.xx.2021-ci il tarixdən (57 yaşdan) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməyini xahiş etmişdir. Lakin məhkəmə tərəfindən İddiaçı 52 yaşdan yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmağı ilə bağlı qərar çıxarılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillrini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9767/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur - xx.xx.1986-cı il tarixdə verilmiş MV seriyalı 082323 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1981-ci ildə X2 daxil olmuş, 1986-cı ildə maşınqayırmanın avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə gorə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-cı maddəsinə əsasən 1 yanvar 2006-cı il tarıxınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunverıcıiilklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarıxinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinin a bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il umumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, .... Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın metal emalı bölməsinin (Xİ) termiki emal bəndinin (3) rəhbərlər və mütəxəssilər hissəsində qızdırıcı sobaların bərkidilmə, yandırma, sementləmə, aşılanma və termiki emalı sahə ustaları və böyük ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 21 avqust 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda "xxxx" ASC-də xx.xx.1989-xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində sahə rəisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən Sizin güzəştli iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 29 mart 2021-ci il tarixli **********9 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 30 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz 21 avqust 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızın surətində qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (23 il 10 ay 12 gün (xx.xx.1981xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə hazırda 47000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 36682,34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. - "xxxx" ASC "xxxx" TASC-nin xx.xx.2016-cı il tarixli KS/10-28 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə S.M.Kirov adına X7 X3 Elektron sənayesi laboratoriyasına mühəndis-laborant peşəsinə işə qəbul edilmişdir (əmr № 450/k, xx.xx.1986-cı il), xx.xx.1986-cı il tarixdə Baş energetika şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir (əmr №458/k, xx.xx.1986-cı il), xx.xx.1986-ci il tarixdə Baş mexanik şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir (əmr № 611/k, xx.xx.1986-cı il), xx.xx.1987-ci il tarixdə İri qıfılların istehsalı sexinə İ qrup usta vəzifəsinə keçirilmişdir (əmr № 763/k, xx.xx.1987-ci il), xx.xx.1988-ci il tarixdə İri qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə İİ qrup usta vəzifəsinə keçirilmişdir (əmr № 712/k, xx.xx.1988-ci il), xx.xx.1989-cu il tarixdə Termiki sahəyə İİ qrup rəis vəzifəsinə keçirilmişdir (əmr № 852/k, xx.xx.1989-cu il), xx.xx.1993-cü il tarixdə İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi vəzifəsinə keçirilmişdir (əmr № 111/k, xx.xx.1993-cü il), xx.xx.1998-ci il tarixdə Qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə sahə rəisi vəzifəsinə keçirilmişdir (əmr № 410/k, xx.xx.1998-ci il), xx.xx.2004-cü il tarixdə Alət sexinin rəis müavini vəzifəsinə keçirilmişdir (əmr № 05/k, xx.xx.2004-cü il), xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir (əmr № 106/k, xx.xx.2005-ci il), xx.xx.2003-cü il tarixdən-xx.xx.2003-cü il tarixə qədər, xx.xx.2003-ci il tarixdənxx.xx.2003-cü il tarixə qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısında Termiki sahə üzrə usta və sahə rəisi Xİ bölmə Metal emalı 3-cü hissəsinin “b” bəndinə aiddir. Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına X7 X3 adı dəyişdirilərək "xxxx" adlandırılmışdır. xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı fərmanına əsasən "xxxx" X9 Cəmiyyəti adlandırılmışdır. xx.xx.2010-cu il tarixdən "xxxx" X9 Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X9 Cəmiyyəti adlandırılmışdır. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01-1/SA-42 saylı məktubda qeyd edilir: Sizin xx.xx.2021-ci il tarixli, İş №2-1(112)-9767/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən maşınqayırma zavodlarında öz fəaliyyət strukturlarına müvafiq olaraq daxili ştat vahidləri təsdiq edilmişdir. Həmin ştat vahidlərində istehsalat sexlərinin tərkibində fəaliyyət göstərən bir neçə istehsal sahələri olur ki, burada da ümumi rəhbərlik sex rəisi tərəfindən həyata keçirilir. İstehsalat tapşırıqlarının operativ yerinə yetirilməsi üçün həmin sexin sahələrinə sahə rəisləri təyin olunur. Sexin tərkibində fəaliyyət göstərən istehsal sahələrində, o cümlədən termiki emal sahəsində ştat cədvəlində əlavə olaraq baş (böyük) usta vəzifələrinin nəzərdə tutulmasına zərurət yaranmır. Bu zaman sahə rəisləri sahəyə rəhbərlik etməklə yanaşı faktiki olaraq baş (böyük) ustanın əmək funksiyalarını birbaşa istehsalat sahəsində fəaliyyət göstərərək yerinə yetirir. Buna görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarına əsasən 1 nömrəli siyahı üzrə Xİ metal emalı bölməsinin 3-cü termiki emal hissəsinin rəhbər və mütəxəssislər barəsində qeyd olunan termiki emal üzrə baş (böyük) usta vəzifələrinin funksiyalarını termiki emal üzrə sahə rəisləri tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2005-ci il tarixli 24-2 Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda qeyd edildiyi kimi sahə rəisi və baş (böyük) usta eyni vəzifələri yerinə yetirir. Yəni istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir. Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə operativ nəzarəti həyata keçirir və s. Müstəqil surətdə sex kimi fəaliyyət göstərən böyük istehsalat sahələrində, o cümlədən termiki emal sahələrində sahə rəisi ilə yanaşı baş (böyük) usta ştatı da nəzərdə tutula bilər. -İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1981-1986-cı illərdə X1 təhsil almış, xx.xx.1986-cı ildə S.M.Kirov adına X7 X3 sənaye elektronika laboratoriyasına mühəndis-laborant vəzifəsinə qəbul olunmuş, xx.xx.1986-cı ildə baş energetika şöbəsinə mühəndis-istilik texniki vəzifəsinə keçirilmiş, xx.xx.1986-ci ildə baş mexanika şöbəsinə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə İri qıfılların istehsalı sexinə İ qrup usta vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixdə İri qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə İİ qrup usta vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə Termiki sahəyə İİ qrup rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci ildə Qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə sahə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə Alət sexinin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş, xx.xx.2005-ci ildə Sabunçu rayon Əmək və Məşğulluq Mərkəzi işsizlik müavinəti təyin edilmiş, xx.xx.2006-cı ildə işsizlik müavinətinin ödənilməsinə xitam verilmiş, xx.xx.2006-cı ildə "xxxx"na texniki inkişaf şöbəsinə şöbə rəisinin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəliyinə nümayəndəliyin məsləhətçi, tikinti işləri üzrə mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə Sabunçu RİH “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Sabunçu RİHBnın Zabrat qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsi, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”na əsasən inzibati vəzifələrin doqquzuncu təsnifatı üzrə kiçik dövlət quluqçusu ixtisas dərəcəsi verilmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" ASC-yə müvafiq sorğu ünvanlayaraq,İddiaçı Azərbaycan Respublikası "xxxx" İdarəsində işləməsi barədə məlumatların (arxiv kitablarına əsasən ), o cümlədən işlədiyi vəzifə və peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əmək pensiyası hüququ verən vəzifələrin Siyahısına aid olub-olmadığını təsdiq edən ətraflı güzəştli arayışın ( işə qəbul və işdən çıxma əmrləri, əmək haqqı cədvəlləri) Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq daxil olmuş "xxxx" ASC-nin 01-1/1A-48 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “İddiaçı xx.xx.2006-ci il tarixində "xxxx" TASC-nin Texniki-inkişaf şöbəsinə rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. (Əmr № 33/k; xx.xx.2006-cı il); xx.xx.2006-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək (63 gün) Mexaniki- yığma sexinin rəisi (soyuq tarif əmsallı, normal iş rejimi ilə) vəzifəsi (sex rəisinin xəstəliyi dövründə) həvalə edilmişdir. (Əmr № 98/k; xx.xx.2006-cı il); xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək (72 gün) Mexaniki- yığma sexinin rəisi vəzifəsinə (soyuq tarif əmsallı, normal iş rejimi ilə) keçirilmişdir (sex rəisinin 2 illik məzuniyyəti dövründə). (Əmr № 04/k; 07.01,2008-ci il); xx.xx.2008-ci İl tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2 “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) işdən azad edilmişdir. (Əmr № 48/k; xx.xx.2008-ci il). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 27 noyabr 2019-cu il tarixli 233 saylı Sərəncamına əsasən müəssisə "xxxx" ASC-i adlandırılmışdır.” Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. İddiaçı 1981-1986-cı illərdə X1 təhsil almış, xx.xx.1986-cı ildə S.M.Kirov adına X7 X3 sənaye elektronika laboratoriyasına mühəndis-laborant vəzifəsinə qəbul olunmuş, xx.xx.1986-cı ildə baş energetika şöbəsinə mühəndis-istilik texniki vəzifəsinə keçirilmiş, xx.xx.1986-ci ildə baş mexanika şöbəsinə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə İri qıfılların istehsalı sexinə İ qrup usta vəzifəsinə keçirilmiş, xx.xx.1988ci il tarixdə İri qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə İİ qrup usta vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə Termiki sahəyə İİ qrup rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1993cü ildə İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci ildə Qıfıl sexinin termiki sahəsinə zərərli iş şəraiti ilə sahə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə Alət sexinin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş, xx.xx.2005-ci ildə Sabunçu rayon Əmək və Məşğulluq Mərkəzi işsizlik müavinəti təyin edilmiş, xx.xx.2006-cı ildə işsizlik müavinətinin ödənilməsinə xitam verilmiş, xx.xx.2006-cı ildə "xxxx"na texniki inkişaf şöbəsinə şöbə rəisinin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəliyinə nümayəndəliyin məsləhətçi, tikinti işləri üzrə mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə Sabunçu RİH “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu ildə ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsi, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”na əsasən inzibti vəzifələrin doqquzuncu təsnifatı üzrə kiçik dövlət quluqçusu ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına X7 X3 adı dəyişdirilərək "xxxx" adlandırılmış, xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı fərmanına əsasən "xxxx" X9 Cəmiyyəti adlandırılmış, xx.xx.2010-cu il tarixdən "xxxx" X9 Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X9 Cəmiyyəti adlandırılmışdır. İddiaçı ilkin olaraq xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, lakin xx.xx.2019-cu il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı ilədək iddiaçının ümumi iş stajı 20 ildən artıq təşkil etmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədən İri qıfıl sexinin termiki sahəsində zərərli iş şəraiti ilə İİ qrup usta, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək Termiki sahədə İİ qrup rəis, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək İri qıfıl sexinin termiki emalı üzrə zərərli iş şəraiti ilə İ qrup sahə rəisi, xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək Qıfıl sexinin termiki sahəsində zərərli iş şəraiti ilə sahə rəisi vəzifələrində işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azneftkimyamaş- Balaxanı maşınqayırma zavodu” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01-1/SA-42 saylı məktubdan görünür ki, sahə rəisi və baş (böyük) usta eyni vəzifələri yerinə yetirir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 20 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki "xxxx" ASC "xxxx" MMC-nin iri qıfılların istehsalı sexinin tərkibində fəaliyyət göstərmiş terniki emal sahəsində baş (böyük) usta vəzifəsi nəzərdə tutulmadığından onların əmək funksiyalarını zərərli iş şəraiti ilə termiki emal üzrə sahə rəisləri birbaşa sahədə fəaliyyət göstərərək yerinə yetirmişdir. Göründüyü kimi iddiaçının çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın Xİ bölmə Metal emalı, 3-cü bənd Termiki emal, «b» yarımbəndi rəhbərlər və mütəxəssislər, kod 1110300b—23428 qızdırıcı sobaların bərkidilmə, yandırma, sementləmə, aşılanma və termiki emalı sahə ustaları və böyük ustalar peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin peşələrdə iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 10 ildən artıq təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, , iddiaçının 20 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. Bundan başqa, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı ildə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunan müddəa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdə əlavə edilmişdir və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlili olan iddiaçının Filiala müraciətində ona 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etməsi,lakin məhkəmənin iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana həm 52 yaşdan, həm də 57 yaşdan pensiya təyinatı ilə bağlı müraciətlər etmişdir. Həmçinin, iddiaçının hazırkı iddia tələbi ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbindən kənara çıxmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9767/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9767/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1756/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1756/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver