Məhkəmə qərarları › İş №2-1(103)-1757/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1757/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1757/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməklə plan və ölçüsünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15740/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, ümumi torpaq sahəsi 0,25 ha olan 20 L saylı bağın koordinatlarının və naturada yerinin müəyyən edilməsi və həmin torpaq sahəsinə dair yeni “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-15740/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)-1447/2013 saylı qərarına əsasən onun iddiası təmin edilərək İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.1990-cı il tarixli 17710 saylı icarə müqaviləsi ilə ayrılmış Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivində 20L saylı 0.25 ha bağ sahəsinə Kazımov islam Cəbrayıl oğluna Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.1990-cı il tarixli 17711 saylı icarə müqaviləsi ilə ayrılmış Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivində 20M saylı 0.25 ha bağ sahəsinə və qeyrilərinə plan-ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmiş, həmin qərar qanuni qüvvəsini alaraq bu barədə müvafiq plan-ölçülər verilmiş, bundan sonra isə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarış və plan ölçülər tərtib edilmişdir. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həmin məhkəmə çəkişməsi üzrə cavabdeh olmamış, eləcə də ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin hüquqi varisi deyildir. Bu əsasla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2in(82)-1447/2013 saylı qərarının icrasının hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb etmək mümkün deyildir. Göründüy kimi iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizə təmin edilməmiş, imtinaya əsas kimi göstərilmişdir ki, qeyd olunan ünvanda daşınmaz əmlakla bağlı mübahisənin mövcudluğu barədə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3030/2018 saylı 03.12 2018-ci ıl tarixli və 2(103)-2563/2022 saylı xx.xx.2022-ci il tarixli bildirişləri, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)- 5570/2017 saylı xx.xx.2017-ci il tarixli və 2-1(82)-1220/2015 saylı xx.xx.2015-ci il tarixli sərəncamları, Ali Məhkəmənin 2-1(102)-1703/2019 saylı xx.xx.2019-cu il tarixli və 2- 1(102)-1074/2017 saylı xx.xx.2017-ci il tarixli bildirişləri daxil olmuş, lakin qanuni qüvvəsini almış məhkəmənin yekun aktı idarəyə daxil olmamışdır. Halbuki, cavabdeh inzibatı orqan həmin məhkəmə çəkişmələri üzrə tərəf qismində iştirak etmiş və bütün məhkəmə çəkişmələrində nümayəndə ilə təmsil olunmuş və məhkəmə aktları rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Sadəcə cavabdeh inzbati orqanın əməkdaşları özlərinə bir qədər əziyyət verib həmin məhkəmə aktlarını arxivdən götürməyə tənbəllik etmişlər. Bundan başqa, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2in(82)-1447/2013 saylı qərarının icrasının təmin edilməsi barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, ona həmin məhkəmə aktında cavabdeh qismində göstərilən dövlət qurumunun 2015-cı ildə ləğv edilməsi əsası ilə imtina edilmişdir. Bu halı məhkəmənin arxivində mövcud olan 2in(82)-1447/2013 saylı işin materialları ilə müəyyən etmək olar. Göründüyü kimi, iddiaçı ilkin olaraq məhkəmə aktının icrası ilə, daha sonra isə müstəqil iddia tələbləri ilə eyni məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin lakın hər iki variantda ona imtina edilmişdir. Bu hal iddiaçının ədalətli məhkəmə araşdırması və məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, hazırki iddia tələbində İddiaçı xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, ümumi torpaq sahəsi 0,25 ha olan 20 L saylı bağın koordinatlarının və naturada yerinin müəyyən edilməsinin və həmin torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1447/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 28 avqust 1990-cı il tarixli 17710 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20 “L” saylı 0,25 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı mövcuddur. Bu səbəbdən də eyni iddia tələbinə yenidən baxıla bilməz və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qərarının düzgün və ya tam icra edilməməsi eyni tələblə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə əsas vermir. Hazırki halda iddiaçı qeyd olunan qərarın icra edilməsini tələb etməlidir. Lakin göründüyü kimi müvafiq məhkəmə araşdırması iddiaçının hazırda mübahisə açdığı tələblə bağlı aparılmışdır və hazırki iddiasında iddiaçı həmin qərarın icrası ilə bağlı cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirir. Qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi isə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. İddiaçı icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayətlə müraciət etməli olduğu halda, ayrıca inzibati iddia vermişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15740/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar