Məhkəmə qərarları › İş №2-1(103)-1757/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1757/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1757/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-12297/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185762 nömrəli qərarın 2022-2023-cü illər üzrə 0.97 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona hesablanmış 0.49 manat maliyyə sanksiyası, 2020-ci il üçün 1465.80 manat ödəmə mənbəyindən tutulan vergi və ona hesablanmış 732.90 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs İddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış və cəmiyyətin adına müvafiq olaraq VÖEN: ********** və müvafiq ƏDV bildirişi verilmişdir. Fiziki şəxs İddiaçı faktiki olaraq un və çörək məmulatlarının hazırlanması və satışı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. Fiziki şəxs İddiaçı barəsində 2016-cı ildən hal-hazırki vaxta kimi bir neçə dəfə vergi yoxlamaları keçirilmiş və fiziki şəxsin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək vergi ödəyicisində sonuncu mübahisələndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması aprel 2020 - mart 2023cü il olan dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə fiziki şəxs tərəfindən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, mədaxil məbləğlərini göstərən sənədlər, qaiməfakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar yoxlama gününədək fiziki şəxs tərəfindən vergi orqanına təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə baxmayaraq, xx.xx.2024-cü il tarixdə **********172872 saylı səyyar vergi yoxlaması aktı tərtib edilərək yenidən həmin dövrə, xx.xx.2024-cü il tarixli **********185762 saylı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qərarı çıxarılmışdır. Yoxlama dövrünə 2020-2023-cü illər üçün 565.209,73 manat ƏDV-nin azaldılması müəyyən edilmiş, bütün bunlara müvafiq 282.604,88 manat maliyyə sanksiyası hesablanmışdır. xx.xx.2024-cü il tarixli **********172872 saylı səyyar vergi yoxlaması aktı tərtib edilərkən heç bir vergi qanunvericiliyinin normalarına riayət edilməmiş, əsası olmayan hesablamalar aparılmış, qanunsuz olaraq dövriyyə formalaşdırılmışdır. Göründüyü kimi fiziki şəxs İddiaçı barəsində səyyar vergi yoxlaması nəticəsində çıxarılmış vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarı ilə müəssisəyə obyektiv olmayan əsassız vergilər hesablanmışdır, əlavə hesablanmış vergilər Vergi Məcəlləsində və digər qanunvericilikdə nəzərdə tutulmamış, heç bir hüquqi əsaslara söykənməyən, təxəyyül cədvəl əsasında aparılmışdır ki, bu da öz növbəsində bank hesablarına sərəncamların qoyulması və dondurulması ilə bağlı olaraq, əsassız borc məbləğinin tələb edilməsi ilə bağlı vergi ödəyicisinin əmlakının siyahıya alınması və hərraca çıxarılması, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması riskləri yaratmışdır. Səyyar vergi yoxlaması zamanı fiziki şəxsin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azaldılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. Bütün bunlar göstərir ki, vergi ödəyicisinə qarşı qərəzli mövqe tutulmuş, ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salınsa bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 13 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının hesablamaları guya elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlar isə heç bir rəsmi sənədə, ciddi mühasibatlıq sənədlərinə bağlı deyildir. Belə ki, bütün mühasibatlıq sənədləri vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmamışdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2024-cü il tarixli məsuliyyət qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni ƏDV-nin 565.209,73 manat azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal qaydada hazırlanmışdır. Vergi orqanın istinad etdiyi “Excel” cədvəldən götürdüyü işlərin Respublikanın aparıcı marketlər şəbəkəsi olan “Bravo” ilə aparılması, bu halda isə heç bir qara mühasibatlıq hallarına yol verilməsinin istisna olunması halları, kassa sistemindən çıxarılan zet çıxarışlarının obyektiv qiymətləndirilməməsi sonda əsassız vergilərin hesablanmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı səyyar vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi vergi orqanının xx.xx.2024-cü il tarixli **********185762 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əməl olunmamaqla qəbul edildiyindən Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə əsasən ləğv olunmalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat blankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat - adi “Excel” cədvəl əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki, gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq bəyannamələrindən götürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər. Bu halda da həmin elektron məlumat digər sənədlər ilə təsdiq olunmalıdır. Əks halda bu məlumat proqram təminatının texniki xətası kimi qəbul olunur. Sistemdə və anbarda olan malların kəmiyyət göstəriciləri və həmin göstəricilərə uyğun olan elektron qaimələr düzgün qiymətləndirilməmişdir. Adi riyazi qaydada bunlar tutuşdurulsa idi əlavə vergi hesablamasına heç bir ehtiyac qalmırdı. Təbii ki, vergi orqanı qərəzli olaraq bunları etməmişdir. Vergi orqanının gəlir və xərcə birtərəfli yanaşması əsaslı hesab olunarsa, yenə də həmin məlumat qanuni hesab olunaraq, istifadə oluna bilməz. Çünki, Vergi Məcəlləsinin 43.2.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərinin iştiraki ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Bu maddələrin tələbi və vergi ödəyicisinin mənafenin qorunması qaydada qablaşdırılması və möhürlənməlidir. Əks halda, həmin məlumatın həqiqiliyi sual doğurur. Hətta, vergi ödəyicisində əvvəlki dövrlərdə aparılmış vergi yoxlaması zamanı qat-qat aşağı məbləğlərdə vergi hesablamasının olması müəyyən edilmişdir, vergilərin azadılması faktları mövcud olmamışdır. Bunlar hamısı fiziki şəxs İddiaçı qarşı qeyri-obyektiv mövqeni nümayiş etdirir. Eyni zamanda, vergi ödəyicisinin vergi orqanına qarşı etimadının itməsinə səbəb olur. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir. Səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırılmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Yoxlama üzrə vergilərin hesablanması zamanı vergi orqanı tərəfindən götürülmüş elektron daşıyıcıların və sənədlərin nədən ibarət olması və bu cür elektron daşıyıcılarda nə zaman, hansı dəyişikliklərin edilməsi, eyni zamanda rəqəmlərin, məlumatların həqiqliyi, müəssisə tərəfindən həmin məlumatların təsdiqlənməsi barədə məlumat yoxdur və bu hallar ümumiyyətlə araşdırılmamışdır. Səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlama zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət olunmamış, mütəxəssis rəyi alınmamışdır. Beləliklə, həqiqi olmayan və əsaslılığı olmayan məlumatlar əsasında yuxarıda qeyd olunan vergilərin hesablanması qanunsuzdur və hüquqların pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər və heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 55-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması halında şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Cavabdeh inzibati orqanın iddiaya etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətinin yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (bundan sonra - cavabdeh) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171279 nömrəli qərarı ilə xx.xx.2020-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********172872 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********185762 nömrəli qərar çıxarılmışdır. Səyyar vergisi yoxlamasının gedişatında cavabdehin xx.xx.2023-cü il tarixli **********7806, **********117813, **********7805, **********7810, **********7818, **********807, **********7804, **********7812, **********7811, **********7803 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarlarının icrası zamanı fiziki şəxs İddiaçı fiziki və elektron daşıyıcılarda götürülmüş sənədlərdən istifadə edilməklə əlavə vergilər hesablanmışdır. Fərdi sahibkar İddiaçı yoxlanılan dövrdə şirniyyat məhsullarının istehsalı və respublika ərazisində satışı fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, fərdi sahibkar İddiaçı xx.xx.2017-ci il tarixli **********11 nömrəli qeydiyyat şəhadətnaməsi ilə "xxxx" ASC X5 qeydiyyatdadır. Vergi Məcəlləsinin 102.1.21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə gəlir vergisindən azad edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən keçirilən əməliyyat tədbirləri zamanı vergi ödəyicisində istismar olunan kompüterlərdən 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar götürülmüşdür. Götürülmüş elektron daşıyıcılarda “Oven 1” qovluğunda 2020-2022-ci illər üzrə “Oven mühasib 1” qovluğunda 1C hesabatına aid satış məlumatları 2020- 2022-ci ilə aid “Microsoft excel” proqramında tərtib olunmuş satış məlumatları aşkar edilmişdir. Fərdi sahibkar İddiaçı xx.xx.2017-ci il tarixdə ƏDV qeydiyyatına dair ərizə ilə vergi orqanına müraciət edərək xx.xx.2017-ci il tarixdən **********4 saylı ƏDV şəhadətnaməsi ilə ƏDV uçotuna alınmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə (xx.xx.2020-xx.xx.2023) baza məlumatlarına (kameral yoxlama ilə təsdiqlənmiş ƏDV bəyannamələrinə) əsasən 6.801.435,26 manat daxil olmuş məbləğdən 1.224.258,34 manat ƏDV hesablanmış, idxal əməliyyatları zamanı gömrük orqanında ödənilmiş 12.247,07 manat və daxildə alınmış mallara görə ödənilmiş 695.464,09 manat ƏDV məbləği əvəzləşdirilərək, eləcə də əvəzləşdirilməsinə yol verilməyən 211.865,04 manat nəzərə alınmaqla büdcəyə hesablanan ƏDV məbləği 728.412,22 manat olmuşdur. Yoxlanılan dövr ərzində qeyd edilən fayllardan əldə edilən “ilkin mühasibatlıq” sənədlərinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan əməliyyatlardan daxil olma (ƏDV-siz) 9.995.536,72 manat, ƏDV-dən azad olunan üzrə əməliyyatlardan isə 2.774.018,11 manat olmaqla, cəmi 12.769.554,83 manat daxilolma aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən aidiyyəti vergi orqanına yoxlanılan dövr ərzində təqdim edilmiş baza məlumatlarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan əməliyyatlardan daxil olma (ƏDV-siz) 6.801.435,26 manat, ƏDV-dən azad olunan üzrə əməliyyatlardan isə 2.727.827,14 manat olmaqla, cəmi 9.529.262,40 manat göstərilmişdir. Beləliklə, ƏDV-yə cəlb olunan əməliyyatlardan daxil olma üzrə 3.194.101,46 manat (9.995.536,72 – 6.801.435,26) kənarlaşma yaranmışdır. Daxil olma üzrə yoxlanılan dövr ərzində Vergi Məcəlləsinin 159.1.və 161.1-ci maddələrinə əsasən büdcəyə əlavə hesablanmış ƏDV 574.938,26 manat (3194101,46*18%), eləcə də Vergi Məcəlləsinin 175.1 maddəsinə əsasən e-qaimə üzrə 1085,96 manat artıq əvəzləşdirilən ƏDV məbləği və əvəzləşdirilməsinə yol verilməyən 38104,59 manat nəzərə alınmaqla yoxlama ilə qeyd edilən dövr üzrə büdcəyə 537.919,63 manat (574.938,26+1085,96- 38104,59) ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 159.1, 161.1 və 175.1-ci maddələrinə uyğun olaraq 537.919,63 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən aylar üzrə azaldılmış məbləğin 50% miqdarında 281.871,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Fərdi sahibkar tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə “Sosial sığorta haqqında” Qanunun 15-ci, “Tibbi sığorta haqqında” Qanunun 15-10-cu maddəsinə və “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə bəyannamələri aidiyyəti üzrə təqdim etmişdir. Yoxlanılan dövr ərzində sahibkar tərəfindən 4,60 manat MDSS, işsizlikdən sığorta və icbari tibbi sığortası haqqı artıq hesablandığı, 0,97 manat isə azaldıldığı müəyyən edilmişdir. Azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% məbləğində, yəni 0,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Fərdi sahibkar yoxlanılan dövr ərzində ÖMV üzrə tədiyyəçi olmuş və vergi ödəyicisi tərəfindən büdcəyə 61429,06 manat ödəmə mənbəyində tutulan vergi hesablanaraq ödənilməsi təmin edilmişdir. Yoxlama ilə yoxlanılan dövr ərzində büdcəyə 62894,86 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Yoxlama ilə icarə haqqının 2020-ci ilin 2-ci rübü üzrə 20939,39 manat azaldılması nəticəsində ÖMV məbləğinin 1465,80 manat (62894,86- 61429,06) az göstərilməsi müəyyən edilmişdir (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi üzrə Vergi Məcəlləsinin 224.6-cı maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır). Azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% məbləğində, yəni 732,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə isə, 539.381,80 manat (537.919,62+1465,80) vergilər hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 282.604,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir hüquqi əsası olmayan dəlillərlə xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əlavə hesablanmış vergiləri vergi orqanı Vergi Məcəlləsində və digər qanunvericilikdə nəzərdə tutulmamış, heç bir hüquqi əsaslara söykənməyən təxəyyül cədvəlləri əsasında aparmışdır. Yəni, bu məlumatlar heç bir sənədə, ciddi mühasibatlıq sənədlərinə bağlı deyildir. İddiaçının bu dəlilinə münasibətdə bildirilməlidir ki, OVN tədbiri zamanı vergi ödəyicisində istismar olunan kompüterlərdən 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar götürülmüşdür. Götürülmüş elektron daşıyıcılarda “Oven 1” qovluğunda 2020-2022-ci illər üzrə, "Oven mühasib 1" qovluğunda 1C hesabatına aid satış məlumatları 2020-2022-ci ilə aid “Microsoft excel” proqramında tərtib olunmuş satış məlumatları aşkar edilmişdir. Həmçinin, səyyar vergi yoxlamasında istifadə olunmuş elektron məlumatların xx.xx.2023-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı iddiaçıya məxsus obyektdəki kompüterlərdən aşkarlanaraq götürülməsi prosesi vergi orqanı əməkdaşlarının video (foto) müşahidəsi (çəkilişi) ilə həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi yoxlamanın əhatə etdiyi dövrdə də qanunvericilikdə mövcud olmuşdur və yuxarıda qeyd olunanlar iddiaçıdan götürülmüş elektron yaddaş qurğusunda olan məlumatların mənbəyi bəlli olan məlumatlar olduğunu sübut edir. Səyyar vergi yoxlaması müəssisədən operativ vergi nəzarəti zamanı götürülmüş elektron sənədlər və həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi bəyannamələrində olan məlumata və 83.2.4-cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar istifadə etməklə hesablamaq hüququ vardır. Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyə əsasən nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar-cədvəllər ilkin uçot sənədi hesab edilir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə olan halda iddiaçının dəlil kimi qeyd etdiyi “elektron yaddaş qurğusunda olan məlumatlar əsas götürülməklə vergilərin hesablanması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır” ifadəsi təkzib edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Eyni zamanda, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bu Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı özünə məxsus vergidən yayınma sxemi qurmuşdur. Belə ki, Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanlarının hüququdur. Qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlaması ilə hesablanmış vergilər tam olaraq qanuni və əsaslıdır. Digər tərəfdən iddiaçı iddia edir ki, səyyar vergi yoxlaması 13 ay ərzində aparılmışdır. Bununla da vergi orqanı yoxlamanı həyata keçirən zaman prosessual pozuntuya yol vermişdir. İddiaçının qeyd edilən dəlilinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı aşağıdakı xüsusi qaydalar nəzərdə tutulmuşdur: “Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.” (VM, 38.2); “Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.” (VM, 38.4). “Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır); • Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; • Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; • Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; • Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda - xarici ölkədən cavab alınanadək; • Bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək.” (VM, 38.7). Hazırkı iş üzrə yoxlamanın müddəti 274 gün dayandırılmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2023-cü il tarixli **********172855 nömrəli və xx.xx.2024-cü il tarixli **********181249 nömrəli qərarlarla yoxlamanın müddəti hər biri 30 iş günü olmaqla iki dəfə artırılmışdır (xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlar etiraza əlavə edilir). Sadalanan normalardan da göründüyü kimi, səyyar vergi yoxlamasının müddəti 90 iş gününədək artırıla, 9 aydan çox olmamaqla dayandırıla bilər. Belə olan halda yoxlamanın müddəti vergi qanunvericiliyinin tələblərindən kənara çıxmamaqla artırılmış və dayandırılmışdır. Səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində müddətin uzadılması, dayandırılması barədə qərarların nömrəsi qeyd edilmiş, həmin qərarların qəbul edilməsinin səbəbi qanunvericiliyə müvafiq olaraq əsaslandırılmışdır. İddiaçının digər bir dəlili isə mübahisələndirilən xx.xx.2024-cü il tarixli məsuliyyət qərarının Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə müvafiq olaraq əsaslandırılmaması olmuşdur. İddiaçının qeyd olunan dəlili ilə əlaqədar olaraq bildirilir ki, mübahisələndirilən məsuliyyət qərarı xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmiş, həmin aktda vergi qanunvericiliyinin pozulması şəraiti, işin faktiki və hüquqi halları ətraflı göstərilmişdir. Həmçinin, qeyd olunan məsələ ilə bağlı Ali Məhkəmənin mövqeyi bu əsasla məsuliyyət qərarının ləğvinin düzgün olmadığıdır. Belə ki, Ali Məhkəmə xx.xx.2017-ci il tarixli qərarında aşağıdakıları bildirmişdir: “...Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərarda və əsasən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o, anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, lakin yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir, çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarlar ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarının ehtimallarını yaradır” (5-ci səhifə, 4-6-cı abzaslar). İddiaçı həmçinin iddia ərizəsində qeyd edir ki, yoxlamanın aparılması üçün lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərini, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmişdir. Yoxlama zamanı vergilərin hesablanması üçün zəruri sənədlərin vergi ödəcisindən tələb edilməsinə baxmayaraq, fiziki şəxs İddiaçı heç bir səbəb göstərmədən yoxlanılan dövr üzrə NKA çıxarışları, təqdim olunmuş e-qaimə fakturaları, malların (iş, xidmətlərin) alınmasına dair müqavilələr, mal-materiallara dair qalıq sənədlərindən başqa yoxlamanın tam və dolğun keçirilməsi üçün fiziki şəxsdə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə aparılan OVN tədbiri zamanı əldə edilən qeyri-rəsmi satış üzrə əldə olunan gəlirlərlə bağlı xərclərə dair digər sənədləri yoxlamaya təqdim etməmişdir. Bu hal vergi ödəyicisinin iştirakı ilə tərtib edilərək imzası ilə təsdiq edilən xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. İddiaçının digər əsassız dəlili ondan ibarətdir ki, səyyar vergi yoxlaması aktından da göründüyü kimi yoxlama zamanı vergi orqanı tərəfindən ekspert və ya mütəxəssis dəvət olunmamışdır. İddiaçının bu dəlilinə münasibətdə bildirilir ki, səyyar vergi yoxlaması aktının 1.9.4 və 1.9.5-ci bəndlərindən də göründüyü kimi istehsal olunan məhsulların real bazar qiymətini müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli **********174023 nömrəli və **********18174025 nömrəli qərarlarla ekspert və mütəxəssis dəvət edilsə də Azərbaycan Respublikası Ticarət və Sanaye Palatasının məktubu ilə istehsal olunan məhsulların çeşidlərinin çox olması və yarımfabrikat halında satılması səbəbindən real bazar qiymətlərinin müəyyənləşdirilməsinin mümkün olmaması bildirilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: • onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); • vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Qeyd olunanlardan da göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2024cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər, vergi hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12297/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim C.Quliyev) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185762 nömrəli qərarın 2022-2023-cü illər üzrə 0.97 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona hesablanmış 0.49 manat maliyyə sanksiyası, 2020-ci il üçün 1465.80 manat ödəmə mənbəyindən tutulan vergi və ona hesablanmış 732.90 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12297/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, vergi orqanının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Səyyar vergi yoxlaması zamanı istehsal olunan məhsulların real bazar qiymətini müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli **********174023 nömrəli və **********174025 nömrəli qərarlarla ekspert və mütəxəssis dəvət edilsə də, Azərbaycan Respublikası Ticarət və Sanaye Palatasının məktubu ilə istehsal olunan məhsulların çeşidlərinin çox olması və yarımfabrikat halında satılması səbəbindən real bazar qiymətlərinin müəyyənləşdirilməsinin mümkün olmaması bildirilmişdir. OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona məxsus olan təsərrüfat subyektində aşkar edilmişdir və həmin məlumatlarda müəssisənin adı, eləcə də satış həyata keçirdiyi digər şəxslərin adları, satılmış malların həcmi və dəyəri aydın şəkildə qeyd edilmişdir. Bundan başqa iddiaçının fəaliyyət göstərdiyi ünvanda keçirilmiş OVN zamanı özündə qara mühasibatlıq sənədlərini əks etdirən cədvəllər və digər mühasibatlıq sənədləri İddiaçı iştirakı ilə götürülmüş və bu barədə xx.xx.2023-cü il tarixli 006059 nömrəli Protokol tərtib edilərək, sonuncu tərəfindən imzalanmışdır. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi yoxlamanın əhatə etdiyi dövrdə qanunvericilikdə mövcud olmuşdur və yuxarıda qeyd olunanlar iddiaçıdan götürülmüş elektron yaddaş qurğusunda olan məlumatların mənbəyi bəlli olan məlumatlar olduğunu sübut edir. Məhkəmə vergilərin hesablanması əsasları ilə mühasibat uçotunun aparılması qaydalarını fərqləndirməmiş və bu istiqamətləri eyni xətt hesab etdiyi üçün vergilərin hesablanması əsasları zamanı mütləq şəkildə rəsmi sənədlərə istinad edilməsini vacib tələb hesab etmişdir. Məhkəmə mühasibat uçotunun aparılması qaydaları üzrə qanunvericiliklə müəyyən olunmuş tələbləri vergilərin hesablanması əsasları ilə tam eyniləşdirərək normaların rəqabəti zamanı xüsusi normanın tətbiqinin vacibliyini unutmuşdur. Nəticə etibarı ilə elektron məlumatlar ilkin uçot sənədləri üzrə tələblərə cavab verir, digər tərəfdən də həmin tələblərə cavab vermədiyi təqdirdə belə vergilərin hesablanması əsaslarını təşkil etmək üzrə hüquqi əsasa sahibdir. Qeyd olunan hüquqi əsaslar və onların şərhi yuxarıda ətraflı şəkildə izah olunmuşdur. Məhkəmənin elektron daşıyıcılarda əks olunan sənədlərə-cədvəllərə mənbəyi bəlli olan əlaqəli məlumat kimi qiymət verməməsi heç bir hüquqi və faktiki əsaslandırma aparmadan həyata keçirildiyi üçün əsaslı sayıla bilməz. Məhkəmə nəzərə almamışdır ki, sübutlar aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərkən, sübut mümkün hesab edilmədikdə əsaslandırılmalı, daha sonra isə həmin məlumat və ya sənədin mötəbərlik üzrə qiymətləndirilməsi həyata keçirilməlidir. Bu faktın özü məhkəmənin ədalətli məhkəmə araşdırması hüququnu ciddi pozduğuna işarədir. Digər tərəfdən, məhkəmə sübutları qiymətləndirərkən fərdin maraqları ilə ictimai maraqlar arasında ədalətli balansı gözləməmiş və tarazlığı pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında olan: - “Səyyar vergi yoxlaması” aktının 1.8, 1.9.4, 1.9.5, 3.1-ci bəndlərində göstərilmişdir: “...Səyyar vergisi yoxlaması zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023 tarixli **********7806, **********7813, **********7805, **********7810, **********7818, **********7804, **********7812, **********7811, **********7803 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarların icrası zamanı fərdi sahibkar İddiaçı (VÖEN **********) fiziki və elektron daşıyıcılarda sənədlər götürülmüşdür. Götürülmüş sənədlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində göstərilən vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Səyyar vergisi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********171350 saylı Tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş və Tələbnaməyə əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ilkin sənədlər yoxlamaya təqdim edilmişdir. - Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan hüquqi sənədləri, baza məlumatları, bank hesabında çıxarışlar, xx.xx.2023-cü il tarixli **********171350 nömrəli təlabnamə əsasında təqdim olunmuş kassa mədaxil orderləri, mallann alış aktları, müqavilələr, əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, e-qaimələr, əmək müqavilələri, NKA-nın çıxarışları və səyyar vergi yoxlamasının predmetinə aid olan digər sənədlər əsasında aparılmış, eyni zamanda, yoxlama zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********7806, **********7813, **********7805, **********7810, **********7818, **********807, **********7804, **********7812, **********7811, **********7803 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarlarına əsasən əldə olunan fiziki və elektron daşıyıcılarda sənədlərdən istifadə edilmişdir. - “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən keçirilən əməliyyat tədbirləri zamanı vergi ödəyicisində istismar olunan kompyuterlərdən 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar götürülmüşdür. Götürülmüş elektron daşıyıcılarda “Oven 1” qovluğunda 2020-2022-ci illər üzrə “Oven mühasib 1” qovluğunda 1C hesabatına aid satış məlumatları 2020- 2022-ci ilə aid “Microsoft excel” proqramında tərtib olunmuş satış məlumatları aşkar edilmişdir. - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3958, **********3961, **********3962, **********3963, **********3964, **********3965 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına əsasən keçirilən əməliyyat tədbirləri zamanı götürülən məlumatların bilavasitə vergi ödəyicisinin həmin fəaliyyəti ilə bağlı olduğu, mühasibat uçotu və vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamə məlumatlarından fərqli olduğu üçün hesablama operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlər əsasında müəyyən edilmişdir. - Yoxlanılan xx.xx.2020-xx.xx.2023-cü il tarixdə istehsal olunan məhsulların real bazar qiymətlərini müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasından xx.xx.2023-cü il tarixli **********174023 nömrəli qərara əsasən ekspert dəvət edilmiş, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının **********555500 saylı məktubu ilə istehsal olunan məhsulların çeşidlərinin çox olması və yarımfabrikat halında satılması səbəbindən real bazar qiymətlərinin müəyyənləşdirilməsinin mümkün olmaması bildirilmişdir. - Yoxlanılan xx.xx.2020-xx.xx.2023-cü il tarixdə istehsal olunan məhsulların istehsal həcmini müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasından xx.xx.2023-cü il tarixli **********18174025 nömrəli qərara əsasən mütəxəssis dəvət edilmiş, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının **********555500 saylı məktubu ilə istehsal olunan məhsulların çoxluğundan və yarımfabrikat halında satıldığından istehsal həcmini müəyyənləşdirilməsinin mümkün olmaması bildirilmişdir. - xx.xx.2024-cü il tarixli, **********172872 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda nəticə olaraq aşağıdakılar göstərilmişdir: yoxlanılan dövrdə ƏDV-nin aylar üzrə azaldılmış 537.919,63 manat azaldılması müəyyən edildi və VM-nin 58.1-ci maddəsinə əsasən aylar üzrə azaldılmış məbləğin 50% miqdarında, yəni 281.871,49 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Yoxlanılan dövr ərzində sahibkar tərəfindən 4,60 manat MDSS, işsizlikdən sığorta və icbari tibbi sığortası haqqı artıq hesablandığı müəyyən edildi. Eyni zamanda, MDSS işsizlikdən sığorta və icbari tibbi sığortası haqqının 0.97 manat azaldılmasına görə VM-nin 58.1-ci maddəsinə əsasən aylar üzrə azaldılmış məbləğin 50% miqdarında, yəni 0.49 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Bundan başqa, ÖMV-nin 1465,80 manat azaldılmasına görə VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50% miqdarında, yəni 732,90 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Ümumilikdə isə, 539.381,80 manat vergilərin və Vergi Məcəlləsinin 58.1 və 58.15 maddələrinə əsasən 282.604,88 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Qeyd edilənlərdən başqa, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə azaldılmış 3.240.292,43 manat məbləğin 6% miqdarında 194.417,55 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur.” - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185762 nömrəli qərar ilə vergi ödəyicisi İddiaçı yuxarıda qeyd edildiyi şəkildə vergi məsuliyyətinə cəlb edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “...aparılan səyyar vergi yoxlaması ilə götürülmüş elektron daşıyıcılarda “Oven 1” qovluğunda 2020-2022-ci illər üzrə və "Oven mühasib 1" qovluğunda “1C” hesabatına aid satış məlumatlarına əsasən 2020-ci ildə ƏDV-yə cəlb edilən dövriyyənin 361.015,63 manat, 2021-ci ildə 2.163.278,28 manat, 2022-ci il üzrə isə 669.807,55 manat az göstərildiyi müəyyən edilmişdir. Bununla da yoxlama ilə 2020-ci ilin dekabr ayı üzrə azaldılmış 59.508,65 manat ƏDV məbləği ilə 2020-ci ilin aprel-noyabr ayı üzrə artıq hesablanmış 25.203,52 manat ƏDV məbləği nəzərə alınmaqla, 2020-ci il üzrə büdcəyə əlavə 34.305,13 manat hesablanmışdır. 2021-ci il üzrə 383.585,81 manat azaldılmış ƏDV ilə artıq hesablanmış 3,06 manat nəzərə alınmaqla, büdcəyə əlavə olaraq 383.582,75 manat 2022-ci il üzrə 120.648,51 manat azaldılmış ƏDV ilə artıq hesablanmış 542,54 manat ƏDV nəzərə alınmaqla, büdcəyə 120.106,27 manat ƏDV-nin az hesablandığı, 2023-cü il üzrə isə (yanvar-mart ayları) büdcəyə 74,52 manat ƏDV-nin artıq hesablandığı müəyyən edilmişdir. Əməliyyatlar "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və X6 (VÖEN **********) ilə aparılmışdır. Fərdi sahibkar İddiaçı (VÖEN **********) qeyd edilən vergi ödəyiciləri ilə “1C” hesabatına aid satış qiymətləri ilə deyil, elektron qaimə-fakturada qeyd edilən satış qiymətləri ilə hesablaşmalar aparmış və malların miqdarı üzrə kənarlaşmalar müəyyən edilməmişdir. İddiaçı hazırkı iddia ilə müraciət etməkdə hüquqi marağı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185762 nömrəli qərarın 2022-2023-cü illər üzrə 0.97 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona hesablanmış 0.49 manat maliyyə sanksiyası, 2020-ci il üçün 1465.80 manat ödəmə mənbəyindən tutulan vergi və ona hesablanmış 732.90 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, satılmış malların miqdarı ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Bunu məhkəmə sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görmək olar. Mübahisə malların qiyməti ilə bağlıdır. Cavabdeh orqan satılmış malların real qiymətinin “qara mühasibatlıq” sənədlərindəki qiymət olmasını iddia edir. İnzibati orqan tərəfindən satılmış malların “qara mühasibatlıq” sənədlərindəki qiymət ilə satılıb-satılmamasını, həmin malların hansı qiymətə alınmasını aydınlaşdırmaq yönümündə heç bir araşdırma aparılmamışdır. Halbuki, qeyd edilən məsələlər həm vergi ödəyicisi, həm vergi orqanı, həm də həmin malların alışını həyata keçirmiş digər vergi ödəyiciləri üçün mühüm əhəmiyyət daşıyır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, alıcıları müəyyən etməli, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Eyni zamanda, cavabdeh orqan Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlardan istifadə etməklə satılmış malların reallıqda hansı qiymətə satılmasını müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmışdır Cavabdeh inzibati orqan tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona məxsus olan təsərrüfat subyektində aşkar edilmişdir və həmin məlumatlarda müəssisənin adı, eləcə də satış həyata keçirdiyi digər şəxslərin adları, satılmış malların həcmi və dəyəri aydın şəkildə qeyd edilmişdir. Bundan başqa, iddiaçının fəaliyyət göstərdiyi ünvanda keçirilmiş OVN zamanı özündə qara mühasibatlıq sənədlərini əks etdirən cədvəllər və digər mühasibatlıq sənədləri İddiaçı iştirakı ilə götürülmüş və bu barədə xx.xx.2023-cü il tarixli 006059 nömrəli Protokol tərtib edilərək, sonuncu tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakılara əsasən qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. - 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. - 54-cü maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 3.1-ci maddəsinə əsasən yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi - alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, satılan malın reallıqda hansı qiymətə satılması, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması və sair. müəyyən olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə tərəfindən cavabdeh orqana sorğu göndərilərək digər məsələlərin aydınlaşdırılması ilə yanaşı - İddiaçı qərar üzrə əlavə hesablanmış vergi məbləğləri ilə bağlı onun tərəfindən satılmış malların Alıcı tərəfindən hansı məbləğdə alınmasına; vergi orqanı tərəfindən Alıcı olan həmin vergi ödəyicilərində aparılmış yoxlama zamanı hazırki mübahisə üzrə satılmış malların hansı məbləğ(lər) üzrə qəbul edilməsinə aydınlıq gətirilməsi xahiş edilmiş, lakin sorğuya cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda sorğuda göstərilmiş digər məsələlərə münasibət bildirilsə də, yuxarıda qeyd edilən məsələlərə münasibət bildirilməmişdir. Bunun əksi olaraq, işin araşdırılması zamanı (işdə olan sənədlərə əsasən) müəyyən edilmişdir ki, Alıcılar tərəfindən də Satıcının (iddiaçının) satmış olduğu mallar vergi orqanı tərəfindən iddia edilən qiymətə deyil, bəyan edilmiş qiymətlərlə satılması təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi digər dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12297/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar