Məhkəmə qərarları › İş №2-1(103)-1756/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1756/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1756/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9081/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında tikilən kooperativ binada 1- ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" mənzil tikinti kooperativi arasında bağlanan 30 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binasında 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzil vətəndaş X1 adından İddiaçı adına keçirilmişdir. 30 dekabr 2016cı il tarixli 08/16 saylı protokola əsasən, X1 öz ərizəsinə əsasən MTK üzvlüyündən çıxarılması, Vaqif MTK-ya məxsus olan Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binasında 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilin və payın İddiaçı adına keçirilməsi qərara alınmışdır. İddaçı tərəfindən 23 fevral 2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binasında 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmasına baxmayaraq, tələbi icra olunmamış və ərizəsinə cavab verilməmişdir. Göstərilən səbəblərdən hal-hazırda Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binasında 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması zərurəti yaranmışdır. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, məhəllə 989 ünvanında inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 86 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********30 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 242.7 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli, 302 saylı Qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı Qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9081/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yekun qərara gələrkən və iş üzrə əhəmiyyət kəsb edən halları qiymətləndirərkən bir sıra pozuntulara yol vermişdir. Qeyd edilməlidir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 82 saylı sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktında binanın 10+mansard mərtəbəli, 2 girişli olması, istismara qəbul zamanı mansard mərtəbənin mövcud olması, bundan əlavə yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri göstərilmişdir. Yəni bina istismara qəbul edildiyi zaman mansard mərtəbə mövcud olmuş, istismara qəbul edilmiş, bu hal qeyd edilən sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə isə həmin mərtəbədə yerləşən mənzilin yaşayış və ya qeyri-yaşayış məqsədli olub-olmaması ilə bağlı qeydin mövcud olmamasına əsaslanaraq, məsələni tam araşdırmadan iddia tələbinin rədd edilməsini qərara almışdır. Halbuki, öz qərarında Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə istinad etmiş məhkəmənin bu qanun maddəsindən xəbərdar olmaması mümkün deyildir. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən, mansarda mərtəbəsi - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Qeyd edilən qanun maddəsindən istisnasız və aydın görünür ki, binanın mansard mərtəbəsi yaşayış və qeyri-yaşayış məqsədi üçün nəzərdə tutulan sahədir. Azərbaycan Respublikasının hər hansı qanun aktının Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktından daha üstün hüquqi qüvvəyə malik olduğu şübhəsizdir. Bundan əlavə, dövlət qəbul komissiyasının aktında mansard mərtəbənin yaşayış məqsədi üçün istifadə edilə bilməməsi ilə bağlı hər hansı qeyd yoxdur. Əksinə, həmin aktda layihə üzrə göstəricilərə uyğun olaraq, binada 27 ədəd 3 otaqlı, 9 ədəd 4 otaqlı və 2 ədəd 5 otaqlı (mansard mərtəbədə yerləşən) mənzil omaqla, cəmi 38 ədəd mənzil olduğu göstərilmişdir. Belə ki, məhkəmə tərəfindən istinad edilən lakin mövcud olmayan haldan fərqli olaraq, dövlət qəbul komissiyasının aktında binanın mansard mərtəbəsində mövcud olan hissə yaşayış sahəsi olaraq bir mənzil kimi digər mənzillərlə eyni sırada göstərilmiş və ona mənzil statusunda yanaşılmışdır. Belə olan halda sözügedən qəbul aktında mansard hissənin təyinatı ilə bağlı hər hansı mübahisənin olması qəbuledilməzdir. Bundan əlavə, 2 blokdan ibarət olan binanın 2-10-cu mərtəbələrində hər mərtəbədə 2 mənzil (9x2x2=36) və hər blokda 2 ədəd mansard mərtəbədə yerləşən 5 otaqlı mənzil olmaqla, cəmi 38 mənzil olması məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdə öz əksini tapmışdır. