Məhkəmə qərarları › İş №2-1(103)-176/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-176/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-176/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya məbləğlərindəki fərqin hesablanaraq ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2990/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2990/2019 saylı 14 noyabr 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (31.05.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ qrup əlilliyə görə aldığı əmək pensiyası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsindən 01.06.2018-ci ildən hərbi qulluqçu kimi İİ qrup əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsinın cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 14.02.2020-ci il tarixli 2-1(103)-401/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2990/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir (sədrlik edən və məruzəçi V.Həsənov, hakimlər M.Tağızadə və Ü.Mayılov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 05.08.2020-ci il tarixli 2-1(102)- 1305/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 14.02.2020-ci il tarixli 2-1(103)-401/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Şəfiyev, hakimlər Z.Quliyev və R.Nəbizadə). Məhkəmə kollegiyasının 04.11.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinə müraciət edərək, 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (31.05.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ qrup əlilliyə görə aldığı əmək pensiyası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsindən 01.06.2018-ci ildən hərbi qulluqçu kimi İİ qrup əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrindəhərbi xidmət dövründə aldığı yaralanma (travma) nəticəsində o sağlamlığını itirmiş və ona 25.01.1994-cü il tarixdən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı, 25.01.1994-cü il tarixdən 31.05.2018-ci il tarixədək DSMF-nin Səbail rayonu şöbəsindən əmək pensiyasını almışdır, 01.06.2018-ci il tarixdən isə iddiaçıya 2-ci dərəcəli əlilliyə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqi əsasında hərbi qulluqçu kimi pensiya təyin olunmuş, DSMF-nin Səbail rayon şöbəsi tərəfindən ödənilən pensiya isə dayandırılmışdır. Bu zaman DSMF-nin Səbail rayon şöbəsindən aldığı pensiya ilə iddiaçıya hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərqin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi qərara alınmışdır. Lakin, hesab edir ki, iddiaçıya yalnız sonuncu 3 ilin yox, 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqi hesablanaraq ödənilməlidir. Bununla əlaqədar o, 13.05.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin müraciəti nəticəsiz qalmışdır. Hesab edir ki, onun əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ 01.01.2006-cı ildən yaranmışdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Məhkəmə kollegiyasının ilkin iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında göğstərmişdir ki, iddiaçıya 01.06.2018-ci il tarixdən etibarən hərbi qulluqçu kimi «Azərbyacan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə qeyd olunan pensiyanın alınması ilə əlaqədar 04.05.2018-ci ildə müraciət etmişdir. İddiaçının müraciət etdiyi tarixdə «Əmək Pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin aşağıdakı redaksiyası qüvvədə idi. «Əmək Pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bununla əlaqədar olaraq iddiaçıya keçmiş müddət üçün hesablanmış 4224,83 manat məbləğində vəsait hər ay əmək pensiyasının üzərinə gəlinməklə ödənilir. İddiaçının əmək pensiyasının məbləği 27.04.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən hesablanmışdır. Hətta müəyyən olunsa belə ki, iddiaçının tələbi 2006- ci ildən etibarən ödənilməlidir. Həmin dövrə 2018-ci il tarixli məlumat vərəqəsi əsasında müəyyən edilmiş təminat xərcliyinə uyğun əmək pensiyası hesablana bilməz. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsindən, cavabdehə ünvanlanmış ərizəsindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Səbail rayon şöbəsinin 23.05.2019-cu il tarixli arayışından, cavabdeh tərəfindən tərtib edilmiş iddiaçıya aid pensiyaçının uçot vərəqinə, cavabdehin 18/1583 nömrəli 11.03.2018-ci il tarixli qərarından, iddiaçı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş məlumat vərəqindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Səbail rayon şöbəsinin cavabdehə ünvanlanmış 10.05.2018-ci il tarixli məktubundan, Azərbaycan Respublikası DSMF-nin Səbail şöbəsi tərəfindən tərtib edilmiş pensiyaçının 220026 nömrəli uçot vərəqindən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ixtisası hərbçidir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbçisi olmuşdur, 25.01.1994-cü ildən 31.05.2018-ci ilə qədər olan müddət ərzində 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır, 01.06.2018-ci ildən etibarən iddiaçıya cavabdeh tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqinə əsasən hərbi qulluqçu kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bu zaman pensiya fondu tərəfindən DSMF-nin Səbail rayon şöbəsindən hesablanaraq ödənilən pensiya ilə iddiaçıya cavabdeh tərəfindən hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasındakı 3 illik fərqin cavabdeh tərəfindən ödənilməsi qərara alınmışdır. İddiaçı 2019-cu ilin mart ayında cavabdehə müraciət edrək 01.06.2006-cı ildən 01.06.2015-ci ilə qədər olan müddət üçün pensiya fərqinin ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 12.2-ci (Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri) maddəsinə əsasən hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20-ci ( Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinin 20.16.-ci bəndinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.2-ci (Əmək pensiyasının təyin edilməsi müddətləri) maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçıhərbi xidmət dövrü aldığı yaralanma (travma) nəticəsində sağlamlığını itirmiş və ona 25.01.1994-cü il tarixdən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının hərbi qulluqçu kimi əmək pensiya almaq hüququ artıq 1994-cü ildə yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi 01.06.2018-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci ilə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzərdə tutulmuşdu. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı İddiaçı Səməndər oğluna 01.01.2006-cı il tarixdən 01.06.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (31.05.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ qrup əlilliyə görə aldığı əmək pensiyası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsindən 01.06.2018-ci ildən hərbi qulluqçu kimi İİ qrup əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Həmçinin, Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşin hallarından göründüyü kimi, iddiaçı hesab edir ki, 01.01.2006-cı ildən tarixdən 01.01.2015-ci il tarixədək olan müddət üçün sonrakı pensiya məbləği arasındakı fərq hesablanıb ona ödənilməlidir. Cavabdehin etirazından göründüyü kimi, iddiaçının əlilliyinin səbəb əlaqəsi TSEK tərəfindən 01.06.2018-ci il tarixdə dəyişdirildiyinə və ödənilmiş üç illik müddətdən daha əvvəl üçün fərqin hesablanıb ödənilməsini əsassız sayır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 №-li qərarı ilə təsdiq edilmiş və 2016-cı il 5 fevral tarixinədək qüvvədə olan «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin müddəaları (bəndləri) ilə aşağıdakılar müəyyən edilmişdir: 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun) müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları»na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir; 3.1. Tibbi-sosial ekspert komissiyaları: həyat fəaliyyətinin məhdudlaşmasının dərəcəsini və xarakterini müəyyən edir; müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən edir;həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. 5.1. Əlillik müddəti «Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə»yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.4. Müayinə olunan şəxs tibbi-sosial ekspert komnissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. İlkin X1nın qərarlarından məhkəməyə şikayət verilə bilər. Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş «Tibbi sosial ekspert komissiyaları haqqında» Əsasnamədə aşağıdakı qaydalar müəyyən olunmuşdur: 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və X7 Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEKin vəzifələrindən biridir. 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.4.TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. 5.5.TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İşin halları ilə müəyyən edilir ki, iddiaçının 1994-cü ildə ilkin olaraq TSEK-in qərarı ilə əlilliyi və onun səbəb əlaqəsi müəyyən edilmiş, lakin həmin qərardan iddiaçı şikayət verməmiş, hüquqi nəticələri 01.06.2018-ci ildə TSEK-in növbəti bir qərarı ilə əlilliyin səbəb əlaqəsi dəyişdirilənədək mövcud olmuş və hal-hazırda da həmin qərar ləğv olunmamış, etibarsız sayılmamışdır. Kassasiya insyansiya məhkəməsi qərarında nəzərə almışdır ki, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir vəTSEK-in belə qərarları inzibati aktdır. Bu halda işin düzgün həlli üçün həmin inzibati akt işə əlavə olunmalı, məzmunu tədqiq olunmalı və yalnız bundan sonra həmin aktla müəyyən olunan hallar məhkəmə üçün əsas ola bilərdi. Hazırki işdə isə iddiaçının əlil hesab olunması barədə nə ilkin rəy, nə də sonrakı rəy işə əlavə olunmadığından məhkəmə kollegiyası AR ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərmişdir AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Aqentliyinin məhkəməyə göndərdiyi 24.12.2020-ci il tarixli, **********4 saylı məktuba əlavə edilmiş 1517 nömrəli müayinə aktından çıxarışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü olan İddiaçı İİ qrup əlillik 28.12.1993-cü ildəm müddətsiz olaraq müəyyən edilmişdir, əlillik səbəbi Azərbaycan Respublikasıının müdafiəsi zamanı yaranıb Beləliklə iddiaçının əlilliyinin dərəcəsi, müddəti, səbəbi və əlilliyin baş vermə tarixi 28.12.1993-cü il tarixdən müddətsiz olaraq müəyyən edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2990/2019 saylı 14 noyabr 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar