Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1760/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı qarşı “sənədləşmənin aparılması” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sənədləşmənin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə verərək cavabdehin 19 oktyabr 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsini və 2007-ci ildən ev tikmək məqsədi ilə ona ayrılmış 2 sot torpaq sahəsinin bələdiyyəyə aid olan sənədlərin hazırlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə evinə dair sənədlərin hazırlanması ilə əlaqədar müraciət edilmiş, qanunsuz imtina verilmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin razılığı və təklifi ilə torpaq sahəsi olmadığından Baksol yaşayış massivi ərazisində 2 sot su sahəsini öz şəxsi vəsaiti hesabına xərclə qrunt sularını dolduraraq yararlı vəziyyətə gətirmişdir. Torpaq sahəsini almaq üçün bələdiyyə hesabına pul köçürmüşdür və ona qəbz verilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmədiklərini, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İşin hallarından aydın olur ki, iddiaçının hüquqi marağı ev tikmək məqsədi ilə ona ayrılmış 2 sot torpaq sahəsinin bələdiyyəyə aid olan sənədlərin hazırlanması öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının:
144. Bələdiyyələrin səlahiyyətləri İ. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: .... 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; Torpaq Məcəlləsinin: 8.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qeyd olunan normalardan göründüyü kimi, bələdiyyələr yalnız onların mülkiyyətində olan torpaq sahələri üzərində sərəncam vermək səlahiyyətinə malikdir ki, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahəsinə dair bələdiyyənin sərəncam vermək səlahiyyətinin mövcudluğu istisna edilməlidir. Hazırkı iş üzrə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəylərindən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki ölçüsü 232 kv.m təşkil edir. Ərazinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mütəxəssis və ekspert rəyindən də göründüyü kimi bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsinə dair bələdiyyənin qərar qəbul edərək iddiaçının adına torpaq sahəsinin keçirilməsinə dair sənədləşmənin aparılması ilə əlaqədardır. Halbuki, dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına bələdiyyə tərəfindən sənədləşdirilməsi imkanının mövcudluğundan söhbət gedə bilməz. Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verilməsi, onun istifadə və icarəyə verilməsi səlahiyyətinə malikdir ki, iddia tələbi əsasında həmin səlahiyyətlərin icrasında hər hansı qanun pozuntusunun olub-olmaması, bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsini ayırmamasına dair dəlilləri mahiyyəti üzrə yoxlanıla bilsə də, torpaq sahəsinin mülkiyyətçisi olmayan bələdiyyədən həmin sənədləşmənin aparılmasına yönələn tələbin mahiyyəti üzrə qiymətləndirilməsi istisna edilir. Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya bildirir ki, bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermə səlahiyyətinə malik olduğundan, iddiaçının iddia etdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olduğundan, torpaq sahəsinin mülkiyyətçisi olmayan bələdiyyənin üzərinə müvafiq sənədləşmənin aparılmasına dair öhdəlik qoyulmasına dair iddia tələbi mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti formal mülahizlərdən ibarət olduğundan və apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut və ya hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-504/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.