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsində binanın mansard mərtəbəsinin yaşayış və qeyri-yaşayış məqsədi üçün nəzərdə tutulmuş sahə olması ilə bağlı tam qeydin olmasını və müvafiq dövlət qəbul komissiyasının aktında mansard mərtəbənin mənzil kimi qeyd edilməsini nəzərə alaraq həmin aktda bu qeydin tam göstərilməsini tələb edərək iddianın rədd edilməsi absurddur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 13.3-cü maddəsinə görə, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 14.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Qeyd edilməlidir ki, nə cavabdeh nə də Məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində sözügedən mansard mərtəbədə olan mənzilin yaşayış məqsədi üçün istifadə edilə bilməməsi ilə bağlı sübut göstərilməmiş, əslində bu hal məhkəmə tərəfindən heç araşdırılmamışdır. Bu hallar inzibati məhkəmə prosesi zamanı məhkəmə tərəfindən işin araşdırılması prinsiplərinə uyğun gəlmir və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təsbit edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: -"xxxx" MTK-nın 18 avqust 2022-ci il tarixli Maliyyə Arayışında qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989-cu məhəllə, Vaqif pr-ti 9 A ünvanda tikilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın İ giriş, yaşayışın 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 211,6 kv.m. olan, 5 otaqlı, 19 saylı mənzilin tam dəyərindən İddiaçı "xxxx" MTK-ya heç bir borcu yoxdur. -xx.xx.2022 il tarixli "xxxx" MTK–nın üzvlərinin ümumi yığıncağının 30 dekabr 2016cı il tarixli Protokolundan Çıxarışa əsasən vətəndaş İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi və MTK-nın ünvan 5 ünvanda yerləşən kooperativ yaşayış binasının İ giriş, yaşayışın 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 211,6 kv.m. olan, 5 otaqlı, 19 saylı mənzilin ona verilməsinin təsdiq edilməsi qərara alınmışdır. - 30 dekabr 2016-cı il tarixli, 08/16 nömrəli "xxxx" Mənzil-Tikinti Kooperativinin İdarə X3 ilə X2 Yığıncağın Protokoluna əsasən vətəndaş X1 öz ərizəsinə əsasən MTK üzvlüyündən çıxarılması, "xxxx" MTK-ya məxsus olan və ünvan 6 ünvanda yerləşən binanın 1-ci giriş, 12-ci mərtəbəsində, 5 otaqlı, 19 saylı mənzilin və payın İddiaçı adına keçirilməsi qərara alınmışdır. İddiaçı ilə "xxxx" MTK arasında 30 dekabr 2016-cı il tarixli Əlavə-qaydalarla bağlı müqavilə imzalanmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********02 nömrəli məktubu ilə göndərilmiş ünvan 7 ünvanında yerləşən 19 saylı mənzilin texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə 5, faktiki 5, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 5, faktiki 5, yaşayış sahəsi faktiki 142.5 kv.m, köməkçi sahə faktiki 100.2 kv.m, ümumi sahə faktiki 242.7 kv.mdir. Layihə təqdim edilmədiyindən mənzilin mövcud vəziyyəti eskiz olub. Mənzil 10 mərtəbəli (1- ci mərtəbə və 2-ci mərtəbə-antresol q/yaşayış) binanın mansard mərtəbəsində yerləşir. Ümumi say tərkibinə daxildir: 1-ci mərtəbə və antresol (2-ci mərtəbə) qeyri-yaşayış, 2-10 mərtəbə 2 qapıdan 18 mənzil, 2 blok x 2 = 36 + hər blok mansard. 1 mənzil + 2 = 38 mənzil. Binanın layihəsi arxivdə yoxdur. MTK təqdim edən layihə akta əlavə edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 sentyabr 2023-cü il tarixli, 3-35- 1/2-2375/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989-cu məhəllə ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının tikintisinə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 86 saylı sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktı ilə ünvan 8 ünvanda 10+mansarda mərtəbəli, 2 girişli (antresollu 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) yaşayış binasının istismara qəbul edilməsi qərara alınmışdır. Aktda obyektin göstəriciləri: mənzillərin sayı 38, qeyri-yaşayış sahəsi 907,2 kv.m, zirzəmi sahəsi 453,7 kv.m, mərtəbənin sayı 10+mansard, girişlərin sayı 2 olaraq qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubunda bildirilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, məhəllə 989 ünvanında inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 86 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında mansard mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir”. -Həmçinin, məhkəmənin sorğusuna əsasən "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı uzun müddətdir ki, ünvan 10 ünvanında 19 saylı mənzildə yaşayır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, ”mübahisəli binanın istismara qəbul aktında yalnız 1-ci mərtəbə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğundan, 2-10-cu mərtəbələri yaşayış mənzillərinin yerləşdiyi mərtəbələr olduğundan, 11-ci mərtəbənin isə mansard hissə kimi qeyd edilməklə qeyri-yaşayış sahəsi kimi layihələndirilmədiyindən həmin hissə həm də qeyri-yaşayış sahəsi təyinatında əmlak hüququ ilə qeydiyyata alına bilməz. Başqa sözlə, adıçəkilən istismara qəbul aktında sözügedən binanın 10-cu mərtəbənin üst hissəsində-11-ci (mansard hissə) mərtəbəsində hər hansı yaşayış mənzilinin və qeyri-yaşayış sahəsinin mövcudluğuna dair qeydlər edilməmişdir. Halbuki, sahənin yaşayış sahəsi kimi qəbul olunması yalnız həmin sahənin mənzil kimi istifadəsinə əsas olan sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməsinə dair səlahiyyətli orqanın müvafiq sənədi təqdim etdiyi halda mümkündür. Hazırkı iş üzrə adıçəkilən binanın istismara qəbul edilməsi haqqında dövlət komissiyasının aktında mansard hissənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istismara qəbul olunması nəzərdə tutulmamışdır. Belə olan halda cavabdehin iddia olunan mansard hissədə yerləşən sahə üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı işin hallarından görünür ki, "xxxx" MTK–nın üzvlərinin ümumi yığıncağının 30 dekabr 2016-cı il tarixli Protokolundan çıxarışa əsasən X1 ərizəsinə əsasən sonuncu MTK üzvlüyündən çıxarılmış, ona məxsus olan "xxxx" MTK-nın tikdiyi ünvan 11 ünvanda yerləşən binanın 1-ci giriş, 12-ci mərtəbəsində, 5 otaqlı, 19 saylı mənzilə olan pay İddiaçı adına keçirilmişdir. İddiaçı 30 dekabr 2016-cı il tarixdən MTK-nın üzvüdür və ona həmin əmlakın dəyərindən "xxxx" MTK-ya borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. İddiaçı sözügedən protokol, maliyyə arayışını əsas götürərək qeyd edilən əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddia olunan mənzilin mansard mərtəbəsində yerləşməklə həmin mərtəbənin isə yaşayış təyinatlı olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı mənzilin yerləşdiyi mansard hissənin yaşayış sahəsi kimi istifadə edildiyini nəzərə alaraq 19 saylı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində çardaqların (mansarda mərtəbəsinin) binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi nəzərdə tutulsa da, 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində mansarda mərtəbəsi binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: ... (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... - (maddə 8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... - (maddə 8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Kooperativ üzvlərinin yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi öhdəliyi daşıyır. Belə ki, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, "xxxx" MTK-ya üzv qəbul edilmiş və onun Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binada 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilin payçısı olduğunu təsdiq edən və mübahisəli qeyri-yaşayış sahəsinin pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Məhkəmə kollegiyası hazırki mübahisə üzrə tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan mansarda mərtəbədə yerləşən sahənin pay haqqını tam ödəmiş, sahənin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmiş və tikinti obyektinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş imtina üçün hər hansı bir əsas mövcud olmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin mansarda mərtəbəsində yerləşdiyini və həmin sahəyə görə pay haqqının tam ödənildiyini, həmin sahənin yerləşdiyi binanın istismara qəbul edildiyini, mövcud qanunvericiliyə əsasən mansarda mərtəbəsinin yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulduğunu, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan imtina hallarının mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9081/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9081/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binada 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar