Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1759/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı torpaq sahəsi dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1043/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına ünvan 1 ünvanda yerləşən 600 kv metr torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 600 kv metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 600 kvm torpaq sahəsi 10.05.1972-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 tərəfindən iddiaçıya bağışlanmışdır. Həmin müqavilədə də qeyd olunduğu kimi torpaq sahəsi Bakı səhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi X1 04.05.1972- ci il tarixli 1344 nömrəli qərarına (arayışına) əsasən X3 verilmişdir. ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi bağışlandığı vaxtdan iddiaçının istifadəsindədir və iddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə əlaqədar cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məktubu ilə torpaq sahəsinə dair qanunvericiliyə uyğun sənəd təqdim edilmədiyini bildirərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, qeyd edilən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir və ona qanunamüvafiq şəkildə verilmişdir. Cavabdehin məhkəməyə təqdim edilmiş 12.03.2021-ci il tarixli, **********10 saylı etirazında göstərilmişdir ki, hazırki iş üzrə iddia etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun sənədlər təqdim edilməmişdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Bu barədə vətəndaşa **********24 saylı, 15.05.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Belə ki, 29.06.2004-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 17.06.2003-cü il tarixdə Mülki Məcəllənin yeni redaksiyada verilmiş 146-cı maddəsinin 3cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, 2015-ci tarixli fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş və iddiaçı tərəfindən bu siyahıda da nəzərdə tutulmuş hər hansı sənəd təqdim edilməmişdir. Bundan əlavə, sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sonda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2-1(112)-1043/2021 saylı qərarından görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 600 kv metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddiaya dair etirazına uyğun əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarənda olan: - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 15.05.2020ci il tarixli, **********24 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun sənədlər təqdim edilməmişdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə iddiaçının müraciətinə yenidən baxılacaqdır. - ünvan 3 ünvanında yerləşən 600 kvm torpaq sahəsinə dair İddiaçı ilə X5 arasında notarial qaydada bağlanmış 10.05.1972-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsində yerləşən sahəsi 20 kv.m olan fərdi yaşayış evi X5 tərəfindən iddiaçıya bağışlanmışdır. - İş materiallarında olan Əzizbəyov rayon X4 Sovetinin icraiyyə komitəsi tərəfindən verilmiş 04 may 1972-ci il tarixli, 1344 saylı arayışdan görünür ki, Şüvəlan qəsəbəsi 6A-da yerləşən 20 kv.m sahəsi olan 1 otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur, mülkün yerləşdiyi torpaq sahəsi 600 kv.metrdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05.08.2020-ci il tarixli, 512 nömrəli məktubundan görünür ki, keçmiş Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi X1 arxiv sənədləri, o cümlədən 04.05.1972-ci il tarixli 1344 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.09.2020-ci il tarixli **********44 saylı məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin X3 ayrılması barədə Bakı şəhəri, Əzizbəyov rayonu,Şüvəlan qəsəbəsi X1 04.05.1972-ci il tarixli 1344 nömrəli qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq olmuş surətlərinin təqdim edilməsi barədə məhkəmənin 19 avqust 2020-ci il tarixli 2- 1(112)-4834/2020 nömrəli məktubuna Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. "xxxx" MMC-nin arxivində aparılmış araşdırma zamanı ünvan 5 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin X3 ayrılması barədə sənəd və məlumat aşkar olunmamışdır. - “Hüquq və Torpaq Məsələləri” məhdud məsuliyyətli cəmiyyətinin verilmiş 01.02.2021-ci il tarixli 06 saylı mütəxəssis rəyindən görünür ki, 1.Notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin faktiki ölçüsü 600 kv.metrdir. 2. Notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqlarına aiddir. 3. Notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin hər hansı hissəsi mühafizə zonasına (qaz kəmərinin və s.) düşmür. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayaraq iddia tələbini təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı özəlləşdirmək istədiyi daşınmaz əmlakla bağlı notarial qaydada bağlanmış 10.05.1972-ci il tarixli bağışlama müqaviləsini cavabdehə təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmastnın (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə notariat qaydada bağlanmış müqavilə yuxarıda qeyd edilən Qanunun 8.0.3-cü maddəsində göstərilən aktlardan biri hesab edildiyindən, cavabdeh inzibati orqanın ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsinə istinad etməsi ilə bağlı hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya məhkəməsində, nə də hazırki məhkəmə kollegiyasının iclasında yuxarıda göstərilən halların heç birinə rast gəlinməmiş, buna dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 6a ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu qeyd etsə də, buna dair məhkəməyə hər hansı sənəd və ya sübut təqdim etməmiş, qərarın qanunsuz olduğunu əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1043/2021 saylı, 12 mart 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1759/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1759/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver