Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1760/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Təhsildə X1rşı “diplomun üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7173/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu B19 seriyalı 075727 nömrəli 27 iyun 2019-cu il tarixli diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsil almaq məqsədi ilə X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinə daxil olmuş və 2019-cu ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. İddiaçı həmin təhsil müəssisəsi üzrə qeyd edilən ixtisasla bağlı bütün tədris proqramında iştirak edərək, həmin proqramı tam şəkildə mənimsəmiş, aidiyyəti üzrə bütün sessiya və rüblərdə dərs və imtahanlarda iştirakçı olmuşdur. Ali təhsili başa vuraraq telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunmağı ilə bağlı iddiaçıya 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 nömrəli bakalavr diplomu təqdim edilmişdir. Bundan sonra o, qanunvericiliyin tələblərinə müvafiq olaraq X2 Universitetinin “radio mühəndisliyi” fakultəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün aidiyyəti üzrə müraciət etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 5 mart 2020-ci il tarixli Q-83/03-TKTA saylı imtina cavabı ilə iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsindən (nostrifikasiyasından) imtina edilmişdir. İmtinaya səbəb kimi X2 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə guya qısa müddət ərzində olması, bununla da diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olması göstərilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 5 mart 2020-ci il tarixli Q-83/03-TKTA saylı imtina cavabı tam əsassız və qanunsuz olmaqla yanaşı iddiaçının qanuni müraciətinə imtina vermək üçün tərtib edilmiş cavabdır. İddiaçı X2 Universitetinin “radio mühəndisliyi” fakültəsində təhsil aldığı dövr ərzində mütəmadi olaraq keçirilmiş sessiyalarda iştirak etmiş, dərslərə davamiyyətli olmuş, bütün məqbul və imtahanlarda iştirak etmişdir. Bu faktın təsdiqi kimi iddiaçının ümumvətəndaşlıq (xarici) pasportundakı aidiyyəti qeydlərə nəzər salmaq kifayət edəcəkdir. Həmin qeydlərdə iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” fakültəsində təhsil aldığı dövr ərzində Ukrayna Respublikasına mütəmadi gediş-gəlişinin olduğu, həmin gediş-gəlişlə bağlı aidiyyəti qeydlərin onun ümumvətəndaşlıq (xarici) pasportunda olduğu (qeyd edildiyi) fakt üzrə öz təsdiqini tapmaqdadır. Hesab olunur ki, iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsindən (nostrifikasiyasından) imtina əsassız və qanunsuz olduğundan, hazırkı işə məhkəmə qaydasında baxılmaqla, iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin tələblərinə müvafiq olardı. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının sənədləri araşdırılarkən, onun diplom üzrə ixtisasının AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmiş və bu barədə ərizəçinin şəxsi elektron kabinetinə 17 fevral 2020-ci il tarixdə müvafiq məlumat göndərilmişdir. Həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 14 gün, İİ il - 18 gün, İİİ il - 14 gün, İV il - 14 gün, V il - 23 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. İddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinin, AR Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 4.1-ci bəndinin, AR Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2-ci bəndinin tələblərinə əsasən belə görünür ki, İddiaçı aldığı təhsilin məzmunu və müddəti Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent olan təhsilin məzmunu və müddətinə, habelə dövlət təhsil standartlarına uyğun gəlmir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-860/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddia qismən təmin edilərək İddiaçı X2 Universiteti tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixdə B19 №075727 bakalavr diplomu üzrə ixtisasın tanınması ilə bağlı müraciətinə onunla təkrar müsahibənin aparılmaqla yenidən baxılması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh inzibati orqan tərəfindən 31 avqust 2021-ci il tarixli apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-309/2022 saylı 14.012022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-860/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlilik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işin məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7173/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının aldığı təhsilin həm məzmununun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrininin bakalavr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Halbuki, iddiaçının təhsil aldığı ölkədə olması müddətləri tələb olunan normativ müddətlərdən azdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma üçün tələb olunan şərtlər bir qədər yüngülləşdirilmiş və müddətlə bağlı tələb ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması ilə şərtləndirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı onun oğludur, təhsil aldığı ixtisas üzrə fəaliyyət göstərir, sahəsində peşəkardır, bir sıra sertifikatlar almışdır. Həmçinin, təhsil aldığı ali təhsil ocağı tərəfindən onun təhsili lazimi səviyyədə mənimsəməsinə dair diplom apostil olunmuş və iş materiallarında olan müvafiq arayışlar verilmişdir. Bundan əlavə, hazırda qüvvədə olan diplom üzrə tanınmaya dair qaydalara əsasən də cavabdehin qeyd etdiyi tələblər iddiaçı tərəfindən ödənilir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddia X2 Universitetinin “radio mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsini bitirməsinə dair həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş B19 seriyalı 075727 nömrəli 27 iyun 2019-cu il tarixli diplom üzrə ixtisasın cavabdeh tərəfindən tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) ilə bağlıdır. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı həmin ölkədə qısa müddətdə olduğundan, onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” (bundan sonra mətndə - Saziş): - 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. - 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. - 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. - 6-cı maddəsinə əsasən Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının: - 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. - 2.17-cı bəndinə əsasən İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq haqqında 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunla Azərbaycan Respublikası 05 oktyabrın 1961-ci il tarixli həmin Haaqa Konvensiyasına qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının: - 1-ci maddəsinə görə, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). - 2-ci maddəsinə əsasən, razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. - 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. - 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları nəzərə çatdırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli B19 seriyalı 075727 saylı diplomun notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinə daxil olmuş və 2019-cu ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. Təhsil forması qiyabi olmuşdur. Dövlət İmtahan Komissiyasının qərarı ilə (27 iyun 2019-cu il) ona bakalavr dərəcəsi verilmişdir. Diplom X2 Universitetinin “radio mühəndisliyi” tərəfindən AB19 №075727 nömrəsi ilə xx.xx.2019-cu il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Həmçinin, B19 seriyalı 075727 nömrəli diploma əlavədən görünür ki, İddiaçı X6 Telekomunikasiya Universtitetində təhsil aldığı müddətdə “Radio Mühəndislik, Telekomunikasiya Mühəndisliyi” ixtisası üzrə qiyabi formada təhsil almışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş Ukrayna Təhsil və Elm Nazirliyi Dövlət Telekommunikasiya Universitetinin xx.xx.2021-ci il tarixli № 23/113 saylı və xx.xx.2021-ci il tarixli 33/1342 saylı arxiv arayışlarından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı İddiaçı 2014-cü ildə Dövlət Telekommunikasiya Universiteti Qiyabi və distant təhsil-tədris institutunun 6.050901 “Radiotexnika” hazırlıq istiqaməti üzrə fiziki şəxslərin vəsaitləri hesabına 1-ci kursuna qəbul olunmuşdur ( Əmr № 18-ist, xx.xx.2014-cü il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 18 gün ərzində qısa müddətdə (xx.xx.2014- xx.xx.2014;xx.xx.2014-xx.xx.2014;xx.xx.2015-xx.xx.2015) sessiya imtahanlarını vermişdir. 2015-ci ildə 1-ci kursdan qiyabi tədris forması ilə 2-ci kursa keçirilmişdir (əmr №05-49st, xx.xx.2015-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 19 gün ərzində qısa müddətdə (xx.xx.2015xx.xx.2015; xx.xx.2016- xx.xx.2016) sessiya imtahanlarını vermişdir; 2016-cı ildə 2-ci kursdan qiyabi tədris forması ilə 3-cü kursa keçirilmişdir (əmr №05-48st, xx.xx.2016-cı il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 15 gün ərzində qısa müddətdə (xx.xx.2016-xx.xx.2016; xx.xx.2017-xx.xx.2017) sessiya imtahanlarını vermişdir; 2017-ci ildə 3-cü kursdan qiyabi tədris forması ilə 4-cü kursa keçirilmişdir (əmr №05-70st, xx.xx.2017-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 14 gün ərzində qısa müddətdə (xx.xx.2017-xx.xx.2017;xx.xx.2018-xx.xx.2018) sessiya imtahanlarını vermişdir; 2018-ci ildə 4-cü kursdan qiyabi tədris forması ilə 5-ci kursa keçirilmişdir (əmr №05-56st, xx.xx.2018-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 24 gün ərzində qısa müddətdə (xx.xx.2018xx.xx.2018; xx.xx.2019- xx.xx.2019; xx.xx.2019-xx.xx.2019) sessiya imtahanlarını vermişdir. 2014-2019 tədris illərində təhsil aldığı zaman İddiaçı üçün fərdi məşğələlər təşkil edilmiş və xüsusi tədris proqramları hazırlanmışdır, o, həmin proqramları qısa müddətdə müvəffəqiyyətlə mənimsənmiş və nəticədə İddiaçı tədris planını tam həcmdə yerinə yetirmişdir. 2019-cu ildə 6.050901 "Radiotexnika" hazırlıq istiqaməti üzrə buraxılış ixtisas işini müvəffəqiyyətlə müdafiə etmiş və Dövlət imtahan komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə "Telekommunikasiya mühəndisliyi mütəxəssisi" ixtisası, müəyyən nümunəli bakalavr diplomu (diplom B19 №075727, xx.xx.2019-cu il, habelə diploma əlavə №4459099) verilib və təhsilin bitirməsi ilə əlaqədar çıxarılmışdır (əmr №05- 45st, xx.xx.2019-cu il). Universitetin mülkiyyət forması-dövlət mülkiyyəti. 6.050901 “ Radiotexnika” hazırlıq istiqaməti üzrə qiyabi tədris forması ilə normativ tədris müddəti 5 il təşkil edir. Yuxarıda qeyd edilən arayış iddiaçının həmin universitetdə təhsil aldığı zaman xüsusi tədris proqramlarını qısa müddətdə müvəffəqiyyətlə mənimsədiyini, nəticədə tədris planını tam həcmdə yerinə yetirdiyini təsdiqləyir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda tanınma üçün ümumi tələblər müəyyən edilmişdir. Həmin tələblərdən biri də hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması ilə bağlıdır. Təhsilin normativ müddətləri ilə bağlı isə müddəalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların: 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30- dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Aydın olduğu kimi, iddiaçı qiyabi formada bakalavriat təhsili almış, iş materiallarında olan Sərhədkeçmə məlumatlarından da göründüyü kimi iddiaçı təhsil aldığı ölkənin ərazisində İ il üzrə 14 gün, İİ il üzrə 18 gün, İİİ il üzrə 14 gün, İV il üzrə 14 gün, V il üzrə 23 gün olmuşdur. Yuxarıda sadalanan Qaydaların tələblərindən görünür ki, qiyabi forma üzrə normativ müddətin həcmi il ərzində 180-240 saat nəzərdə tutulur. Hazırda qüvvədə olan yeni qaydalara əsasən də tanınma üçün tələb olunan şərtlərdən birinin məhz normativ müddətin ən azı yarısı qədər ölkə ərazisində olması təşkil etdiyini nəzərə alaraq Məhkəmə kollegiyasının qənaəti belədir ki, iddiaçı tərəfindən tanınma üçün tələb olunan qeyd edilən şərt də ödənilir. Göründüyü kimi, cavabdeh inzibati orqan apellyasiya şikayətini formal mülahizələrlə əsaslandırmış, inzibati icraatı tələb olunan səviyyədə həyata keçirməmişdir. Belə ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun aldığı təhsil üzrə “telekommunikasiya mühəndisliyi” ixtisasını mənimsəmək baxımından yetərli olub-olmaması, habelə bu halın iddiaçının arzuladığı “diplom üzrə ixtisasın tanınması” məsələsinin müsbət həllindən imtina üçün tutarlı dəlil kimi çıxış etməsi konkret əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1504/2022 saylı xx.xx.2022 tarixli Qərarında qeyd edilmişdir ki:
29. Belə ki, apellyasiya məhkəməsi iddiaçının iddiasının əsassız olması qənaətinə gələrkən faktiki olaraq yalnız iddiaçının təhsil aldığı zaman Ukrayna Respublikasında qısa, yəni az müddətdə olmasını əsas götürmüşdür, halbuki əslində bu iddiaçının Ukrayna Respublikasında təhsil aldığı tədris müəssisəsinin daxili proseduruna aid olan məsələdir, ən vacib məqam isə iddiaçı tərəfindən təhsil proqramının mənimsənilibmənimsənilməməsidir ki, işin sözügedən halı apellyasiya məhkəməsi tərəfindən hərtərəfli olaraq araşdırılmamışdır.
30. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7173/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov