Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1759/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakı ilə vətəndaşlığa mənsubiyyətin olmamasının tanınması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2465/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmamasının tanınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı əyani təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün xx.xx.2018-ci il tarixli R4681/t nömrəli məktubla cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının vətəndaşı olması əsası ilə cavabdehin xx.xx.2018-ci il tarixli 4880/i nömrəli qərarı ilə müraciət təmin edilməmişdir. xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmasına baxmayaraq iddiaçı ilkin olaraq Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir və bunu ona verilmiş xx.xx.2006-cı il tarixdə l-AZ seriyalı 024639 nömrəli Rusiya Federasiyasının vətəndaşlığına mənsub olmağına dair əlavə vərəq də təsdiq edir. Əgər iddiaçı Azərbaycan Respublikasının vətəndaşı sayılırdısa sual yaranır ki, nəyə görə 2017-ci ilin əvvəllərində Bakıda olanda onun barəsində xx.xx.2017-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmişdir? İddiaçının Azərbaycan dövləti qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan öhdəlikləri yoxdur. Bununla əlaqədar, iddiaçı dəfələrlə vəsatətlərlə cavabdehə müraciət etsə də, onun müraciətlərinə müsbət cavab verilməmişdir. Sonuncu dəfə iddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmamasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı müddəalar ona şamil olunmur. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, iddiaçı xx.xx.2018-ci il tarixdə iddia ərizəsində göstərilən tələblə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və müraciətinin təmin edilməməsi barədə xx.xx.2018-ci il tarixdə qərar qəbul edilmişdir. Belə ki, şəxs müvəqqəti yaşama icazəsinin əldə olunması ilə bağlı xx.xx.2018-ci il tarixdə DMX-ya müraciət etmiş və həmin müraciətə baxılaraq Miqrasiya Məcəlləsinin 50.0.2-ci maddəsinə əsasən (Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə) ona imtina edilmiş və bu barədə xx.xx.2018-ci il tarixli qərar ünvanına göndərilmişdir. Buna səbəb kimi iddiaçı tərəfindən müvəqqəti yaşama icazəsinin verilməsi barədə ərizə-anketdə yalan məlumatın göstərilməsi olmuşdur, şəxs tərəfindən ərizədə yalnız Rusiya Federasiyasının vətəndaşı olduğu göstərilmiş, lakin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədə - şəxsiyyət vəsiqəsinə malik olduğu göstərilmişdir. Bundan başqa, şəxs yuxarıda göstərilən DMX-nin qərarından iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, sonradan iddia ərizəsini geri götürmüşdür. Bundan başqa, şəxs xx.xx.2019-cu il tarixdə vətəndaşlıq məsələsi ilə əlaqədar DMX-ya müraciət etmiş, DMX tərəfindən şəxsə cavab olaraq onun vətəndaşlıq məsələsinin həlli istiqamətində məlumat xarakterli xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarın əsaslarına görə, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olduğu iş materialları ilə sübuta yetirildiyindən, cavabdehin hərəkətləri qanuni və əsaslıdır. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (AR Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanan 5-ci maddəsinin tələblərinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən həmin qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşının həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması əsas şərtdir. İddiaçı heç zaman Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müvafiq dövlət orqanına müraciət etməmişdir. Eyni zamanda, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Lakin, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, iddiaçı 5ci maddənin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına düşmür. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2659/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-601/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixdə verilən İ-AZ 024639 nömrəli Doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, iddiaçı xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur, atası X6, anası X3r. Azərbaycan Respublikasının 16 yaşına çatmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-anketə görə, iddiaçının anası X5 xx.xx.2014-cü il tarixdə AR DİN ASAN-Sumqayıta müraciət edərək, oğluna şəxsiyyət vəsiqəsinin verilməsini və ünvan 2 Yataqxana-3 ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının vətəndaşının xx.xx.2014-cü il tarixdə AR DİN ASAN- Sumqayıt tərəfindən verilmiş AZE 12572502 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur, atası Azər Rəfiyev, anası Sona Rəfiyevadır, yaşayış yeri ünvan 2 Yataqxana-3 ünvandır, şəxsiyyət vəsiqəsi xx.xx.2014-cü il tarixədək etibarlıdır. X1 haqqında şəhadətnaməyə uşağın Rusiya Federasiyasının vətəndaşı olmasını təsdiq edən xx.xx.2006-cı il tarixdə verilmiş 1-VQ ******* nömrəli içliyə görə, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Rusiya Federasiyasının xx.xx.2016-cı il tarixdə verilən P 53 ******* nömrəli pasportuna əsasən, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Cavabdehin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” xx.xx.2018-ci il tarixli 4880/i nömrəli qərarından müəyyən edilir ki, Xidmət rəisinin birinci müavini İİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev xx.xx.1998-ci il təvəllüdlü Rafi Emilə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2018-ci il tarixli R4681/İ nömrəli müraciətinə baxarkən məlum olmuşdur ki, Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2018-ci il tarixli müraciətində əyani təhsil (ali) əsasında Rafi Emilə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində Rafi Emilin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş, “İnzibati icraat haqqında” AR Qanununun 59-cu maddəsi və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.0.2-ci maddəsi rəhbər tutularaq qərara alınmışdır ki, Azərbaycan Dövlət X2 Emilə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2018-ci il tarixli müraciəti təmin edilməsin. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmamasının tanınması barədə xx.xx.2019-cu il tarixli ərizəsinə cavabdehin xx.xx.2019-cu il tarixli K/12 1720 nömrəli məktubunda göstərilmişdir ki, “Sizin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2019-cu il tarixdə daxil olmuş R-2458 (2860/ə) nömrəli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Odur ki, tərəfinizdən Rusiya Federasiyasının vətəndaşlığının qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 2014-cü il 1 iyul tarixindən əvvəl əldə edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlığını itirmə ilə bağlı müddəalar sizə şamil olunmur. Bundan başqa, Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına əsasən Sizin Azərbaycan Respublikası vətəndaşlığınıza xitam verilməsi müəyyən edilməmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Həmçinin “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi və tələb olunan sənədləri Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı tələb olunan sənədlərin siyahısı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) tanış ola bilərsiniz.” Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Burada həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya verilmiş sözügedən şəxsiyyət vəsiqəsinin hansı tarixə qədər etibarlı olması məsələsi, yəni, hazırda qüvvədə olub-olmaması məsələləri, həmçinin iddiaçıda hal-hazırda şəxsiyyət vəsiqəsinin olubolmaması araşdırılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetində oxuduğu zaman hansı hüquqi statusla Azərbaycan Respublikasında yaşadığını, burada müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı cavabdehə müraciət etdiyini hansı zərurətdən yarandığını araşdırmayaraq, cavabdehin xx xxxxxx 2018-ci il tarixli, 4880/ş saylı qərarı ilə kifayətlənmişdir. Eyni zamanda, iddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində ******* və ******* saylı bildirişlərlə müvafiq olaraq xx xxxxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikası tərəfindən qeydiyyata alınması barədə işdə sənədlər mövcuddur (iş vərəqləri 22, 23). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin məsələ də araşdırılmamış qalmışdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus AZE 12572502 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2014-cü il tarixədək etibarlı olmuşdur, həmin vəsiqə hazırda qüvvədə deyil, iddiaçının vəkili məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı sonradan yeni şəxsiyyət vəsiqəsi almamışdır. İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetində oxuduğu zaman xarici dövlətin (Rusiya Federasiyasının) vətəndaşı statusu ilə Azərbaycan Respublikasında yaşamışdır və bu əsasla xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərədək cavabdehdə qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun: 6-cı maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır; 11-ci maddəsinə görə, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü bəndinə görə: 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə cavabdehə müraciət etməsə də, o, Azərbaycan Respublikasının vətəndaşlığını “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinə əsasən, yəni Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının vətəndaşından doğulması əsası ilə əldə etmişdir. Bu halın təsdiqi kimi, iddiaçının 16 yaşı tamam olmadığından ona Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün anası “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” AR Qanununda nəzərdə tutulan qaydada müraciət etmiş, bundan sonra iddiaçıya xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının vətəndaşlığını və Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir. Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçının Rusiya Federasiyasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Bu mənada, Azərbaycan Respublikasının vətəndaşı olduğu halda iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetində oxuduğu vaxt Azərbaycan Respublikasında xarici dövlətin vətəndaşı statusu ilə yaşaması və bu əsasla onun cavabdehdə qeydiyyata alınması, sonuncunun nümayəndəsinin məhkəmə kollegiyasının iclasında bildirdiyi kimi, iddiaçının Azərbaycana gələrkən dövlət sərhədini Rusiya Federasiyasının vətəndaşının pasportu ilə keçməsinin nəticəsidir ki, bu halı aşkar etdiyi andan düzəltmək inzibati orqan olaraq cavabdehin vəzifəsidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmamasının tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2465/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1759/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1759/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver