Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1760/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin texniki inventarlaşdırılmasının aparılması və mənzilə dair sxemin tərtib edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3938/2021 saylı 06 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət olan mənzilə texniki inventarlaşdırılmasının keçirilməsi və mənzilə dair sxemin tərtib olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onda ünvan 1 ünvanında yerləşən mənzilə dair texnikipasport, texnikiplan sahəsi de-yuro və de-fakto ayrıdır. Cavabdeh orqan çoxdandır texniki inventarlaşdırılmanı keçirtmir və mənzilin sxemini tərtib etmir. Dəfələrlə rəsmi və şəxsi müraciət etmişdir. Lakin heç bir müsbət nəticə yoxdur. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2021 saylı 06 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ş.Həsənova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, mənzilin paylı mülkiyyətçisidir. Mənzilin texniki pasportu və çıxarışında mülkiyyətçi kimi onun adı gedir və ona görə də onun obyektiv və subyektiv hüquqları vardır. Məhkəmə onun eyni əsasla iddia qaldırdığı üçün iddiasını mümkün saymamışdır. Lakin qanunvericiliklə iddia qaldırmağa limit qoyulmamışdır. Məhkəmə heç bir obyektiv araşdırma aparmamış və yenidən iddiasını mümkünsüz hesab etmişdir. Sonda iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət olan mənzilə texniki inventarlaşdırılmasının keçirilməsi və mənzilə dair sxemin tərtib olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və müəyyən edilmişdir ki, İddiaçı hazırkı tələbi ilə eyni inzibati orqana qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, lakin Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)6852/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli, 21(103)-692/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-6852/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəmənin 20.10.2020-ci il tarixli, 2-1(112)- 6852/2020 nömrəli qərardadında qeyd olunmuş mövqeyini nəzərə almadan təkrar eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-6852/2020 nömrəli qərardadı qanuni qüvvəyə minmədiyi halda İnzibati Prosessual Məcəllənin 45.5.1-ci maddəsinə, qanuni qüvvəyə mindiyi halda isə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2- 1(112)-6852/2020 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin texniki inventarlaşdırılmasının aparılaraq bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçının qeyd olunan qərardaddan verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli, 21(103)-692/2021 nömrəli qərardadı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı artıq hazırkı tələbi ilə eyni inzibati orqana qarşı iddia qaldırmış və məhkəmə qərarları ilə onun iddiası mümkün sayılmamışdır. İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı Plenumunun Qərarının 1.1-ci maddəsinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2021 saylı 06 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1760/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1760/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver